Məhkəmə qərarları › İş №2(073)-98/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-98/2023

06.07.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-98/2023 06.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Cəlilabad rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 07 sentyabr 1994-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında bildirdi ki, o, hazırda Cəlilabad şəhərində yaşayır. X10 ilə faktiki evlənmiş, nikahlarını isə 08 iyul 1989-cu il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından 07 sentyabr 1994-cü ildə Rəhim adlı uşaqları doğulmuşdur. Övladı Rəhim uzun müddətdir ki, “kəskin imbesillik” xəstəliyindən əziyyət çəkir və hazırda da davamlı stasionar müalicə alır. Oğlu Rəhimin hazırda da arabir xəstəliyi tutur və çox pis vəziyyətə düşür. O, oğlunun bu hərəkətlərindən narahat olur. Hesab edir ki, oğlu X11 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Cəlilabad rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X6 ərizənin təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan V-JQ 273900 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X1 nikahlarını 08 iyul 1989-cu il tarixdə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 118 saylı qeydiyyat aparılaraq, arvada İbadova soyadı verilmişdir. İşdə olan XVİİİ-JQ 473665 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 07 sentyabr 1994-cü ildə doğulmuşdur, atası X10, anası Ərizəçidır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən 07 sentyabr 2022-ci il tarixdə verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X2 imbesillik xəstəliyi ilə birinci dərəcəli əlil olmaqla, əmək qabiliyyətsizdir və kənar şəxsin qulluğuna ehtiyacı vardır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1502 saylı rəydən görünür ki, hazırda X7 Kəskin imbesillik dərəcəsində oliqofreniya müəyyən edilir. X11 öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X11 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X7 müəyyən edilən Kəskin imbesillik dərəcəsində oliqofreniya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, atası X10, anası Ərizəçi olmaqla X11 07 sentyabr 1994-cü il tarixdə doğulmuşdur. X11 “kəskin imbesillik” xəstəliyi ilə birinci dərəcəli əlil olmaqla, əmək qabiliyyətsizdir və kənar şəxsin qulluğuna ehtiyacı vardır. Buna görə də X11 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayana sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qoyumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəalliyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 07 sentyabr 1994-cü ildə doğulmuş X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar