Məhkəmə qərarları › İş №2(074)-1060/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1060/2021

14.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1060/2021 14.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçınun Cavabdehnə qarşı “aktın etibarsız hesab olunması və hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz“ İstehsalat birliyinin 29 yanvar 2021-ci il tarixli ******* saylı saylı aktının etibarsız hesab olunması və qanunsuz hesablanmış 216 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayonu Göylər kəndində yaşayır. 2020-ci ilin sentyabr ayında qaz idarəsinin işçiləri onların küçəsinə gələrək bildiriblər ki, sayğac köhnəlmişdir, onu dəyişəcəklər. Dəyişmələrinə etiraz etməyib. Oğlu da evdə olub. Oğlunun yanında sayğacı dəyişib yenisini qoyublar. Köhnə sayğacın isə hər tərəfınə baxıblar. Sayğacın hər tərəfini diqqətlə yoxlayıblar, heç nə olmayıb. Əgər nə isə olsaydı dərhal yerində akt tərtib olunmalı idi. Sayğacı götürüb, bir neçə ay sonra isə ona bildiriş gəlib ki, onun sayğacının şüşəsində deşik var imiş, bu səbəbdən ona 216 manat borc hesablanıb. Bu düz deyil. Sayğac onun yanında yoxlanandan sonra açıq şəkildə götürülüb aparılıb. Bundan sonra onun başına nə oyun açılıb bilmir. O, sayğacı sağ salamat vermişdir. Eyni zamanda sayğac küçədə qoyulub, hətta nə isə bir şey olmuş olsa belə o, buna cavabdehlik daşımamalıdır. 75 yaşı var və xəstədir. Oğlu da Bakıda yaşayır arabir ona dəyməyə gəlir. Nəzarətçilər isə ayda iki dəfə gəlib sayğaca baxıb gedirlər. Yəqin ki, sayğac köhnəlib ona görə belə olub bunda onun günahı yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azəriqaz İB iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, bildrimişdir ki, iddiaçı Şamaxı rayon, Göylər kəndi ünvanda qeydiyyatda olan İddiaçı Cavabdehnə qarşı 29.01.2021-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi akt əsasında hesablanmış 216 manat məbləğin silinməsi tələbi iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, 27.09.2020-ci il tarixində ’’Azəriqaz” X2 RQİİ-nin ünvan 1i ünvanda qeydiyyatda olan İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı 27.09.2020-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G4 markalı ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 29/1710-02887-1 saylı 29.01.2021-ci il tarixli akta əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının üst hissəsi deşici alətlə deşilib, təbii qaz itgisi yaranmış və sayğac yarasız hesab edilmişdir. Həmin akta əsasən İddiaçı yaşadığı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 29.01.2021-ci il tarixli, ******* nömrəli “Təbii X3nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 29 yanvar 2021-ci il tarixdə itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı adına olan Şamaxı XS-nin abonent bazasındakı **********00026 nömrəli abonent koduna 2160 m3- 216 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Şamaxı rayon, Göylər kəndi ünvanda qeydiyyatda olan X1 Cavabdeh lstehsalat Birliyinə qarşı 29.01.2021-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi akt əsasında hesablanmış 216 manat məbləğin silinməsi tələbinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh Azəriqaz İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 27.09.2020-ci il tarixli № ******* saylı aktın surətindən görünür ki, İddiaçı evində olan “Elster” tipli, G-4 markalı ******* nömrəli qaz sayğacı dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan Cavabdeh 29.01.2021-ci il tarixli № MSK-29/1710-00524-1 saylı qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, “Elster” tipli, G-4 markalı ******* nömrəli qaz sayğacının yoxlanılması zamanı sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi aşkar olunmuşdur. İş materiallarında olan təbii X3nın pozulması haqqında 29.01.2021-ci il tarixli № ******* saylı aktın surətindən görünür ki, Cavabdeh 29.01.2021-ci il tarixli № MSK-29/1710- 00524-1 saylı aktına əsasən aşkarlanmış qüsur zamanı dəymiş ziyanın hesablanması qərara alınmışdır. Bu zaman həmin mənzildə qaz piltəsi PQ-4, raditaor peçi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarında olan 29.01.2021-ci il tarixli Ağsu X4 İdarəsinin qərarından görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən maksimal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddət 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 2160 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 29.01.2021-ci il tarixli № ******* saylı akt göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “X3”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2 və 6.1.7-ci yarımbənləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İş üzrə iddiaçının yaşadığı evin qaz ilə təchizatın hesablaşmasını təmin edən sayğacın evdən kənarda quraşdırılması cavabdeh təşkilat tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Belə ki, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh İB iddiaçının ünvanında quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliliklə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına hər hansı müdaxilə olunması halı təsdiq edilmədiyindən, eləcə də 31.05.2021-ci il tarixli № ******* saylıaktX3nın tələblərinin kobud surətdə pozulması ilə tərtib edildiyindən həmin akt üzrə hesablanmış 216 manat iddiaçının abunə hesabından silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh Ağsu X4 İdarəsinin tərtib etdiyi təbii X3nın pozulması haqqında 29.01.2021-ci il tarixli № ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 216 manat borc məbləği İddiaçı abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar