Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1319/2024 31.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin 11 mart 2020ci il tarixli, 167105 saylı aktına əsasən, hesablanmış 854,13 manat borcun qismən - 834,13 manat hissəsində silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır. İşıq sayğacı küçədə yerləşir. Həmişə elektrik enerjisindən qanuni şəkildə istifadə etmiş və pulunu da, ödəmişdir. 4 il əvvəl cavabdeh "xxxx" ASC tərəfindən əlavə olaraq 854.13 manat borc hesablanmışdır. Səbəbini öyrəndikdə bildirilmişdir ki, sayğacdan kənar xətt aşkar olunmuş və bu səbəbdən də, bu əlavə sərfiyyat hesablanıbdır. Sonradan məlum olmuşdur ki, həqiqətən də, sayğacdan kənar xətt aşkarlanmışdır. Onun bundan xəbəri olmamış, sonra evə gəlib öyrənmişdir ki, həqiqətən də, 2-ci qrup əlil olan oğlu 5-6 gün əvvəl evə daxıl olan naqilin üzərinə qarmaq ataraq, hamam otağına gedən xəttə birləşdirmişdir. Oğlu əslində çox səhv iş tutmuşdur. Lakin, bu səbəbdən ona bir illik müddəti əsas götürüb, bu həcmdə ziyan hesablamaq düzgün deyildir. Bu xətt çoxdan olsaydı, nəzarətçilər hər 15 gündən bir sayğaca, kabel xəttinə baxış keçirirlər. Əgər kənar xətt olsaydı, çoxdan aşkar olunardı. Hesab edir ki, dəymiş ziyan düzgün aparılmamış və yenidən hesablanmalıdır. Bir hamam otağının 15 gündə sərfiyyatı 15-20 manat olar. Odur ki, “Azərişıq" ASC-nin 11 mart 2020-ci il tarixli, 167105 saylı akt əsasında hesablanmış 854,13 manat borc məbləğinin 20 manat hissəsi saxlanılmaqla, qalan hissədə silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Eyni zamanda, cavabdehin nümayəndəsi X1 məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında göstərmişdir ki, iddiaçı tərtib olunmuş xx.xx.2020-ci il tarixli, R167105 saylı akta əsasən, tələb etmə üzrə iddia müddəti başa çatmış və iddiaçı iddia müddətini ötürməklə, 2024-cü ilin aprel ayında məhkəməyə müraciət etmişdir. Odur ki, İddiaçı tələb etmə üzrə iddia müddətini ötürməklə, hazırki tələblə çıxış etdiyindən, iddia müddəti tətbiq edilməklə, iddia ərizəsi təmin olunmamalıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən istehlakçı İddiaçı məxsus Şamaxı şəhəri, Əfəndiyev küçəsində yerləşən yaşayış sahəsində elektrik enerjisi uçotu və “Elektrik enerjisindən istifadə qaydaları”na riayət olunması yoxlanılmış və tərtib edilmiş R167105 nömrəli akta əsasən, abonent İddiaçı məxsus elektrik sayğacına baxış zamanı məlum olmuşdur ki, abonent sayğacdan kənar xətdən istifadə edir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli, R167105 nömrəli akta əsasən, itirilmiş enerjinin bərpası məqsədilə abonent İddiaçı sayğacdan kənar xətdən keçən yükə uyğun toplamda 854,13 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.1-ci bəndinə görə, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə görə, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Həmin Qaydaların 8.3-cü bəndinə görə, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə, hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. Həmin Qaydaların 8.17-1-ci bəndinə görə, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq, elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə, paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla, yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İşin araşdırılmış halları ilə müəyyən olundu ki, istehlakçı (iddiaçı) İddiaçı məxsus yaşayış sahəsində cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektrik enerjisi uçotu və “Elektrik enerjisindən istifadə qaydaları”na riayət olunması yoxlanılmış və tərtib edilmiş akta əsasən, abonent İddiaçı məxsus elektrik sayğacına baxış zamanı məlum olmuşdur ki, abonent sayğacdan kənar xətdən istifadə edir. Tərtib edilmiş akta əsasən, 854,13 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərtib edilmiş akta əsasən, itirilmiş enerji hesabatının düzgün aparılmadığını göstərmişdir. Həmçinin, iddia ərizəsindən və məhkəmə iclasında verilmiş izahatdan görünür ki, iddiaçı yaşadığı ünvanda sayğacdan kənar elektrik enerjisindən istifadə olunmasını etiraf etmiş, hazırda isə cavabdeh iddia ərizəsinə etirazında tələb etmə üzrə müddətin ötürüldüyünü əsas gətirərək, iddia müddətinin tətbiq edilməklə, iddianın rədd olunmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi, məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra, qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında qeyd olunur ki, müqavilə tələbləri və vaxtaşırı icra edilməli öhdəliklərdən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddəti ötürüldüyündən və iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən ərizə verildiyindən, iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 11 mart 2020-ci il tarixli, R167105 nömrəli akta əsasən, hesablanmış 854,13 manat borcun qismən - 834,13 manat hissəsində silinməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən təqdim olunan (alınan) vaxtdan bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1319/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1319/2024
31.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver