Məhkəmə qərarları › İş №2(074)-1796/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1796/2025

26.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1796/2025 26.01.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Əli-X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “aktlar əsasında yazılmış cərimənin silinməsi” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İsthsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 2073.60 məbləğində cərimənin silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı şəhəri, Məhəmməd Əsədov küçəsi, ev 37 onun evidir. Abonent kodu **********00120-dir. Yuxarıda qeyd olunan ünvanda yoldaşı ilə ikisi yaşayır. Hər ay ödəniş edib. Qış aylarında bir otaqda həm qaz, həm də odun yandırırlar, imkanları olmadığı üçün yay aylarında qohum və qonşular ağaclarını budayanda həmin odunları qışa tədarük edib. 2023-cü ildə isə bunu ede bilməyib. Sentyabr ayının əvvəlində səhv də olsa bu yola əl atıb. xx.xx.2023-cü ildə Azəriqaz İB-nin nümayəndələri gəlib ki, onlar qazdan qeyri-qanuni xətt ilə sayğacsız istifadə edirlər. O da icazə verib ki, xətlərə və mənzilinə baxış keçiriblər. Mənzilində 1 ədəd 4 göz var olub. Nazirlər kabinetini 80 saylı qərarında qeyd edildiyi kimi ona yazılan cərimənin düzgün hesablanmasını xahiş edir. O, sentiyabr ayında bu qədər qaz işlədə bilməz. 2025-ci ilin yanvar, fevral, mart aylarında da əvvəlki illərdə olduğu kimi odundan istifadə edib. Qaz idarəsinin nümayəndələri qış aylarında sayğaca baxış keçirən zaman evimdə odun yandırdığını bildiriblər. Amma Cavabdeh İB-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktında sayğacdan kənar qeyri qanuni xətt ilə qazdan istifadə halına görə qanunsuz olaraq şəxsi hesabına 2073.60 manat məbləğində cərimə yazıblar. Ona görə qanunsuzdur ki, o, bir aya bu qədər qaz işlədə bilməz. Mövcud qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun tələblərinə görə həmin sayğacda olan hər hansı qüsura görə o, abunəçi olaraq məsuliyyət daşımır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Əli-X4 iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 03 oktyabr 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent kodu **********00120 olan İddiaçı sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan 03 oktyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz sayğacının nominal saatlıq sərfinin 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddət 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 17280 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 03 oktyabr 2023-cü il tarixli, ******* saylı akt göstərilmişdir. İş materiallarında olan İddiaçı adına olan abonent saldosundan (abonent kodu **********00120) görünür ki, cavabdehin hesabına 2023-cü ilin oktyabr ayına ümumilikdə 2073 manat 60 qəpik məbləğində borc hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1,2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «Qazdan istifadə Qaydaları»nın 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11- 2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 3.1.11-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Qeyd olunan Qaydaların tələblərindən görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməli, həmçinin istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının məhz 360 gün sayğacdan kənar təbii qazdan istifadə etməsi hallarına dair hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya hesablanmış cərimə məbləği 1 (bir) ay müddətinə hesablanmalıdır. Bu isə 03 oktyabr 2023-cü il tarixli, ******* saylı akta əsasən (4x12x30=1440 m3 x 0,12 = 172,80 manat), yəni 172 manat 80 qəpik təşkil edir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının abunə hesabından 1900 manat 80 qəpik (2073,60 manat – 172,80 manat) manat silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 195-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Ağsu X3 İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 03 oktyabr 2023-cü il tarixli, ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 1900 manat 80 qəpik İddiaçı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar