Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1323/2024 19.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X22 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı7, X4 nümayəndəsi və eyni zamanda İddiaçı4 və Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X10 və İddiaçı7 Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab olunması tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X10 və İddiaçı7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli İddiaçı5 Nuğay qızının Cavabdeh verdiyi vəsiyyətnamənin etibarsız hesab edilməsi, şəxsi mülkiyyət hüququ ilə verilən evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasporta əsasən, Şamaxı şəhəri, Xətai küçəsi 6 ünvanında yerləşən (köhnə qaydalarla ev 4) 1959-cu ildə tikilmiş bir mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə onların vərəsəlik hüququnun tanınması, onların hər birinin həmin əmlakda 1/8 hissədə payının müəyyən edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq, onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar ərizəni onunla əsaslandırmışdırlar ki, onlar mərhum X6 və İddiaçı5 Nuğay qızının övladlarıdır, digər vərəsələr İddiaçı5 və X10 mərhum qardaşları Rasimin övladları, İddiaçı4 isə həyat yoldaşıdır. X1 xx.xx.2006-cı il tarixdə, İddiaçı5 Nuğay qızı isə xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Şəxsi mülkiyyət hüququ ilə verilən evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasporta əsasən, Şamaxı şəhəri, Xətai küçəsi 6 ünvanında yerləşən (köhnə qaydalarla ev 4), 1959-cu ildə tikilmiş, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi X5 məxsus olmuşdur. Onlar 8 vərəsə, yəni İddiaçı7, İddiaçı2, İddiaçı3, İddiaçı1, Cavabdeh, İddiaçı5, X10, İddiaçı4 vərəsəlik hüququnun tanınması və miras qalmış əmlaka payın müəyyən edilməsi üçün X20 Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Notariat Ofisinə müraciət etmişdirlər. Lakin, müraciətlərinin icrasından xx.xx.2024-cü il tarixdə imtina edilmişdir. İmtinanın səbəbi bacıları Cavabdeh qanunsuz olaraq miras əmlakın bölünməsinə razı olmamasıdır. İmtinasının əsası kimi Cavabdeh bildirir ki, anası sağlığında əmlakını ona vəsiyyət edibdir. Onlar buna qəti narazı oldular. Hesab edirlər ki, anaları əmlakını Cavabdeh vəsiyyət etdiyini vəsiyyətnamədə göstərsə də, dəqiq olaraq hansı əmlak olduğu vəsiyyətnamədə müəyyənləşdirilmədiyindən, həmin vəsiyyətnamə verildiyi gündən etibarsızdır. Həmin vəsiyyətnamə ilə birbaşa olaraq onların mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, vəsiyyətnamə tərtib olunan zaman, onların, yəni birinci növbə vərəsələrin qanuni hüquqları kobud şəkildə tapdalanmışdır. Eyni zamanda, vəsiyyətnamə kobud səhvlərlə tərtib olunmuşdur. Həmin vəsiyyətnamədə heç cür evin vəsiyyət edilib-edilməməsi müəyyən olunmur. Eyni zamanda, Cavabdeh heç bir əsası olmayan və təsdiq edildiyi gündən etibarsız olan bir vəsiyyətnaməni əsas sayaraq, onları qanunsuz olaraq ata evinə buraxmır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı7, X4 nümayəndəsi və eyni zamanda İddiaçı4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmənin əvvəlki iclasında digər iddiaçılar İddiaçı2 və İddiaçı5 iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, X1 ilə İddiaçı5 Nuğay qızı 1958-ci ildə ailə qurmuşlar və birgə nikahda olduqları müddətdə ünvan 1 ünvanında fərdi yaşayış evi tikilmişdir. O, 1973-cü ildə anadan olmuş və hal-hazıradək qeyd olunan ünvanda yaşayır. Atası 2006-cı ildə, anası isə 2023-cü ildə vəfat etmişdir. Anası İddiaçı5 uzun illər o, qulluq etdiyindən, anası sağlığında könüllü olaraq özünə məxsus olan əmlakını, o cümlədən, yaşadıqları fərdi yaşayış evinin özünə məxsus olan hissəsini ona vəsiyyət etmiş və bu barədə şahidlərin iştirakı ilə notariat kontorunda vəsiyyətnamə tərtib edilərək, təsdiq edilmişdir. İştirak edən şahidlərdən Natiq Quliyev tanışları, digər şahid Səhidə Abdiyeva isə dayısı qızıdır. Tərtib edilmiş vəsiyyətnaməni qanuni hesab edir və etibarsız hesab olunması üçün heç bir əsas yoxdur. Göstərilənlərə əsasən, iddianın rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə 3-cü şəxs X20 Xidmət Mərkəzində notariat ofisinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1323/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X10 və İddiaçı7 Cavabdeh qarşı iddia ərizəsinin “vərəsəlik hüququnun tanınması və miras əmlakdan payın müəyyən edilməsi” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X6 ilə İddiaçı5 Nuğay qızı arasında xx.xx.1958-ci il tarixdə Şamaxı rayon qeydiyyat şöbəsində nikah bağlanmışdır. İş materiallarından görünür ki, X6 ilə İddiaçı5 Nuğay qızının birgə nikahından İddiaçı1, İddiaçı7, X7, X14, İddiaçı2, X12, İddiaçı3 və Cavabdeh doğulmuşdur. İş materiallarında olan Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun təsdiq edilmiş surətindən görünür ki, 1959-cu ildə inşa olunmuş, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1979-cu ildə X3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı5 Nuğay qızı tərəfindən qoyulmuş və Şamaxı rayon notariat kontorunda reyestrdə 2V-101 nömrə ilə qeyd edilmiş xx.xx.2018-ci il tarixli vəsiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı5 Nuğay qızı ölən günədək ona məxsus olan bütün əmlakını Şamaxı şəhəri, Xətai küçəsi, ev 6-da qeydiyyatda olan Cavabdeh vəsiyyət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-1178-ci və 1193-cü maddələrin məzmunu notarius tərəfindən İddiaçı5 Nuğay qızına izah edilmiş və vəsiyyətnamənin mətni İddiaçı5 Nuğay qızına oxunmuşdur. X2 və X15 təsdiq etmişdirlər ki, vəsiyyətnaməni İddiaçı5 Nuğay qızı imzalamışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2006-cı ildə, İddiaçı5 Nuğay qızı isə xx.xx.2023-cü ildə ölmüşdür. İş materiallarında olan Notariat əməliyyatı aparmaqdan imtina haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X10, İddiaçı7 və Cavabdeh ərizə ilə notariat ofisinə müraciət edərək, miras qoyan X5 məxsus olmuş Şamaxı şəhəri ərazisində yerləşən daşınmaz əmlaka dair vərəsəlik hüququ əsasında onlara çatası əmlak payının verilməsini xahiş etmişdirlər. Lakin, payların həcmi və mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olduğundan, vərəsələrə bununla bağlı məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Beləliklə, işin araşdırılmış hallarından müəyyən olundu ki, hazırki iş üzrə tərəflərin valideynləri arasında xx.xx.1958-ci il tarixdə nikah bağlanmış və onların birgə nikahından İddiaçı1, İddiaçı7, X7, X14, İddiaçı2, X12, İddiaçı3 və Cavabdeh doğulmuşdur. X6 xx.xx.2006-cı ildə, İddiaçı5 Nuğay qızı isə xx.xx.2023-cü ildə ölmüşdür. 1959-cu ildə inşa olunmuş, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi miras qoyan X5 məxsus olmuşdur. Miras qoyanın arvadı İddiaçı5 Nuğay qızı ölən günədək ona məxsus olan bütün əmlakını xx.xx.2018-ci il tarixdə qızı, hazırki iş üzrə Cavabdeh vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə X2 və X11 iştirakı ilə Şamaxı rayon notariat kontorunda tərtib edilərək, təsdiq edilmişdir. Həmçinin, tərəflərin məhkəmə iclasında verdiyi izahatından müəyyən olundu ki, notariat kontorunda vəsiyyətnamə tərtib edilərkən, iştirak edən şahidlərdən Səhidə Abdiyeva adlı şəxs vəsiyyət edənin qardaşı qızı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1179.1-ci maddəsinə əsasən, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1180.1-ci maddəsinə əsasən, vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. 1180.2-ci maddəsinə əsasən, vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. 1184-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. Eyni zamanda, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 57-ci bəndinə əsasən, vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Təlimatın 59-cu bəndinə əsasən, notariuslar fəaliyyət qabiliyyəti olan ayrıayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. Həmin Təlimatın 60-cı bəndinə əsasən, vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığı alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. Göründüyü kimi, Şamaxı rayon notariat kontorunun notariusu tərəfindən qanunun tətbiqində səhvə yol verilərək, notariat kontorunda vəsiyyətnamə tərtib və təsdiq edilərkən, vəsiyyətin şahidi ola bilməyən vəsiyyət üzrə vərəsənin dayısı qızı olan Səhidə Abdiyeva adlı şəxs şahid qismində iştirak etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1225.1-ci maddəsinə əsasən, vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.2-ci maddəsinə əsasən, qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. 1225.3-cü maddəsinə əsasən, əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.3-cü maddəsinə əsasən, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, hazırki iş üzrə mübahisə predmeti olan əqd qanunla müəyyən olunmuş şərtləri pozulmaqla bağlandığından, iddia qismən təmin olunmalı, İddiaçı5 Nuğay qızı tərəfindən qoyulmuş və Şamaxı rayon notariat kontorunda reyestrdə 2V-101 nömrə ilə qeyd edilmiş xx.xx.2018-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilməli, ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq, iddiaçıya verilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1229-cu maddəsinin tələblərinə görə, vəsiyyətnamənin etibarsız sayıldığı halda, bu vəsiyyətnamə ilə vərəsəlik hüququndan məhrum edilmiş vərəsə mirası ümumi əsaslar üzrə ala bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektıv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbıq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmış qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı5 Nuğay qızı tərəfindən qoyulmuş və Şamaxı rayon notariat kontorunda reyestrdə 2V-101 nömrə ilə qeyd edilmiş xx.xx.2018-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq, İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1323/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1323/2024
19.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver