Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-170/2025 25.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, iddiaçı X1 Cavabdehnə qarşı hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 1987,47 manat borc məbləğinin onun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdam rayonundan məcburi köçkün kimi Şamaxı rayonu, Meysəri kəndində məskunlaşmışdır. Yaşadığı mənzilin abonent kodu **********00210. Yaşadığı ünvanda 2010-cu ildən təbii qazdan istifadə olunur. Dövlətin verdiyi imtiyazlardan yararlanaraq, istilik kimi təbii qazdan istifadə etmiş və istifadə olunan təbii qazın dəyəri vaxtlı-vaxtında Azərbaycan Respublikasi Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən ödənilirdi. Cavabdeh təşkilatın əməkdaşları 2017-ci ilin mart ayında onun ünvanında olan qaz sayğacını açıb yenisi ilə əvəz edərək, smart-kart tipli sayğac quraşdırmışlar. Həmin vaxta qədər heç vaxt ona nə borc haqqında, nə də aylıq sərfiyyat haqqında bildiriş təqdim olunmamışdır. Smart tipli sayğac quraşdırılan zaman, yüklədiyi pul qədər kub sayğacın balansında görünürdü. 2018-ci ilin yanvar ayından isə yüklədiyi puldan borca çıxılmağa başlanıldı. Həmin gün qaz idarəsinə müracit etmiş və ona bildirmişlər ki, 1987,47 manat debitor borcu vardır. Həmin gündən bu günə kimi smart karta yüklədiyi puldan debitor borca çıxılır. O, heç vaxt sayğacdankənar qazdan işlətməmiş, əlavə xətti olmamışdır. Məcburi köçkün ailəsi olaraq dövlətin verdiyi limitlə ailəsini saxlamışdır. Özü müharibə veteranıdır, medalla təltif olunmuşdur. Hesablanmış cəriməni əsassız hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmişdir. Eyni zamanda, cavabdehin nümayəndəsi Əli-zadə Xəyyam Rafiq oğlu iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək göstərmişdir ki, Cavabdeh Ağsu X4 İdarəsinin Şamaxı Xidmət Sahəsində abonent kimi qeydiyyatda olan İddiaçı yaşadığı ünvanda 2010-cu ilin oktyabr ayında sayğac quraşdırılmış, abonentin qaçqın statusu olduğundan, abonentə 2016-cı il tarixə kimi qaçqın limiti ayrılmışdır. Lakin, cavabdeh 2010-cu ildən 2016-cı ilin oktyabr ayına kimi, dövlət tərəfindən nəzərdə tutulmuş limitdən artıq təbii qaz istifadə etmişdir. Belə ki, İddiaçı 2010-cu il tarixdə 120.50 manat, 2011-ci il üçün 252 manat, 2012-ci il üçün 225 manat, 2013-cü il üçün 252 manat, 2014-cü ili üçün 252 manat, 2015-ci il üçün 270 manat və 2016-cı il üçün 210 manat ayrılmışdır. Lakin, abonent İddiaçı ayrılmış limitdən artıq istifadə edərək, 2017-ci ilin mart ayına kimi 1987.47 manat borcu yaranmış və yaranmış borc abonent bazasında öz əksini tapır. Ağsu RQli-nin Şamaxı XS tərəfindən cavabdehə hər ay təbii qazdan istifadə ilə bağlı borcunun olması ilə bağlı bildiriş təqdim edilmişdir. Cavabdehə sayğac quraşdırıldığı tarixdən etibarən, istifadə etdiyi təbii qaza görə bir dəfə olsun belə, könüllü ödəniş aparmamışdır. Abonentin ünvanına 2017-ci ilin mart ayında SMART-kart tipli qaz sayğacı quraşdırılmışdır. 2017-ci il tarixdən hazırki vaxta kimi, abonent tərəfindən hər dəfə kartla ödəniş edildiyi zaman, həmin məbləğin 20%-i həcmində, ümumilkdə 375 manat tutularaq, abonent bazasında olan borcdan silinmiş və hazırda 1612.47 manat borcu qalmışdır. Cavabdeh 2017-ci il tarixdən aparmış olduğu ödənişlərdən tutulmaların aparılmasından məlumatlı olmuş və borcun həmin formada tutulmasına razı olmuşdur. Belə ki, cavabdeh tərəfindən 2017-cı ilin mart ayından başlayaraq, keçən 7 (yeddi) il ərzində borcundan aparılan tutulmalarla bağlı hər hansı bir narazılıq olmamışdır. Eyni zamanda, cavabdeh İddiaçı ilə Cavabdeh İB arasında qazdan istifadə ilə bağlı 2022-ci il tarixdə müvafiq qaydada müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında “356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanında deyilir ki, işlədilən hər kub metr qazın dəyəri ödənməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qazdan istifadə qaydaları haqqında Qərarın 6.5 bəndinə əsasən, təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə, qazpaylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Şamaxı rayonu, Meysəri kəndində yaşayan İddiaçı hesablanmış 1987.47 manat borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı Ağdam rayonundan məcburi köçkün kimi, Şamaxı rayonunun Meysəri kəndində məskunlaşmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, Şamaxı rayonu, Meysəri kəndində yaşayan abonent İddiaçı 2016-cı ilin dekabr ayına təbii qazdan istifadə ilə bağlı 1987,47 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Ağdam rayonundan məcburi köçkün kimi, Şamaxı rayonunda məskunlaşmışdır. İddiaçı istehlakçı kimi yaşadığı Şamaxı rayonu, Meysəri kəndində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə etmişdir. Abonent saldosuna əsasən, ondan tələb edilən borc məbləği 2010-cu ildən başlayaraq, 2016-cı ilin dekabr ayınadək hesablanmışdır. 2010-cu ildən iddiaçının yaşadığı Şamaxı rayonu, Meysəri kəndində yerləşən ünvanında Smart-kart tipli sayğac quraşdırılan tarixə, yəni 2017-ci ilin mart ayına kimi təbii qazdan istifadə ilə bağlı hesabat aparılmamışdır. İddiaçı bildirir ki, istifadə etdiyi təbii qazın dəyərini həmişə ödəmişdir. Göründüyü kimi, iddiaçıya 2010-2016-cı illər ərzində istifadə olunmuş təbii qaz borcuna dair bildiriş təqdim olunmamışdır. Halbuki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən, tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə, qaz paylayıcısı istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda, qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi, qanunvericilikdə istehlakçıya verilmiş qazın dəyərinin qaz sayğacının göstəricilərinə əsasən, qaz paylayıcısı tərəfindən hər ay üzrə hesablanması, növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim edilməsi, qazın sayğacla müəyyənləşdirilən hesabının istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətində tam ödənilməsi və müvafiq hesabın istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətində tam ödənilmədiyi halda, qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildirişin göndərilməsi nəzərdə tutulmuşdur. Lakin, qanunla nəzərdə tutulmuş qeyd olunan tələblərin yerinə yetirilməsi iş materialları ilə müəyyən olunmur və bununla bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək, qeyd olunan qanunvericilik normalarını əsas tutaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 1987,47 manat borc məbləği İddiaçı abunə hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da, cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatdan yuxarı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 39,88 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 1987,47 manat borc məbləği İddiaçı (abonent kodu **********00210) abunə hesabından silinsin. Məhkəmə xərci olaraq 39,88 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-170/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-170/2025
25.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver