Məhkəmə qərarları › İş №2(074)-133/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-133/2024

10.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-133/2024 10.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 may 2023-cü il tarixli ******* saylı aktına əsasən hesablanmış 2592 manat cərimənin ləğv edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 10 may 2023-cü il tarixli 038628-4 saylı aktın və eyni tarixli X3 dair Tələbnamənin surətlərindən görünür ki, Cavabdeh İB-in X5 İdarəsi onun işlətdiyi qaz sayğacında hansısa naməlum səbəbdən istifadəsində olan G-4 markalı ******* nömrəli qaz sayğacının (abonent kodu **********20000) “hesablama mexanizminin qapağının yan tərəfindən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması səbəbindən təbii qaz itkisinin yaranması’’ əsası ilə ona ümumilikdə 21600 kub metr qaz itkisi səbəbi ilə 2592 manat cərimə yazılmışdır. Həmin sənədlərdən göründüyü kimi orada daha sonra yazılıb ki, mövcud sayğac qaz təsərrüfatının layihəsmeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilsin. Bu açıq-aydın göstərir ki, qaz sayğacının istifadə müddəti bitmişdir deyə yenisi ilə əvəz olunması nəzərdə tutulmuşdur. 10 may 2023-cü il tarixli X3 dair Tələbnamədə də yazılanlar və əsaslandırmalar həqiqətə uyğun deyildir. Çünki, istifadə etdiyi həmin sayğacda qaz itkisi olmamışdır. Əgər Cavabdeh İB-i iddiaçının qaz sayğacını dəyişdirib yenisi ilə əvəz edirsə, buna etirazı yoxdur. Amma tərtib olunmuş Aktın təsdiq edilmiş surətində yazılanlar şərböhtandır - belə ki, istifadəsində olan həmin sayğaca onun ailə üzvləri tərəfindən müdaxilə edilməmişdir. “Abonentin Saldosu”ndan görünür ki, 2022-ci ildə, habelə 2023-cü ilin iyul ayının sonunadək hər ay qaz sərfiyyatı olmuş və o, da buna uyğun ödənişlər etmişdir. Əgər işlətdiyi qaz sayğacı istifadə müddətinin bitməsinə görə düzgün işləmirsə (hətta yeni quraşdırılmış qaz sayğacı da sərfiyyatı göstərmirsə), buna o məsuliyyət daşımır. Odur ki, Cavabdeh İB-in əməkdaşları tərtib etdiyi cərimə aktında yazılanlar onun təqsiri deyildir. Sayğacın istifadə müddəti bitdiyinə görə ola bilsin düzgün işləməsin - bu isə onun və ailə üzvlərinin təqsiri deyil. O və ailə üzvləri istifadələrində olan həmin qaz sayğacına heç bir müdaxilə etməyiblər. Ona məxsus qaz sayğacı giriş qapısından bayırdadır. Aylıq qaz istifadəsi ödənişlərini də yerinə yetirib. Ona görə də Cavabdeh əməkdaşlarının tərtib etdiyi 10 may 2023-cii il tarixli ******* saylı akt və eyni tarixli X3 dair Tələbnamədə yazılanlar əsassız olduğundan orada ona yazılmış 2592 manat cərimə ləğv edilməlidir. Bu məqsədlə əvvəlcə Ağsu rayon məhkəməsinə müraciət edib. Lakin Ağsu Rayon Məhkəməsi 2(016)- 976/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardad qəbul edərək ərizə və sənədləri geri qaytarıb bildirdi ki, iddiaçı bu tələblə qeydiyyatda olduğu rayon - yəni Şamaxı Rayon Məhkəməsinə müraciət etməlidir. Son illərdə Şamaxı rayonunda Cavabdeh İB-nin əməkdaşları tərəfindən qaz istifadəçilərinə qarşı belə xoşagəlməz əməllər baş alıb gedir. Abonentlərə əsassız cərimələr yazılır və bu kimi çoxsaylı qanunsuz əməllər kimlərsə tərəfindən qəsdən törədilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”-nin surətindən görünür ki, Cavabdeh İB İddiaçı məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı evində olan qaz sayğacı dövlət yoxlanılmasına gönədirilmişdir. İş materiallarında olan Cavabdeh 14-2-2/3-5-4807/2023/Q001 saylı xx.xx.2023-cü il tarixli qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, G6 markalı ******* nömrəli qaz sayğacına baxış keçirilmiş və baxış zamanı sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması müəyyən edilmişdir. İş materiallarında olan təbii X2nın pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, Cavabdeh 14-2-2/3-5-4807/2023/Q001 saylı, xx.xx.2023cü il tarixli aktına əsasən aşkarlanmış qüsur zamanı dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarında olan 10 may 2023-cü il tarixli X3 dair tələbnamədən görünür ki, qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat hesabat aparılması və hesablanmış 21600 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi xx.xx.2023-cü il tarixli, ******* saylı akt göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X2nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən qaz sayğaclarının üzərində xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “X2”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2 və 6.1.7-ci yarımbənləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 2592 manat məbləğində borc hesablamışdır. Lakin hazırda iddiaçı 2592 manat məbləğin silinməsini tələb edir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, iddiaçıya qazdan istifadəyə görə hesablanmış 2592 manat məbləğində borc cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 45,92 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 195-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Ağsu X4 İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən tərtib edilmiş təbii X2nın pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən qanunsuz hesablanmış 2592 manat İddiaçı abunə hesabından silinsin. Cavabdehndən 45,92 (qırx beş manat doxsan iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar