Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-111/2022 10.01.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbininə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh Firimiz oğlu arasında bağlanmış 00099617 saylı, 29.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə nisyə satılmış mala görə yaranmış 4952 qalıq borc, gecikdirilmiş hər günə görə hesablanmış 850 manat dəbbə pulu və iddianın qaldırılması üçün ödənilmiş 78,40 manat, ümumilkdə 5880,40 manat məbləğindəki pul vəsaitinin cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə vətəndaş Cavabdeh arasında 00099617 saylı, 29.09.2019-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə əsasında alıcıya "xxxx" MMC tərəfindən müqavilədə qeyd olunan "Mal"lar satılmışdır. Alıcı Cavabdeh isə öz növbəsində müqavilə şərtlərinə uyğun olaraq vaxtında ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Satıcı ilə alıcı arasında bağlanmış 00099617 saylı, 29.09.2019-cu il tarixli nisyə alqı-Satqı müqaviləsindən irəli gələn 7002 manat məbləğindən bugünə qədər Cavabdeh 2050 manat ödənişi olmuş və 4952 manat məbləğində borcu qalmaqdadır. Tərəflər arasında bağlanmış nisyə-alqı satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən (alıcı ödəmələrin həyata keçirməsini gecikdirərsə 10 gün gecikmədən sonra hər gecikdirilən gün üçün gecikən ödənişin 1 %-i məhsula əlavə hesablanacaq. Bu bəndə əsasən Cavabdeh ödənilməmiş borc məbləği 4952 manat, gecikdirilən günlər üçün hesablanan dəbbə pulu 850 manat təşkil etməklə, cavabdehin müqavilə öhdəliyi üzrə ödəməli olduğu qalıq məbləğ 5802 manat təşkil edir. Dəfələrlə Cavabdeh ödənişin həyata keçirilməsi üçün müraciət olunsa da, nəticəsiz qalmış, cavabdeh ödənişləri həyata keçirməkdən qərəzli şəkildə imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29.09.2019-cu il tarixli 00099617 saylı nisyə-alqı satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC-dən Cavabdeh 7002 manat məbləğində mebel əşyaları almış, ilkin olaraq 1150 manat ödəniş etmiş, 5852 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan borcla bağlı bildirşdən görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan olan borcunu 17.06.2021-ci il tarixədək ödəməsi əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq nisyə-alqı satqı müqaviləsi bağlanmışdır. İddiaçı (satıcı) müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyaları cavabdehə (alıcı) təhvil vermişdir. Cavabdeh (alıcı) isə müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı satdığı əşyaların dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və dəbbə pulunun 50 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 78,40 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 4952 manat əsas, 50 manat cərimə olmaqla, cəmi 5002 manat borc və ödənilmiş 78,40 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 29.09.2019-cu il tarixli 00099617 saylı nisyə alqı-satqı müqavilələri üzrə yaranmış 4952 manat əsas, 50 manat cərimə olmaqla, cəmi 5002 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 78,40 manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-111/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-111/2022
10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver