Məhkəmə qərarları › İş №2(074)-1286/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1286/2024

21.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1286/2024 21.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında yazılmış cərimənin silinməsi” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş 29 aprel 2024-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 1788,48 manat məbləğində cərimənin silinməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Abonent kodu **********00000-dir. Az təminatlı ailədir. Mənzillərində həmişə qazdan istifadə olunub. Dəyəri də tam şəkildə ödənilib. Bu il 2024-cü ilin mart ayında bayram vaxtı sayğacları qazı zəif buraxıb. Evdə qazdan istifadə edə bilməyiblər. Qaz xəttinin üzərində istifadə olunmayan saçok olub. O, da qeyri-iş günlərində həmin saçokdakı qazdan istifadə edib. Cəmi 1 ay işlədib. 1 aydan sonra aprelin 29-da qaz idarəsinin işçiləri yoxlama aparıb. Özü də iştirak edib və qanunsuz xətti görüb və həmin gün ləğv ediblər. Abonent saldosunda qeyd olunur ki, yanvar ayında 45 manat, fevral ayında 37 manat və mart ayında 31 manat qazdan istifadə edib. Mart ayında da 90 manat qaz pulu ödəyib. Tarif Şurasının il ərzində verdiyi 1200 kub limitin 1000 kubunu o, 3 ayda işlətmişdir.Qaz işçiləri ona 1 aylıq cərimə gələcəyini bildiriblər. Amma Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 aprel 2024-cü il tarixli ******* saylı aktında sayğacdan kənar qeyri-qanuni xətt ilə qazdan istifadə halına görə qanunsuz olaraq şəxsi hesabına 1788,48 manat məbləğində cərimə yazıblar. Əgər kimsə qazdan levi işlətsə belə 1 aya 1788 manat qaz istifadə edilə bilməyib. Əlavə bildirib ki, "xxxx" MMC-nin işçiləri xəttlərdə sızmanı və qeyri-qanuni qoşulmaları yoxlayarkən heç vaxt onların xəttə levi xətt qoşulmayıb. Qeyd edir ki, o, il ərzində 1500-200 m³ qaz işlədir. Onun 10 ildə işlətdiyi qaz Cavabdeh yazdığı cərimədən azdır. Cərimə də 1 ay üçün yazılmalıdır. Mövcud qaz təchizatı haqqında Azərbaycan Respublikası qanunun tələblərinə görə həmin sayğacda olan hər hansı qüsura görə o, abonəçi olaraq məsuliyyət daşımır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 aprel 2024-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent kodu **********00000 olan İddiaçı təbii qazdan istifadə qaydalarına zidd olaraq sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etmişdir. İş materiallarında olan 30 may 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən 1 ədəd PQ-4 maksimal saatlıq sərfi 1,2 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddət 360 gün, 1 ədəd iran sobası maksimal saatlıq qaz sərfi 1,5 m³/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün, 1 ədəd həcmli su qızdırıcı maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 14904 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 29 aprel 2024-cü il tarixli, ******* saylı akt göstərilmişdir. İş materiallarında olan İddiaçı adına olan abonent saldosundan (abonent kodu **********00000) görünür ki, cavabdehin hesabına ümumilikdə 1788,48 manat məbləğində borc hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1,2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «Qazdan istifadə Qaydaları»nın 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11- 2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 3.1.11-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Qeyd olunan Qaydaların tələblərindən görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməli, həmçinin istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının məhz 360 gün sayğacdan kənar təbii qazdan istifadə etməsi hallarına dair hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya hesablanmış cərimə məbləği 1 (bir) ay müddətinə hesablanmalıdır. Bu isə (1,2x12x30=432 m3 x 0,12=51,84 manat, 1.5x12x30=540 m3 x 0,12=64,8 manat və 1,5x12x30=540 m3 x 0,12=64,8 manat) 51,84 + 64,8 + 64,8 = 181,44 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli iddiaçının abunə hesabından 1607,04 manat silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 195-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Ağsu X2 İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 aprel 2024-cü il tarixli, ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 1607,04 manat İddiaçı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar