Məhkəmə qərarları › İş №2(073)-674/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-674/2023

18.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-674/2023 18.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" ASC-nin əməkdaşları tərəfindən adına tərtib olunmuş 05 noyabr 2021-ci il tarixli, 237189 nömrəli aktın etibarsız hesab olunması və həmin akt əsasında yazılmış 601 manat cərimənin silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin əməkdaşları tərəfindən adına tərtib olunmuş 237189 nömrəli aktın etibarsız hesab olunması və həmin akt əsasında yazılmış 601 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu İncilli kəndində yaşayır. Yaşadığı evə quraşdırılmış elektrik sayğacından qanuni qaydada istifadə etməklə, aylıq ödənişləri vaxtında ödəmək şərti ilə elektrik enerjisindən istifadə edir. "xxxx" ASC-nin əməkdaşları 05 noyabr 2021-ci il tarixdə onun evinə quraşdırılmış elektrik sayğacına baxış keçirmişlər və sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyi üçün ona 601 manat borc yazmışlar. O, heç vaxt sayğaca müdaxilə etməmiş və hal-hazıradək istifadə etdiyi elektrik enerjisinin dəyərini hər ay davamlı olaraq ödəmişdir. Digər tərəfdən akt barədə ona məlumat verilməmiş və onun iştirakı olmadan tərtib edilmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq "xxxx" ASC-nin əməkdaşları tərəfindən adına tərtib olunmuş 05 noyabr 2021-ci il tarixli, 237189 nömrəli aktın etibarsız hesab olunması və həmin akt əsasında yazılmış 601 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasnı xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və yekun məhkəmə aktı çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 05 noyabr 2021-ci il tarixli, 237189 saylı aktdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərək EEİQ-nin qaydalarına uyğun yoxlama aparılmış, yoxlama zamanı abonentin sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi aşkar olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ailə Cəlilabad rayonunun İncilli kəndində yaşayır və yaşadığı həmin evdə elektrik sayğacı da quraşdırılmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus elektrik sayğacına baxış keçirilərək yoxlama aparılmış və yoxlama zamanı abonentin sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi əsası ilə iddiaçının adına 05 noyabr 2021-ci il tarixli, 237189 saylı akt tərtib edilmişdir. Həmin akta əsasən abonentə itirilmiş enerjiyə görə borc hesablanmışdır. Lakin mübahisə predmeti olan həmin akt, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın tələbləri pozulmaqla tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» nın 8.16-ci bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» nın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin, X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Göründüyü kimi akt tərtib edilərkən "xxxx" ASC-nin əməkdaşları tərəfindən «Elektrik enerjisindən istifadə Qaydaları»-nın tələblərinə riayət edilməmişdir və bu hal məhkəməyə əsassız yazılmış borcun silinməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı oğlduğundan təmin edilərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 05 noyabr 2021-ci il tarixli, 237189 saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında İddiaçı abonent hesabına hesablanmış borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı tərtib edilmiş 05 noyabr 2021-ci il tarixli, 237189 saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında İddiaçı abonent hesabına hesablanmış borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar