Məhkəmə qərarları › İş №2(073)-969/2025

Cəlilabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(073)-969/2025

12.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-969/2025 12.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X4 qarşı Cəlilabad şəhərində yerləşən həyətyanı torpaq sahəsindən payının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X6 və mərhum anası X1 miras qalmış Cəlilabad şəhərində yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə məhkəməyə müraciət edərək, Cəlilabad şəhərində yerləşən həyətyanı torpaq sahəsindən payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X8 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə vəya gəlməməyin səbəbini vəya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı vəyeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməyinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Qeyd olunanları və işə qiyabi icraat qaydasında baxılması barədə iddiaçının yazılı razılığını nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, hazırda o, ailə üzvlərimlə birlikdə Cəlilabad şəhərində yaşayır. Cavabdehlər onun ailə üzvləridir. Anadan olduğu vaxtdan ailə həyatı qurana kimi Cəlilabad şəhərində yaşamış və hazırda da həmin ünvanda yaşayır. Mərhum atası X12 xx.xx.2020-ci il tarixdə, mərhum anası X5 isə xx.xx.2004-cü il tarixdə vəfat etmişlər. Anası vəfat etdikdən sonra atası ilə birgə yaşamış və atası ölən günədək ona qulluq etmiş, hətta atasının yas mərasimlərini şəxsən özü keçirmişdir. Mərhum valideynlərindən miras qalmış Cəlilabad şəhərində yerləşən yaşayış evini və digər əmlakları o, idarə etmiş və bütün kommunal xərcləri və digər ödənişləri ödəmişdir. O, valideynlərindəm miras qalmış həyətyanı torpaq sahəsində ev tikmiş və qaz və işıq sayğaclarının qoyulması üçün sənədləşmə işləri aparılmalıdır. Lakin evin sənədləşmə işlərində ailə üzvləri olan cavabdehlər buna maneçilik tərədərək razılıq verməmişlər. Hazırda həmin əmlaklarla əlaqədar cavabdehlərlə aralarında mübahisə olduğu üçün o, cavabdehlərə qarşı miras əmlakdan ona çatası payların bölünməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam, hərtərfli araşdıraraq və tədqiq olunmuş sübutlar əsasında işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan A 238220 saylı “Torpaq sahəsinin olanı və ölçüsü” sənədindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 saylı qərarı ilə X2 mülkiyyətinə Cəlilabad şəhəri ərazisində 599,97 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 yanvar 2025-ci il tarixli, 28/12 saylı nigah haqqında arayışdan görünür ki, X12 ilə X5 nikahlarını 04 yanvar 1956-cı il tarixdə Cəlilabad rayon Qeydiyyat şöbəsində qeydə aldırmışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 saylı qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Mirzəyeva soyadı verilmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 yanvar 2025-ci il tarixli, 58/12 saylı ölüm haqqında arayışdan görünür ki, X5 20 oktyabr 2004-cü il tarixdə ölmüşdür. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 yanvar 2025-ci il tarixli, 32/12 saylı ölüm haqqında arayışdan görünür ki, X12 17 aprel 2020-ci il tarixdə ölmüşdür. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 aprel 2025-ci il tarixli, 5-41/5-197/2025 saylı arayışdan görünür ki, X10 və X2 vərəsələri İddiaçı, X8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4dur. X10 və X2 vəfatından sonra təsərrüfatı İddiaçı idarə edir və komunal xərcləri ödəyir. İşdə olan Cəlilabad rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş notariat hərəkətini aparmaqdan imtinat edilməsi barədə 10 fevral 2025-ci il tarixli, 174 saylı məktubundan görünür ki, İddiaçı 20 oktyabr 2004-cü il tarixdə vəfat etmiş anası X1 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciət etmiş, lakin miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı vərəsələr arasında ixtilaflar olduğu üçün onun müraciəti əsasında notariat hərəkətinin aparılmasından imtina edilmişdir. İşdə olan Cəlilabad rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş notariat hərəkətini aparmaqdan imtinat edilməsi barədə 10 fevral 2025-ci il tarixli, 175 saylı məktubundan görünür ki, İddiaçı 17 aprel 2020-ci il tarixdə vəfat etmiş atası X9 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciət etmiş, lakin miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı vərəsələr arasında ixtilaflar olduğu üçün onun müraciəti əsasında notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ailə üzvlərimlə birlikdə Cəlilabad şəhərində yaşayır və cavabdehlər onun ailə üzvləridir. İddiaçı anadan olduğu vaxtdan ailə həyatı qurana kimi Cəlilabad şəhərində yaşamış və hazırda da həmin ünvanda yaşayır. Mərhum atası X12 xx.xx.2020-ci il tarixdə, mərhum anası X5 isə xx.xx.2004-cü il tarixdə vəfat etmişlər. Anası vəfat etdikdən sonra atası ilə birgə yaşamış və atası ölən günədək ona qulluq etmiş, hətta atasının yas mərasimlərini şəxsən özü keçirmişdir. Mərhum valideynlərindən miras qalmış Cəlilabad şəhərində yerləşən yaşayış evini və digər əmlakları o, idarə etmiş və bütün kommunal xərcləri və digər ödənişləri ödəmişdir. O, valideynlərindəm miras qalmış həyətyanı torpaq sahəsində ev tikmiş və qaz və işıq sayğaclarının qoyulması üçün sənədləşmə işləri aparılmalıdır. Lakin evin sənədləşmə işlərində ailə üzvləri olan cavabdehlər buna maneçilik tərədərək razılıq verməmişlər. Cavabdehlər əsassız olaraq mübahisə yaratdığından, iddiaçı miras payının müəyyən edilməsi üçün Cəlilabad rayon 1 saylı notariat ofisinə müraciət etmiş, lakin miras şərikləri arasında mirasın bölgüsü ilə əlaqədar ixtilaf yarandığı üçün bölgünün notariat ofisində aparılmasından imtina edilmişdir. Hazırda isə iddiaçı, mərhum anası X2 vərəsəsi kimi mərhum anasıından miras qalmış həyətyanı torpaq sahəsindən ona düşən miras payının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X4 qarşı Cəlilabad şəhərində yerləşən həyətyanı torpaq sahəsindən payının müəyyən edilməsi tələbində haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılır. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun, istərsə də vəsiyyət üzrə qəbul edilir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayış etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Qeyd olunan mülki və ailə qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, X2 20 oktyabr 2004-cü il tarixdə ölümü ilə əmlaklara miras açılmışdır. İddiaçı mərhum X10 mərhum X5 ilə birgə nikahından doğulduğundan mərhum X3 məxsus torpaq sahəsindən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüququ olan ailə üzvü olmaqla birinci növbədə vərəsədir. Həmin şəxs mirasın açıldığı yer üzrə faktiki olaraq yaşamaqla əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başladığından, həmçinin əmlaka ümumi-birgə mülkiyyət hüquqları olduğundan miras əmlak tərəfindən qəbul edilmiş sayılmalıdır. Lakin iddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirasın açıldığı yer üzrə notariat orqanına müraciət etməmişlər. Daha sonra müraciət edildikdə isə notariat orqanı tərəflər arasında mübahisə olması ilə əlaqədar vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Məhkəmə, mülki və ailə qanunvericilik normaları və Ali Məhkəmənin 08 may 2019-cu il tarixli 2 saylı bülletenində göstərilən Dövlət orqanlarının və yerli özünü idarə orqanlarının aktları əsasında nikahda olduqları müddətdə ər-arvadın birinə əvəzsiz verilmiş daşınmaz əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir müddəalarına əsasən miras əmlakın vərəsələr nəzərə alınmaqla bölünməsi ilə bağlı qeyd edir ki, işin faktiki hallarından da görünüdyü kimi mərhum X1 miras qalmış əmlakı övladları İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X8 qəbul etmiş və miras əmlakı həmin vərəsələr arasında bərabər bölünməklə, İddiaçı 1/6 hissədə mülkiyyətə pay hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, A 238220 saylı “Torpaq sahəsinin olanı və ölçüsü” sənədində əsasən mərhum X2 mülkiyyətində olmuş Cəlilabad şəhəri ərazisində yerləşən ümumi sahəsi 599,97 kv.metr həyətyanı torpaq sahəsinə mərhum X7 vərəsəsi: oğlu İddiaçı 1/6 hissədə mülkiyyətə pay hüququ müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.4-ci maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 242-ci maddəsinə əsasən qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. A 238220 saylı “Torpaq sahəsinin olanı və ölçüsü” sənədində əsasən mərhum X2 mülkiyyətində olmuş Cəlilabad şəhəri ərazisində yerləşən ümumi sahəsi 599,97 kv.metr həyətyanı torpaq sahəsinə mərhum X7 vərəsəsi: oğlu İddiaçı 1/6 hissədə mülkiyyətə pay hüququ müəyyən edilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Cavabdeh qiyabi qətnaməni aldığı vaxtdan etibarən 10 (on) gün ərzində onun ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar