Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1829/2025 16.03.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 19 avqust 1990-ci ildə anadan olmuş bacısı Nərimanova Zərifə Aydın qızının sağlamlıq vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətləri idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 19 avqust 1990-ci ildə anadan olmuş bacısı Nərimanova Zərifə Aydın qızı (Ş/V:AA4274108, FİN:4RHU88A) Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla hazırda onun və ailə üzvlərinin himayəsində yaşayır. Bacısı ümumi xəstəliklər səbəbindən uşaq beyin iflici, beyin forma, psixi fiziki inkişafdan qalma ilə qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu ilə dispanser qeydiyyatındadır. Müddətsiz birinci dərəcəli əlildir. Əmək qabiliyyətsizdir, hazırda iyirmi beş yaşındadır. Ümumi xəstəliklər səbəbindən sağlamlığında problemləri olduğu üçün daima kənar şəxsin qulluq və nəzarətinə ehtiyacı olur. Sərbəst olaraq öz hüquqlarını həyata keçirə bilmədiyi üçün başqa şəxslərin köməyinə ehtiyacı olduğundan bütün fiziki işlərində o və ailə üzvləri kömək göstərir. Ambulator müalicəsilə bağlı dövlət tibb müəssisələrindən dərmanları verilərkən və digər məsələlərinin həlli ilə bağlı qəyyumluqda olması barədə müvafiq sənəd istəyirlər. Buna görə də o, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və bundan sonra da ona qəyyum təyin olunmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Şamaxı rayon İHB-nin Qəyyumluq və Himayəçilik üzrə komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan ХV-ЖГ № 254890 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nərimanova Zərifə Aydın qızı 19 avqust 1990-cı ildə Şamaxı rayonu, Cabanı kəndində anadan olub. X2, anası X1r. İş materiallarında olan “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” barədə çıxarışın surətindən görünür ki, Nərimanova Zərifə Aydın qızına uşaq beyin iflici, beyin forma, psixi fiziki inkişafdan qalma diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 hüquqi şəxsin 13 yanvar 2026-cı il tarixli, 113 nömrəli rəyindən görünür ki, Nərimanova Zərifə Aydın qızında uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik müəyyən edilir. Nərimanova Zərifə Aydın qızı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə Nərimanova Zərifə Aydın qızı tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Nərimanova Zərifə Aydın qızı onda müəyyən uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Beləliklə, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ünvanında yaşayan 19 avqust 1990-cı il təvəllüdlü Nərimanova Zərifə Aydın qızının əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, Nərimanova Zərifə Aydın qızı əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, onun bacısı - Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ünvanında yaşayan 19 avqust 1990-cı il təvəllüdlü Nərimanova Zərifə Aydın qızı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ünvanında yaşayan 19 avqust 1990-cı il təvəllüdlü Nərimanova Zərifə Aydın qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №2(074)-1829/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1829/2025
16.03.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver