Məhkəmə qərarları › İş №2(074)-172/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-172/2025

14.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-172/2025 14.03.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borc məbləğinin silinməsinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağsu X4 İdarəsinin Şamaxı xidmət sahəsi tərəfindən əsassız olaraq hesablanmış 1954,69 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Kəlbəcər rayonundan məcburi köçkün kimi Şamaxı rayonunun Çuxuryurd kəndində məskunlaşmışdır. Yaşadığı ünvanın abonent kodu **********01290. Dövlətin verdiyi imtiyazlardan yararlanaraq, istilik kimi təbii qazdan istifadə etmişdir. İstifadə olunan təbii qazın dəyəri vaxtlı-vaxtında Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmişdir. Qaz idarəsi tərəfindən yaşadığı ünvanda ilk dəfə 2016-cı ildə ******* nömrəli mexaniki sayğac quraşdırılıbdır. 2017-ci ildə isə 1602AZ**********08 nömrəli smart tipli sayğac quraşdırılmışdır. Həmin vaxta qədər nə borc haqqında, nə də aylıq sərfiyyat haqqında bildiriş təqdim olunmamışdır. Smart sayğac quraşdılan zaman, yükləndiyi pul qədər kub sayğacın balansında görünürdür. Lakin, 2018-ci ilin sentyabr ayında pul yükləmiş, həmin puldan borca çıxılmışdır. Məsələni aydınlaşdırmaq üçün, həmin gün qaz idarəsinə getmiş və məlum olmuşdur ki, onun 1954,69 manat borcu vardır. Həmin borcu əsasssız hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2010-cu ildə yaşadıqları ərazi üçün, 7 ailəyə nəzərdə tutulmuş ümumi qaz sayğacı quraşdırılmışdır. 2016-cı ildə isə hər ailəyə ayrı-ayrı mexaniki sayğac quraşdırılmışdır. 2017-ci ildə Smart tipli sayğac quraşdırılanadək, istifadə etdiyi qaz sərfiyyatı barədə ona bildiriş təqdim olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmişdir. Eyni zamanda, cavabdehin nümayəndəsi Əli-zadə Xəyyam Rafiq oğlu iddia tələbinə etiraz ərizəsində göstərmişdir ki, Cavabdeh Ağsu X4 İdarəsinin Şamaxı XS-də abonent kimi qeydiyyatda olan İddiaçı ünvanında 2010-cu ilin oktyabr ayında sayğac quraşdırılmış, abonentin qaçqın statusu olduğundan, abonentə 2016-cı il tarixə kimi qaçqın limiti ayrılmışdır. Lakin, cavabdeh 2010-cu ildən 2016-cı ilin oktyabr ayına kimi, dövlət tərəfindən nəzərdə tutulmuş limitdən artıq təbii qaz istifadə etmişdir. Belə ki, İddiaçı 2010-cu il tarixdə 27 manat, 2011-ci il üçün 93 manat, 2012-ci il üçün 150 manat, 2013-cü il üçün 168 manat, 2014-cü il üçün 168 manat, 2015-ci il üçün 168 manat və 2016-cı il üçün 132 manat ayrılmışdır. Lakin, abonent İddiaçı ayrılmış limitdən artıq istifadə edərək, 2017-ci ilin mart ayına kimi 1954.69 manat manat borcu yaranmış və yaranmış borc abonent bazasında öz əksini tapır. Ağsu RQİİ-nin Şamaxı XS tərəfindən cavabdehə hər ay təbii qazdan istifadə ilə bağlı borcunun olması ilə bağlı bildiriş təqdim edilmişdir. Cavabdehin ünvanında sayğac quraşdırıldığı tarixdən etibarən istifadə etdiyi təbii qaza görə, bir dəfə olsun belə könüllü ödəniş aparmamışdır. İddiaçı ünvanında 2017-cı iin mart ayında SMART-kart tipli qaz sayğacı quraşdırılmışdır. 2017-cı il tarixdən hazırkı vaxta kimi, abonent tərəfindən hər dəfə kartla ödəniş edildiyi zaman, həmin məbləğin 30% -i həcmində ümumilkdə 39.97 manat tutularaq, abonent bazasında olan borcdan silinmiş, hal-hazırda 1932.72 manat borcu qalmışdır. Cavabdeh 2017-ci il tarixdən aparmış olduğu ödənişlərdən tutulmaların aparılmasından məlumatlı olmuş və borcun həmin formada tutulmasına razı olmuşdur. Belə ki, cavabdeh tərəfindən 2017-cı ilin mart ayından başlayaraq, keçən 7 (yeddi) il ərzində borcundan aparılan tutulmalarla bağlı hər hansı bir narazılıq olmamışdır. Eyni zamanda, cavabdeh İddiaçı ilə Cavabdeh İB arasında qazdan istifadə ilə bağlı 2022-ci il tarixdə müvafiq qaydada müqavilə bağlanmışdır. Göstərilənlərə əsasən, Şamaxı rayonu Çuxuryurd kəndində yaşayan İddiaçı “hesablanmış 1954.69 manat borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Mamedov X1 rayonundan məcburi köçkün kimi, Şamaxı rayonunun Çuxuryurd kəndində müvəqqəti yaşayır. İş materiallarında olan Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, paylayıcı Cavabdeh həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, istehlakçı İddiaçı keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq, paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan abonentin saldosundan görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yaşayan abonent İddiaçı 2017-ci ilin mart ayına kimi təbii qazdan istifadə ilə bağlı 1954,69 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Mamedov X1 rayonundan məcburi köçkün kimi Şamaxı rayonunda məskunlaşmışdır. İddiaçı istehlakçı kimi yaşadığı Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə etmişdir. 2010-2016-cı illər ərzində iddiaçı bir neçə məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş ümumi sayğacdan istifadə etmiş və həmin illər üzrə qaz sayğacının göstəricisinə dair iddiaçıya hesabat təqdim olunmamışdır. Abonent saldosuna əsasən, istehlakçıdan tələb edilən 1954,69 manat borc məbləği 2010-cu ildən 2017-ci ilin mart ayına kimi hesablanmışdır. Yəni, 2017-ci ilin mart ayına kimi - iddiaçının yaşadığı Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən ünvanında Smart tipli sayğac quraşdırılan tarixə təbii qazdan istifadə ilə bağlı hesabat aparılmamışdır. İddiaçı bildirir ki, istifadə etdiyi təbii qazın dəyərini həmişə ödəmiş, hesab edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən, tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Ona heç vaxt qaz borcuna dair bildiriş verilməyibdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə, qaz paylayıcısı istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda, qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi, qanunvericilikdə istehlakçıya verilmiş qazın dəyərinin qaz sayğacının göstəricilərinə əsasən, qaz paylayıcısı tərəfindən hər ay üzrə hesablanması, növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim edilməsi, qazın sayğacla müəyyənləşdirilən hesabının istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətində tam ödənilməsi və müvafiq hesabın istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətində tam ödənilmədiyi halda, qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildirişin göndərilməsi nəzərdə tutulmuşdur. Lakin, qanunla nəzərdə tutulmuş qeyd olunan tələblərin yerinə yetirilməsi iş materialları ilə müəyyən olunmur və bununla bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək, qeyd olunan qanunvericilik normalarını əsas tutaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 1954,69 manat borc məbləği İddiaçı **********01290 nömrəli abonent kodundan silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da, cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatdan yuxarı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 39,55 manat dövlət rüsumu Cavabdehndən dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 1954,69 manat borc məbləği İddiaçı **********01290 nömrəli abonent kodundan silinsin. Cavabdehndən 39,55 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar