Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-115/2024 30.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı akta əsasən hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı akta əsasən hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərişıq“ ASC tərəfindən tərtib edilmiş 21 iyun 2021-ci il tarixli, 023212 saylı akta əsasən, hesablanmış 771,60 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır. Elektrik enerjisindən qanuni şəkildə istifadə edir. "xxxx" ASC-dən ona məktub gəlmişdir ki, o, 2021-ci ildə elektrik enerjisindən sayğacdankənar istifadə etdiyi üçün əlavə olaraq 771.60 manat sərfiyyat hesablanıbdır. Borc ödənilməyəcəyi təqdirdə evə elektrik enerjisinin dayandırılacağı bildirilmişdir. Həmin vaxtlar onlar ailəlikcə Şirvan şəhərində olmuşlar və evdə heç kim olmamışdır. Tərib edilmiş aktdan bu yaxınlarda məlumatı olmuşdur. Aktın surətini də ona təqdim etməmişdirlər. Ona borc əsassız olaraq hesablanmış, onun hər hansı bir sayğacdankənar xətti olmamışdır. Hesab edir ki, "xxxx" ASC-nin 21 iyun 2021-ci il tarixli, 023212 saylı aktı əsassız olduğundan, hesablanmış 771.60 manat borc məbləği silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, o, həqiqətən də, yaşadığı evin yerləşdiyi küçədə quraşdırılmış işıq dayağından evinin qarşısının işıqlandırılması üçün, bir xətt çəkmişdir. Lakin, hesab edir ki, itirilmiş energiyə görə 150 gün üçün yox, 30 gün üçün hesabat aparılmalıdır. Belə ki, "xxxx" ASC-nin əməkdaşları hər ay yaşadığı ünvana gəlib, sayğaca baxış keçirirmişlər. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddiaçının Şamaxı şəhəri Azadlıq küçəsində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla, **********03992 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Şamaxı şəhəri Azadlıq küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına Elektrik enerjisindən istifadə Qaydalarına uyğun baxış keçirilmişdir. Baxış zamanı, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu və kənar xəttin sayğacı qidalandıran kabelin izolyasiyasının pozularaq, yaxınlıqdakı dayağın içindən çəkildiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaiarı”nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq, xx.xx.2021-ci il tarixli, NDM023212 saylı akt tərtib olunmuşdur. xx.xx.2021-ci il tarixli, NDM023212 saylı akta əsasən, "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun, 150 gün üçün 0.07 manatla 1500 kvt.s (dəyəri 105.00 manat) və 0.11 manatla 6060 kvt s (dəyəri 666,50 manat) olmaqla, ümumilikdə 771,60 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyənin ödəmədiyi elektrik enerjısinin əvəzi olmuşdur. İddiaçı xx.xx.2023-cu il tarixə elektrik enerjisindən istifadəyə görə 528.16 manat borcu vardır. EEİQnın 8.17-1-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10 18 9-1 -ci yarımbəndinə uyğun olaraq, elektrik şəbəkəsinə qoşulmaqta, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə, paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin, en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla, yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7 18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledıcilərinin gucu məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla, yenidən hesablanır. Akt "EEİQ"-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də, həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Odur ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında artıq hesablanmış 771,60 manat borcun hesabından silinməsi tələbinə dair iddiası əsassız olduğundan, tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı istehlakçı olaraq "xxxx" ASC-nin abonentidir. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Şamaxı şəhəri Azadlıq küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına baxış keçirilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, NDM023212 saylı akta əsasən, istehlakçı İddiaçı fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu və kənar xəttin sayğacı qidalandıran kabelin izolyasiyasının pozularaq, yaxınlıqdakı dayağın içindən çəkildiyi aşkar edilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun, 150 gün üçün 0.07 manatla 1500 kvt.s (dəyəri 105.00 manat) və 0.11 manatla 6060 kvt s (dəyəri 666,50 manat) olmaqla, ümumilikdə 771,60 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və həmin zaman, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu və kənar xəttin sayğacı qidalandıran kabelin izolyasiyasının pozularaq, yaxınlıqdakı dayağın içindən çəkildiyi aşkar edilmişdir. Cavabdeh tərəfindən abonentə 150 gün üçün 0.07 manatla 1500 kvt.s (105 manat) və 0.11 manatla 6060 kvt s (666,50 manat) olmaqla, ümumilikdə 771,60 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Hazırda isə iddiaçı yaşadığı evin yerləşdiyi küçədə quraşdırılmış işıq dayağından evinin qarşısına xətt çəkdiyini etiraf edərək və fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına hər ay "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirildiyini əsas gətirərək, itirilmiş enerjiyə görə 150 gün üçün yox, 30 gün üçün hesabat aparılmalı olmasını hesab edir. Məhkəmə itirilmiş enerjiyə görə cavabdeh tərəfindən 30 gün üçün hesabat aparılmalı olması barədə iddiaçının dəlilləri ilə razılaşır. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X1 Agentliyi həyata keçirir. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Belə olan halda məhkəmə hesab edir ki, itirilmiş enerjinin bərpası məqsədilə, abonentə 30 gün üçün 0.07 manat tariflə 21 manat, 0.11 manat tariflə 133,32 manat olmaqla, ümumilikdə 154,32 manat dəyərində itirilmiş enerji hesabatı aparılmalı idi. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək, qeyd olunan qanunvericilik normalarını əsas tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, NDM023212 saylı akta əsasən, hesablanmış 771,60 manat məbləğin 617,28 manat hissəsi İddiaçı abunə hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da, cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda, 30 manat həcmində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, NDM023212 saylı akta əsasən, hesablanmış 771,60 (yeddi yüz yetmiş bir manat altmış qəpik) manat məbləğin 617,28 (altı yüz on yeddi manat iyirmi səkkiz qəpik) manat hissəsi İddiaçı abunə hesabından silinsin. Məhkəmə xərci olaraq 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-115/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-115/2024
30.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver