Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-141/2021 12.07.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun qaytarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı MMC borclu Cavabdeh qarşı “məhkəmə əmri haqqında” ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1995-ci ildə Göyçay rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 10140 manat məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 10160 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin hesabına ödənilməsini xahiş etmişdir. Şamaxı rayon məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(074)-1026/2020 saylı məhkəmə əmri ilə borclu Cavabdeh 10140 manat məbləğində əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 10160 manat məbləğində pulun alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi əmr edilmişdir. Şamaxı rayon Məhkəməsinin 15 dekabr 2020-ci il tarixli 2(074)-1026/2020 saylı qərardadı ilə Şamaxı rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(074)-1026/2020 saylı məhkəmə əmri ləğv edilmiş və kreditor İddiaçı MMC-nin borclu Cavabdeh qarşı “məhkəmə əmri haqqında” ərizəyə dair materiallar iddia icraatına keçirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kreditor İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2019-cu il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən borclu Cavabdeh 1 ədəd dəyəri 3184 manat olan İphone XS MAX 64 GB Gold markalı mobil telefon, 1 ədəd dəyəri 416 manat olan Samsung A20 Black markalı mobil telefon və 1 ədəd dəyəri 6540 manat olan TV Samsung UE75NU7100U markalı televizor əldə edib. Borclu əmlakların cəmi dəyəri olan 10140 manatı hər ay 845 manat olmaqla 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. Lakin borclu müqavilə üzrə borcunu ödəməkdən imtina edib. Bu barədə borcluya dəfələrlə şifahi xəbərdarlıq edilsə də, borclu müqavilə öhdəliyini icra etməyib. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, müqavilədə olan imza ona məxsus deyil. Buna görə də iddianın təmin olunmamasını xahiş edir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 16 yanvar 2019-cu il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC 1 ədəd dəyəri 3184 manat olan İphone XS MAX 64 GB Gold markalı mobil telefonu, 1 ədəd dəyəri 416 manat olan Samsung A20 Black markalı mobil telefonu və 1 ədəd dəyəri 6540 manat olan TV Samsung UE75NU7100U markalı televizoru alıcı Cavabdeh verməyi, alıcı isə müəyyən edilmiş qaydada və müddətdə satıcıya müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 14.10.2020-ci il tarixli № 265/20 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 16 yanvar 2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı MMC-yə 10140 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2021-ci il tarixli № 4/525 saylı ekspert rəyindən görünür ki, 16 yanvar 2019-cu il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsində “Alıcı” qrafasındakı imza Cavabdeh tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatnın dəyəri 122 manat təşkil edir. İş materiallarında olan 12.10.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçı Cavabdeh ilə 16 yanvar 2019-cu il tarixli, nisyə alqı-satqı müqaviləsi bağlanmasına istinad edərək ondan həmin müqavilə üzrə ödənilməmiş pul məbləğini tələb etsə də iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə həmin müqavilədə alıcı qrafasındakı imzanın Cavabdeh tərəfindən deyil başqa şəxs tərəfindən icra edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk olaraq cavabdehin iddiaçı qarşısında öhdəliklərinin yaranıb-yaranmaması məsələsi araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 406.3-cü maddəsinə görə yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsi ilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 407.2-ci maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə hesab edir ki, yuxarıda istinad edilən maddi hüquq normalarının tələbləri baxımından nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehin öhdəliyinin yaranması üçün ilk olaraq iddiaçı tərəfindən həmin müqavilənin cavabdehlə bağlanılması sübut edilməlidir. Hazırki işin halları ilə isə həmin hal öz təsdiqini tapmır. İddiaçının iddia tələbinin əsasını təşkil edən yeganə sübutunun Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından mötəbərliyinin araşdırılması məqsədilə, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Alınmış ekspertiza tədqiqatının rəyi ilə 16 yanvar 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsində alıcı qrafasındakı imzanın cavabdeh tərəfindən icra edilmədiyi müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən iddia tələbini təsdiq edəcək başqa sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının müqavilə üzrə malları verməsindən ibarət öhdəliyini icra etməsi müəyyən edilmədiyindən, həmin müqavilə üzrə pulun qaytarılması tələbi də əsassız olmaqla təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə xərclərinin ödənilməsi məsələsi də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrində göstərilmişdir ki, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin olunmadığını nəzərə alıb, qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi 20 manat dövlət rüsumu iddiaçıya aid edilməli, keçirilmiş məhkəmə ekspertizaları tədqiqatının dəyəri 122 manat da iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. İddiaçı MMC-dən 122 manat məbləğində ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-141/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-141/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver