Məhkəmə qərarları › İş №2(074)-15/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-15/2022

15.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-15/2022 15.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması və üzərinə qəyyum təyin olunması” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi (maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Məlhəm kənd sakini, 27.02.1985-ci il təvəllüdlü Seyidov Ruslan İlham oğlunun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi və üzərinə qəyyum təyin olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahat verib bildirdi ki, onun qardaşı X5 ruhi xəstədir. Oliqofreniya imbesillik dərəcəsində dioqnozu ilə ömürlük birinci qrup əlildir. Ümumi mülkiyyətdə olan evləri və torpaq sahələri var. Onun idarəçiliyi ilə bağlı sərbəst olaraq öz hüquqlarını həyata keçirə bilmir, əmlakları üzərində sərbəst olaraq sərəncam verə bilmir, başqasının yardımına ehtiyacı var. Ona qəyyum təyin olunmalıdır. Şamaxı rayon İHB-nin Qəyyumluq və himayə orqanına müraciət etmiş, orada ona bildirilmişdir ki, məhkəməyə müraciət olunmalı məhkəmə qardaşının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması və üzərinə qəyyum təyin olunması barədə qərar qəbul etməlidir. Bundan sonra ona qəyyum təyin oluna bilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Şamaxı rayon İHB-nin Qəyyumluq və Himayəçilik üzrə komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan V-ЖГ 333017 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1978-ci ildə Şamaxı rayonu Məlhəm kəndində anadan olmuşdur. İş materiallarında olan X-ЖГ 408485 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Seyidov Ruslan İlham oğlu 27 fevral 1985-ci ildə Şamaxı rayonu Məlhəm kəndində anadan olmuşdur. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Şamaxı rayonu Məlhəm kəndində yerləşən 0.15 ha torpaq sahəsinin 0.03 hektarı X1, 0.03 hektarı Ərizəçi, 0.03 hektarı Seyidov Ruslan İlham oğlunun və 0.06 hektarı X3 mülkiyyətindədir. İş materiallarında olan 05.11.2020-ci il tarixli həkim arayışından görünür ki, Seyidov Ruslan İlham oğlu 2003-cü ildən Şamaxı rayon Mərkəzi Xəstəxanasının həkim psixiatrda oliqofreniya imbesillik dərəcəsində dioqnozu ilə ömürlük birinci qrup əlildir İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 11.02.2022-ci il tarixli 339 saylı rəyindən görünür ki, X4 ağır dərəcəli əqli gerilik aşkar olunmuşdur. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Seyidov Ruslan İlham oğlunda müəyyən edilən kəskin ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Beləliklə, Şamaxı rayonu Məlhəm kəndində yaşayan 27 fevral 1985-ci il təvəllüdlü X2 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Seyidov Ruslan İlham oğlu əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair hissədə ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin Respublikasının MPM-nin 321.2 maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi qismən təmin edilməli, qardaşı Şamaxı rayonu Məlhəm kəndində yaşayan 27 fevral 1985-ci il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-150 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Şamaxı rayonu Məlhəm kəndində yaşayan 27 fevral 1985-ci il təvəllüdlü Seyidov Ruslan İlham oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar