Məhkəmə qərarları › İş №2(073)-660/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-660/2023

04.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-660/2023 04.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" ASC tərəfindən adına tərtib olunmuş 22 avqust 2022-ci il tarixli, 049230 nömrəli aktın etibarsız hesab olunması və akta əsasən abonent hesabına əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən adına tərtib olunmuş 22 avqust 2022ci il tarixli, 049230 nömrəli aktın etibarsız hesab olunması və akta əsasən abonent hesabına əsassız hesablanmış borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Qarazəncir kəndində yaşayır. Yaşadığı ərazidə hər vətəndaş kimi o, da aylıq ödənişləri vaxtında ödəmək şərti ilə elektrik enerjisindən istifadə edir. Cəlilabad elektrik şəbəkəsinin nəzarətçiləri onların yaşadıqları evə quraşdırılmış elektrik sayğacına baxış keçirmiş və sayğacı başqa sayğacla əvəz etmişlər. Lakin sonradan 22 avqust 2022ci il tarixdə "xxxx" ASC-nin Cəlilabad elektrik şəbəkəsinin əməkdaşları onun ailə üzvlərindən heç birinin iştirakı olmadan onun adına 049230 nömrəli akt tərtib etmişlər. Aktı isə onunla əsaslandırmışlar ki, guya onun yaşadığı evdə sayğacdan kənar elektrik enerjisindən istifadə edilmişdir. O, həmin aktdan məlumatı olduqdan sonra cavabdeh təşkilatın əməkdaşlarından məsələnin nədən ibarət olduğunu soruşduqda, ona sayğacda qüsur müəyyən olunduğunu və bu səbəbdən də onun adına cərimə yazıldığını bildirmişlər. O, hal-hazıradək istifadə etdiyi elektrik enerjisinin dəyərini hər ay davamlı olaraq ödəmişdir. Onun sayğaca müdaxilə olunmasından məlumatı olmamış və müdaxilə olunubsa da onun tərəfindən müdaxilə olunması sübuta yetirilməmişdir. Sayğaca hər hansı bir müdaxilə varsa belə, müdaxilə kənar şəxslər tərəfindən oluna bilər. Digər tərəfdən akt barədə ona məlumat verilməmiş və onun iştirakı olmadan tərtib edilmişdir. Hesab edir ki, "xxxx" ASC tərəfindən tərtib olunmuş 22 avqust 2022-ci il tarixli, 049230 nömrəli akt əsassız olduğundan etibarsız hesab olunmalıdır. Qeyd edilənlərin nəzərə alınaraq cavabdeh tərəfindən tərtib edilmiş 22 avqust 2022-ci il tarixli, 049230 nömrəli aktın etibarsız hesab edilməsi və akta əsasən abonent hesabına hesablanmış borcun silinməsinə dair qətnamə çıxarılmasnı xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 22 avqust 2022-ci il tarixli, 049230 saylı aktdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərək EEİQ-nin tələbinə uyğun yoxlama aparılmış, yoxlama zamanı abonentin sayğac sxeminə müdaxilə etməsi, faza ardıcıllığını pozaraq, kənardan 0 xəttini götürməklə elektrik enerjisindən istifadə etməsi aşkar olunmuşdur. İşdə olan İddiaçı müraciətinin araşdırılmasına dair 12 oktyabr 2022-ci il tarixli, 01 99/C-260/8203 saylı məktubdan görünür ki, İddiaçı elektrik enerjisi sərfiyyatına görə yaranmış borcun araşdırılması barədə "xxxx" ASC-yə daxil olmuş (xx.xx.2022-ci il tarixli, C-260 nömrəli) müraciətinə Müştəri Xidmətləri idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, **********4 (1509**********4 uçot nöqtəsi) nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, 22 avqust 2022-ci il tarixdə Cənub RETSİ-nin əməkdaşları tərəfindən elektrik enerjisinin uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılarkən, qeyri-yaşayış sahəsinə məxsus elektrik hesabat sayğacına müdaxilə edilməsi (faza ardıcıllığını pozularaq kənardan “0” xətti götürməklə elektrik enerjisindən istifadə edilmişdir) faktı aşkarlanaraq, RQ 049230 nömrəli akt tərtib edilmiş, 11286 kvt.s (1241,46 manat) dəyərində ödəniş sənədi hazırlanmışdır. İşdə olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 25 avqust 2022-ci il tarixli «Qeyri əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər»ə dair aktdan görünür ki, İddiaçı Cəlilabad rayonu Uzuntəpə kəndində quraşdırılmış **********4 (1509**********4) nömrəli elektrik hesabat sayğacı dövrədən kənarlaşdırılmış, itirilmiş elektrik enerjisinin dəyərinin cəmi 1241,46 manat olması təklif olunmuş və uçotun bərpa olunması tələb olunmuşdur. İşdə olan AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cəfərov X2 rayonu Qarazəncir kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ailə üzvləri ilə birlikdə Cəlilabad rayonunun Qarazəncir kəndində yaşayırlar və yaşadıqları həmin evdə elektrik sayğacı da quraşdırılmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus elektrik sayğacına baxış keçirilərək yoxlama aparılmış və yoxlama zamanı abonentin sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi əsası ilə iddiaçının adına 22 avqust 2022-ci il tarixli, 049230 saylı akt tərtib edilmişdir. Həmin akta əsasən abonentə itirilmiş enerjiyə görə borc hesablanmışdır. Lakin mübahisə predmeti olan həmin akt, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın tələbləri pozulmaqla tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» nın 8.16-ci bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» nın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin, X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Göründüyü kimi akt tərtib edilərkən "xxxx" ASC-nin əməkdaşları tərəfindən «Elektrik enerjisindən istifadə Qaydaları»-nın tələblərinə riayət edilməmişdir və bu hal məhkəməyə əsassız yazılmış borcun silinməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı oğlduğundan təmin edilərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 22 avqust 2022-ci il tarixli, 049230 saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında İddiaçı abonent hesabına hesablanmış borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı adına tərtib edilmiş 22 avqust 2022-ci il tarixli, 049230 saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında İddiaçı abonent hesabına hesablanmış borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar