Məhkəmə qərarları › İş №2(074)-1643/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1643/2024

16.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1643/2024 16.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktlar əsasında yazılmış cərimənin silinməsi” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş 14 dekabr 2021-ci il tarixli, ******* saylı və 31 mart 2023-cü il tarixli, ******* saylı aktlar əsasında hesablanmış 4895,62 manat məbləğində cərimənin silinməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Abonent kodu **********00966-dır. Onlar az təminatlı ailə olublar. İmkanları olmadığı üçün qaz pulunu vaxtlı-vaxtında ödəyə bilməyiblər. Qaz idarəsinin işçiləri həmişə qazlarını kəsiblər. Kəndin axırındakı evlərə gedən qaz xətti onların həyətindən keçib. Dəfələrlə qaz idarəsinə müraciət ediblər ki, partlayış ola biləcəyi üçün qaz xətti həyətdən çıxarılsın. Amma onlar öz vəsaitləri ilə xəttin yerinin dəyişdirildiyini bildiriblər. Həmin xəttin üzərində işlənməyən ağzı bağlı halda “saçok” var idi. Gecə reydlərində həyətlərinə qanunsuz şəkildə girib həmin xəttə baxıblar. Amma, heç vaxt o “saçok”a boru birləşdirilməyib deyə, onlar çıxıb gediblər. Sonradan məlum olub ki, hər yoxlamaya gələndə onlara cərimə yazılıb. Həmin vaxt atası sağ olub, həmişə onlarla mübahisə edib. Onlar öz istifadə etdikləri qazın dəyərini ödəmədikləri üçün mənzillərinə əvvəlcədən ödənişli smart sayğac quraşdırlıb. Qaz kartı koda düşəndə idarəyə yaxınlaşıb və onda cərimənin olduğunu biliblər. Sənədləri tələb edəndə məlum olub ki, Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında 14 dekabr 2021-ci il tarixli, ******* saylı və 31 mart 2023-cü il tarixli, ******* saylı aktlarında sayğacdan kənar qeyri-qanuni xətt ilə qazdan istifadə halına görə qanunsuz olaraq şəxsi hesablarına 901,06 manat və 3994,56 manat olmaqla ümumilikdə, 4895,62 manat məbləğində cərimə yazıblar. Atası rəhmətə gedəndən sonra o, Şuşa və Xankəndində fəhləçilik edə-edə maşın sürərək ailələrini güclə dolandırıb. Onlara yazılan qanunsuz 4895,62 manat borcu ödəməyə maddi imkanları yoxdur. İstəyib ki, məhkəməyə müraciət etsin, deyiblər ki, qaz sayğacı ölü adındadır. Rəhmətlik atasının adında olan kodu və sayğacı öz adlarına keçirəndən sonra müqavilə bağlayandan sonra məhkəməyə müraciət edib. Əgər kimsə qazdan sayğacdan kənar işlətsə belə, 4895,62 manat qaz istifadə edə bilməz. Kiminsə qaz pulunu onlara yazıblar. Mövcud qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə görə həmin sayğacda olan hər hansı qüsura görə iddiaçı abunəçi olaraq məsuliyyət daşımır. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh İsthsalat Birliyi tərəfindən onun abonent hesabına aktlar əsasında yazılmış 901,06 manat və 3994,56 manat olmaqla, ümumilikdə 4895,62 məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, atası ola bilsin ki, sayğacdan kənar xəttdən istifadə edib. Bu barədə onda məlumat yoxdur. Lakin o, sayğacdan kənar xəttdən istifadə edilməsi ilə bağlı ona yazılmış yüksək məbləğdən narazıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 14 dekabr 2021-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent kodu **********00966 olan İddiaçı sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. İş materiallarında olan 14 dekabr 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq sərfi 0,8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddət 90 gün, tutumlu su qızdırıcı maksimal saatlıq qaz sərfi 1,5 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, İran sobası maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 8208 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 14 dekabr 2021-ci il tarixli, ******* saylı akt göstərilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 mart 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent kodu **********00966 olan İddiaçı təbii qazdan istifadə qaydalarına zidd olaraq sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etmişdir. İş materiallarında olan 31 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq sərfi 0,8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddət 365 gün, tutumlu su qızdırıcı maksimal saatlıq qaz sərfi 1,5 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün, İran sobası maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 33288 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 31 mart 2023-cü il tarixli, ******* saylı akt göstərilmişdir. İş materiallarında olan İddiaçı adına olan abonent saldosundan (abonent kodu **********00966) görünür ki, cavabdehin hesabına ümumilikdə 4895,62 manat məbləğində borc hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1,2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «Qazdan istifadə Qaydaları»nın 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 3.1.11-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Qeyd olunan Qaydaların tələblərindən görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməli, həmçinin istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının məhz 90 gün və 365 gün sayğacdan kənar təbii qazdan istifadə etməsi hallarına dair hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya hesablanmış cərimə məbləği 1 (bir) ay müddətinə hesablanmalıdır. Bu isə 14 dekabr 2021-ci il tarixli, ******* saylı akta əsasən (0,8x24x30=576 m3 x 0,12 = 69,12 manat, 1.5x24x30=1080 m3 x 0,12 = 129,6 manat və 1,5x24x30=1080 m3 x 0,12= 129,6 manat), yəni 69,12 + 129,6 + 129,6 = 328,32 manat təşkil edir. 31 mart 2023-cü il tarixli, ******* saylı akta əsasən isə (0,8x24x30=576 m3 x 0,12 = 69,12 manat, 1.5x24x30=1080 m3 x 0,12 = 129,6 manat və 1,5x24x30=1080 m3 x 0,12= 129,6 manat), yəni 69,12 + 129,6 + 129,6 = 328,32 manat təşkil edir. Ümumilikdə, 14 dekabr 2021-ci il tarixli, ******* saylı və 31 mart 2023-cü il tarixli, ******* saylı aktlara əsasən 656,64 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli iddiaçının abunə hesabından 4238,98 (4895,62 manat - 656,64 manat) manat silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 195-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Ağsu X2 İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 14 dekabr 2021-ci il tarixli, ******* saylı və 31 mart 2023-cü il tarixli, ******* saylı aktlara əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 4238,98 manat İddiaçı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar