Məhkəmə qərarları › İş №2(074)-1138/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1138/2023

12.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1138/2023 12.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, İddiaçı Məhəmmədli qızının iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı X2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşlarının heç bir akt və dəymiş ziyanın ödənilməsi barədə tələbnamə olmadan 2016-cı ilin sonlarında sayğacı yenisi ilə əvəz edərkən ona yazdıqları 1608,88 manat əsassız borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Abonentin saldosu” sənədindən görünür ki, Cavabdeh tərəfindən mərhum həyat yoldaşı X3 7 nəfərlik ailə tərkibi ilə yaşadığı ev ünvanında xx.xx.2016-cı ildə Smart G4 tipli 1602AZ**********8 nömrəli qaz sayğacı quraşdırılmışdır. Abonent nömrəsi **********01530-dur. Bundan əvvəlkini isə o vaxt yeni Smart G4 tipli sayğac quraşdırıldıqdan sonra istismar müddəti bitmiş sayğac kimi söküb aparıblar. İddiaçı dəymiş ziyanın ödənilməsi barədə tələbnaməni və aktı Cavabdehndən istəsə də, lakin ona təqdim etməyiblər. Çünki həmin sənədlərdə əvvəlki sayğacın istismar müddətinin başa çatması və düzgün işləməyərək istifadəyə yararsız olması yazılır, həmçinin abonentə hansı səbəbdən borc hesablanması göstərilir. Bunu gizlətmək üçün cavabdeh qeyd etdiyi akt və dəymiş ziyanın ödənilməsi barədə tələbnaməni təqdim etməyib. Yalnız bu aktı özü qanunsuz hərəkətlərin bir nümunəsidir. Abonentin saldosunda və məcburi köçkün vəsiqəsində yazılanlardan görünür ki, onlar Laçın rayonundan olan məcburi köçkün ailəsidir. “Abonentin saldosu” sənədinin bütün illər üzrə səhifələrində yazılanlardan görünür ki, 2010cu ildən 2016-cı ilin sonlarınadək ona müxtəlif məbləğlərdə əsassız qaz borcları yazılmış və yekunda 1810,48 manat borc yazılmışdır. Həmin borcun 202 manat hissəsi 2017-ci ildən bəri Smart G4 tipli sayğac tərəfindən avtomatik olaraq iddiaçıdan tutulandan sonra hazırda bu yeni sayğacın hesablanmasına görə 1608,88 manat borc qalmışdır. 05 oktyabr 1980-ci il tarixli, 10 saylı nikah qeydindən görünür ki, mərhum həyat yoldaşı X9 ilə rəsmi nikahı vardır. AZ-İİ № 217665 saylı, xx.xx.2022-ci il tarixli ölüm haqda şəhadətnamədən görünür ki, həyat yoldaşı X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə bildirir ki, onlar məcburi köçkün ailəsidir və onların heç vaxt qaz sərfiyyatı üçün borcu olmamışdır. “Abonentin saldosunda” və digər sayğac göstəricisi sənədində yazılanlar şər-böhtandır. Onlar məcburi köçkün ailəsidir və guya 2016-cı ilin sonlarından qalmış qaz sərfiyyatı borcunun olması həqiqətə uyğun deyildir. Cavabdeh 2016-cı ilin sonlarınadək ona yazılmış əsassız qaz borcunun hansı səbəbdən mövcud olmasını göstərək aktı və dəymiş ziyanın ödənilməsi barədə tələbnaməni verməkdən imtina etmişdir. Bu sənədlər hökmən məhkəməyə təqdim olunmalıdır. Bir qayda olaraq istismar müddəti bitmiş və bəzən də səhv işləyən köhnə sayğacı yenisi ilə əvəz edərkən Cavabdeh əməkdaşları tərəfindən abonentlərə əsassız borclar hesablanır ki, bu da qanunsuz əməllərdir. Bu məqsədlə Cavabdeh Ağsu X19 İdarəsinə müraciət edib. Oradan xx.xx.2023-cü il tarixinə (tarixi çox geriyə yazılmış) adi bir kserokopiya şəklində cavab məktubu veriblər. Həmin cavab məktubunda xx.xx.2016-cı ildə yaşadıqları evə yeni sayğac quraşdırılması etiraf edilsə də, iddiaçının bundan əvvəl 1590,68 debitor borcunun olması yazılmışdır ki, bu da həqiqətə uyğun deyildir. İstifadəsində olan əvvəlki qaz sayğacından 2016-cı ilin sonlarınadək hansısa naməlum çatışmazlıqların olması iddiaçının təqsirli hərəkəti anlamına gəlmir. Sənədlərdən görünür ki, bu əsassız borc 2016-cı ilin sonlarında əvvəlki qaz sayğacı istismardan çıxarılarkən yazılmışdır. Bu sənədlərdə yazılmış borcların məbləğləri də bir-biri ilə uyğun gəlmir. Abonentin saldosunda 1608,88 manat borc olması, Cavabdeh Ağsu X19 İdarəsindən verilmiş kserokopiya cavabında isə 1590,68 manat debitor borcu olması yazılmışdır. Bu əsəssız borcun silinməsi üçün Ağsu Rayon Məhkəməsinə iki dəfə müraciət etsələr də, Ağsu Rayon Məhkəməsi bu işə Şamaxı Rayon Məhkəməsində baxılmalı olduğunu telfonla bildirib ərizəni geri qaytarıblar. Həmçinin son illərdə Şamaxı rayonunda Cavabdeh əməkdaşları tərəfindən qaz istifadəçilərinə qarşı belə xoşagəlməz əməllər baş alıb gedir. Abonentlərə əsassız cərimələr yazılması və artıq pullar ödətdirilməsi göz qabağındadır və bu kimi çoxsaylı qanunsuz əməllər kimlərsə tərəfindən qəsdən törədilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı Ağsu Birliyin X19 İdarəsinin Şamaxı Xidmət Sahəsinin abonentidir. İddiaçı **********01530 nömrəli hesabla qeydiyyata alınmışdır. İddiaçı təbii qazdan istifadə ilə bağlı yaranmış borcunu tam şəkildə ödəməməsinin nəticəsində xx.xx.2023-cü il tarixinə 1810.40 manat debitor borcu yaranmışdır. Belə ki, İddiaçı ünvan 1 ünvanda məskunlaşmışdırlar. Ailə tərkibi 7 nəfər olmaqla qaçqın sayı 3 nəfər kimi qeydiyyata alınmışdır. Hazırda mübahisə predmeti olan mənzil qaçqın abonent kimi qeydiyyata alınmışdır. Ümumiyyətlə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən, hər bir məcburi köçkünə və onlara bərabər tutulan şəxsə yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən vahid aylıq müavinət ödənilir. Bununla əlaqədar olaraq, Qaçqınların və X13 üzrə Dövlət Komitəsi bildirir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli 1206 nömrəli Fərman imzalanmışdır. Yuxarıda göstərilən borc məbləği 2010-cu il yanvarın 1-dən 24 noyabr 2016-cı ilə qədər dövrdə məcburi köçkünlərin təbii qazdan müəyyənləşdirilmiş limitdən artıq istehlak etməsi nəticəsində yaranıb. Məcburi köçkünlərin müəyyən olunmuş limitdən artıq istehlak etdiyi təbii qazın ödənilməsi üçün Dövlət Komitəsinə büdcə vəsaitinin ayrılması nəzərdə tutulmayıb. Cavabdeh nümayəndəsi bildirir ki, silinmədən sonrakı dövr ərzində iddiaçı 2011-ci il ərzində 611.60 manat məbləğində, 2012-ci il ərzində 818.40 manat məbləğində, 2013-cü il ərzində 723 manat məbləğində, 2014-ci il ərzində 565.50 manat məbləğində, 2015-ci il ərzində 569.20 manat məbləğində, 2016-cı il tarixdə 530.30 manat məbləğində təbii qazdan istifadə etmiş 273.52 manat ödəniş etmişdir. Qaçqınkom tərəfindən isə 1796 manat ödənilmişdir. Lakin iddiaçı tərəfindən Qaçqın və Məcburi köçkünlər üçün nəzərdə tutulmuş limitdən artıq qazdan istifadə olunmuşdur. 2017-ci ilin mart ayına təbii qazdan istifadə ilə Qaçqın limiti ödənildikdən sonra 1810.40 manat borcu yaranmışdır. 2023-cı ilin yanvar ayında Mənzilə gedən qaz xətti üzərində ZENNER G-4T SMART markalı 1602AZ**********58 nömrəli sayğac quraşdırılmışdır. İstehlakçılar tərəfindən istifadə edilmiş qazın dəyərinin ödənilməməsi halları Cavabdeh əhalini təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında “356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanında deyilir ki, işlədilən hər kub metr qazın dəyəri ödənməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” xx.xx.2000-ci il tarixli, 356 saylı Fərmanı ilə Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası M.M.-nin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və müqavilədə zərərin əvəzinin daha az miqdarı ödənilməsi nəzərdə tutulmasın. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 216, 217, 218, 220-ci maddələrinə istinad edərək İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış 1608.88 manat borcun hesabından silinməsi tələbinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 05/2-619-01 nömrəli arayışdan görünür ki, X9 ilə X4 arasında nikah xx.xx.1980-cı il tarixdə Laçın rayonu, Leninkənd icra nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 oktyabr 1980-cı il tarixdə 10 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Mustafayev”, arvada “Mustafayeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ № 217665 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamə Şamaxı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Şamaxı və Qobustan rayonları bölməsi tərəfindən verilmiş 25 sentyabr 2023-cü il tarixli, № 77 nömrəli və 01 fevral 2023-cü il tarixli, № 20 nömrəli arayışdan görünür ki, Mustafayeva X7 rayonu, Şəhriyar qəsəbəsi, ferma ərazisində müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 14-2-2-12/3-6-1377/2023 saylı məktubdan görünür ki, Ağsu X19 İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 14-2-2-12/1-Q-5-42/2023-18 nömrəli məktubun icrası olaraq bildirilir ki, abonent İddiaçı mənzilində istifadə olunmuş təbii qazın dəyəri tam təmin olunmadığından, abonent kodu: 2**********01530 olan hesabda 1590,68 manat məbləğində debitor borc yaranmışdır. Lakin, ailə vəziyyəti nəzərə alınaraq, yaranmış borcun hissəhissə ödənilməsi üçün, abonent İddiaçı imkan yaradılması məqsədilə xx.xx.2016-cı il tarixdə mənzilinə öncədən ödənişli G-4 markalı, qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan 13.11.223-cü il tarixli, AKX-05902xx/xx-2023 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh İB-yi İddiaçı Məhəmmədli qızının yaşadığı evi təbii qazla təchiz edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-842 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri – arvadı ünvan 4nında qeydiyyatda olan İddiaçı, oğlu ünvan 4nında qeydiyyatda olan X14, oğlu ünvan 3ında qeydiyyatda olan X11, oğlu ünvan 4nında qeydiyyatda olan X12, oğlu ünvan 4nında qeydiyyatda olan X5r. İş materiallarında olan abonentin saldosundan görünür ki, **********015 nömrəli abonentə təbii qazın istifadə limiti 2010-cu il ərzində 32,00 manat, 2011-ci il ərzində 312,00 manat, 2012-ci il ərzində 294,00 manat, 2013-cü il ərzində 294,00 manat, 2014-cü il ərzində 294,00 manat, 2015-ci il tarixdə 294,00 manat, 2015-ci il ərzində 294,00 manat, 2016-cı il ərzində 276,00 manat ayrılmışdır. İşə əlavə edilmiş ünvan 5 ünvanında yaşayan abonentin saldosundan görünür ki, abonent hesabına ümumilikdə 1810,40 manat borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Laçın rayonundan məcburi köçkün düşərək Şamaxı rayonunda məskunlaşmışdır. Qaz istehlakçısı olaraq yaşadığı mənzildə qazdan istifadə etmişdir. Abonent saldosuna əsasən ondan tələb edilən borc məbləği 2010-cu ildən başlayaraq 2017-ci il tarixinədək, yəni ona məxsus mənzilə yeni, Smart G-4 tipli sayğac quraşdırılan dövrədək hesablanmışdır. İddiaçı bildirir ki, istifadə etdiyi qazın dəyərini həmişə ödəmişdir. Belə ki, həmin məbləğ məcburi köçkün olduğu üçün dövlət büdcəsi hesabına ödənilmişdir. Hesab edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Ona heç vaxt qaz borcuna dair bildiriş verilməyib. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, tələb edilən borc məbləğinin 2010-2017-ci illər üçün hesablanması işin mübahisəsiz halıdır. Mübahisə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, məhkəmə nəzərə alır ki, 2010-2017-ci illər üçün qazdan istifadəyə görə yaranmış borc məbləğinin istehlakçıdan, hazırki halda iddiaçıdan tələb edilməsi ilə bağlı cavabdeh tərəfindən etirazın dəlillərinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli, 80№-li qərarının 5.2-ci bəndinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Smart-kart» tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 6.1 və 6.1.4-cü maddələrinə əsasən qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qazın verilməsini dayandıra bilər. Qaydaların 3.1.4-cü maddəsinə görə isə qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməlidir. Başqa sözlə, əgər istehlakçı olaraq İddiaçı doğrudan da, keçən yeddi il ərzində istehlak etdiyi qazın dəyərini ödəmirdisə, onda ona məxsus ünvana qaz verilişi dayandırılmalı, bununla bağlı bildiriş verilməli, xəbərdarlıq edilməli idi. Daha öncə qeyd olunduğu kimi cavabdeh bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 553.1 və 553.1.1-ci maddələrinin tələblərinə görə mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə müddətin axımı kəsilir. Qeyd edildiyi kimi tələb edilən borc məbləğinin 2010-cu ildən yarandığı iddia edilir və saldoda da bu hal görünür. Belə olan halda məhkəmə hesab edir ki, qazdan istifadəyə görə ödənişlər vaxtaşırı ödənişlərdir və həmin ödənişlər haqqında tələblər, öz təsdiqini tapmış olsaydı belə, beş il keçdiyi üçün qüvvəsini itirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı dəlillərini əsasən sübut edə bilmiş, cavabdeh tərəfindən mübahisə üzrə tutarlı əsas gətirilməmiş, istehlakçı İddiaçı tələb olunan məbləğdə qazdan istifadəyə görə borcunun olması sübut edilə bilinməmişdir və hər hansı mötəbər, əsaslı şübhələrdən kənar sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli iddiaçıya qazdan istifadəyə görə hesablanmış 1608,88 manat məbləğində borc cavabdeh tərəfindən silinməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 195-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı təbii qazdan istifadəyə görə Cavabdeh tərəfindən hesablanmış 1608,88 manat pul onun abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar