Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-157/2022 15.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab olunması və borcun silinməsi” tələbinə dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 aprel 2021-ci il tarixli ******* saylı aktının etibarsız hesab olunması və qanunsuz hesablanmış 216 manat borc məbləğininin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayonu Dağ Bağırlı kəndində yaşayır. İşlətdiyi qaz sayğacı anası X1 adınadır. Anası 24.12.2019-cu il tarixdə vəfat etmişdir. Hazırda həmin evdə o yaşayır və anasının adına olan qaz sayğacından o, istifadə edir. 30 oktyabr 2020-ci il tarixdə cavabdehin nümayəndələri Dağ Bağırlı kəndində köhnə sayğacları dəyişən zaman onların sayğacı dəyişmək istədiklərini bildirmişlər, o, etiraz etməmiş dəyişib yenisini qoymuşlar. Ora burasına baxıb heçnə deməyib, götürüb gəldikləri maşının baqajına atdılar. 15-20 gün əvvəl ona qazdan borcu olduğu deyilib. Sərfiyyatdan əlavə 216 manat da qalıq borcu göstərilib. Qaz idarəsinə gələrək bunun nədən yarandığını öyrənmək istəyib, sayğaca müdaxilə olunduğu deyilib. Sayğacın plombunda əzik var. Sayğacı dəyişəndə bir söz deməyiblər. Üstündən bir il keçəndən sonra plomda əzik olduğu deyiblər. O, onların dediyi ilə razılaşmır. Əgər belə bir əzik var idisə ona göstərməli idilər. Labaratoriyaya göndərirdilərsə yanında bağlamaya qoyub ağzını bağlayıb yanındaca möhürləməli idilər. Bu olunmayıb. Buna kim zəmanət verir ki, sayğac açılıb aparılandan sonra özləri ona nə isə etməyiblər. Ümumiyyətlə, o küçədə qoyulmuş sayğacın bütövlüyünə sazlığına cavabdeh olan şəxs deyil, küçədə olan sayğacın sazlığına cavabdeh istehsalçı, yəni Cavabdeh özüdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh İB iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, bildrimişdir ki, 30.10.2020-ci il tarixində "Azəriqaz” X3 RQİİ-nin Şamaxı XS-nin əməkdaşları Şamaxı rayonu Dağ bağırlı kəndində yaşayan X1 yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı 30.10.2021-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G4 markalı ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 29/1710-01755-1 saylı 26.04.2021-ci il tarixli akta əsasən sayğacın plastmas qapağının üzərində olan zavod qurğuşun plombu kənar təsir nəticəsində əzilmiş, təbii qaz itgisi yaranmış və sayğac istismara yararsız hesab edilmişdir. Həmin akta əsasən X1 yaşadığı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 29.04.2021-ci il tarixli, ******* nömrəli “Təbii X4nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 30 aprel 2021-ci il tarixdə itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək X1 adına olan Şamaxı XS-nin abonent bazasındakı **********00059 nömrəli abonent koduna 2160 m3-216 (iki yüz on altı) manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. X1 abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Şamaxı rayonu Dağ Bağırlı kəndində yaşayan X1 hesablanmış 216 manat məbləğin silinməsi tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh Azəriqaz İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh 06.08.2015-ci il tarixli 187-59 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”-nin surətindən görünür ki, Cavabdeh İB-yi X2 məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında № ******* saylı aktın surətindən görünür ki, X1 evində olan “Elster” tipli, G-4 markalı ******* nömrəli qaz sayğacı dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan Cavabdeh 26.04.2021-ci il tarixli № MSK-29/1710-01755-1 saylı qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, “Elster” tipli, G-4 markalı ******* nömrəli qaz sayğacının yoxlanılması zamanı sayğacın plastmas qapağının üzərində olan zavod qurğuşun plombu kənar təsir nəticəsində əzilməsi aşkar olunmuşdur. İş materiallarında olan təbii X4nın pozulması haqqında 29.04.2021-ci il tarixli № ******* saylı aktın surətindən görünür ki, Cavabdeh 26.04.2021-ci il tarixli № MSK-29/1710- 01755-1 saylı aktına əsasən aşkarlanmış qüsur zamanı dəymiş ziyanın hesablanması qərara alınmışdır. Bu zaman həmin mənzildə qaz piltəsi PQ-4 və radiator peçi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarında olan 30.04.2021-ci il tarixli Ağsu X6 İdarəsinin qərarından görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən maksimal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddət 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 2160 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 29.04.2021-ci il tarixli № ******* saylı akt göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “X4”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2 və 6.1.7-ci yarımbənləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İş üzrə iddiaçının yaşadığı evin qaz ilə təchizatın hesablaşmasını təmin edən sayğacın evdən kənarda quraşdırılması cavabdeh təşkilat tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Belə ki, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh İB iddiaçının ünvanında quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliliklə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına hər hansı müdaxilə olunması halı təsdiq edilmədiyindən, eləcə də 29.04.2021-ci il tarixli ******* nömrəli akt X4nın tələblərinin kobud surətdə pozulması ilə tərtib edildiyindən həmin akt üzrə hesablanmış 216 manat iddiaçının abunə hesabından silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Ağsu X6 İdarəsinin tərtib etdiyi təbii X4nın pozulması haqqında 29.04.2021-ci il tarixli ******* nömrəli akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 216 manat borc məbləği X1 abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-157/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-157/2022
15.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver