Məhkəmə qərarları › İş №2(074)-1084/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1084/2023

12.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1084/2023 12.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borc məbləğinin silinməsinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı borc məbləğinin silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh heç bir akt və dəymiş ziyanın ödənilməsi barədə tələbnamə olmadan ona hesabladığı 717,24 manat əsassız borcun ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli müqavilənin və bu müqaviləyə əlavə olunmuş aktın əslilərindən görünür ki, abonent kodu ünvan 1 ünvanındakı qaz istehlakçısı məhrum həyat yoldaşı Akif Əliyevin adından çıxarılıb, onun adına sənədləşdirilmişdir (abonent kodu **********00000). Abonent saldosundan görünür ki, Cavabdeh əməkdaşları onun yaşadığı ünvan 1 ünvanında xx.xx.2010-cu ildə G6 Almaniya istehsalı ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Dəymiş ziyanın ödənilməsi barədə tələbnamə və akt Cavabdeh tərəfindən onlara təqdim edilməmişdir. Abonent saldosundan görünür ki, 2010-cu ildən 2023-cü ilədək ona müxtəlif məbləğlərdə əsassız qaz borcları hesablanmış və yekunda borcun məbləği 717,24 manat təşkil etmişdir. Halbuki, onların qaz sərfiyyatına görə borcları olmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmişdir. Eyni zamanda, cavabdeh iddia tələbinə etiraz ərizəsini göndərək göstərmişdir ki, İddiaçı - Cavabdeh Ağsu X4 İdarəsinin Şamaxı Xidmət Sahəsinin abonentidir. İddiaçı təbii qazdan istifadə ilə bağlı yaranmış borcunu tam şəkildə ödəməməsinin nəticəsində xx.xx.2023-cü il tarixə 717,24 manat debitor borcu yaranmışdır. Belə ki, 2010-cu ilin oktyabr ayından 2023-cü ilin oktyabr ayının sonuna qədər qaz sayğacının göstəricisi götürülmüş, abonent tərəfindən təbii qazdan istifadə olunmuş, lakin dəyəri ödənilməmiş və qeyd olunan borc abonent saldosunda öz əksini tapmışdır. İddiaçının istifadəsində olan qaz sayğacına görə heç bir cərimə və ya itirilmiş qazın dəyəri hesablanmamış, iddia ərizəsində qeyd edilən 717,24 manat məbləğ iddiaçı tərəfindən istifadə edilmiş təbii qazın dəyəridir. Göstərilənlərə əsasən, iddia tələbi əsassız hesab edilərək, iddianın rədd olunması xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Paylayıcı Cavabdeh bir tərəfdən, istehlakçı İddiaçı digər tərəfdən aşağıdakı şərtlərlə müqavilə bağlamışdırlar: paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq, paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir; paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir; paylayıcı istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən sonra, bir ay müddətinə tam ödənilmədiyi halda, qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir; paylayıcı istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb edə bilər; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra, bir ay müddətində tam ödənilmədikdə, paylayıcı istehlakçıya qazın verilməsini dayandıra bilər. İş materiallarında olan abonentin saldosundan görünür ki, istehlakçı İddiaçı yaşadığı ünvan 1 ünvanına xx.xx.2010-cu il tarixdə Elster G-6 Almaniya tipli, ******* nömrəli sayğac quraşdırılmış və 2010-cu ilin oktyabr ayından 2023-cü ilin sentyabr ayınadək istehlakçıya istifadə edilmiş təbii qazın dəyəri olaraq 717,24 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə, qaz paylayıcısı istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda, qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi, qanunvericilikdə istehlakçıya verilmiş qazın dəyərinin qaz sayğacının göstəricilərinə əsasən, qaz paylayıcısı tərəfindən hər ay üzrə hesablanması, növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim edilməsi, qazın sayğacla müəyyənləşdirilən hesabının istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətində tam ödənilməsi və müvafiq hesabın istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətində tam ödənilmədiyi halda, qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildirişin göndərilməsi nəzərdə tutulmuşdur. Lakin, qanunla nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi iş materialları ilə müəyyən olunmur. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. İş materiallarında olan abonent saldosundan görünür ki, son beş ilə qədər, yəni 2018-ci ilin sentyabr ayınadək, istehlakçı İddiaçı istifadə edilmiş təbii qazın dəyəri olaraq 688,70 manat borc hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək, qeyd olunan qanunvericilik normalarını və vaxtaşırı ödənişlər haqqında tələblər üzrə beş illik müddəti əsas tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 688,70 manat məbləğində borc İddiaçı abunə hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da, cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda, 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 688,70 (altı yüz səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində borc İddiaçı abunə hesabından silinsin. Məhkəmə xərci olaraq 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar