Məhkəmə qərarları › İş №2(074)-220/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-220/2025

24.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-220/2025 24.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktlar əsasında yazılmış cərimənin silinməsi” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş 03 noyabr 2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 2073,60 manat məbləğində cərimənin silinməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxı şəhəri, N.Nəcəfov ev 110-da yaşayır. Abonent kodu **********00010-dur. Qeyd olunan ünvanda çox az hallarda yaşayır. 9 ildir tək yaşayır. Çox vaxt oğlunun yanında Sumqayıt şəhərində yaşayır. Qonşular da bilir ki, həyat yoldaşından sonra Şamaxıya az hallarda gəlir. Qaz idarəsindən gəliblər ki, o, qazdan qeyri-qanuni işlədir. O da icazə verib və xəttə baxıblar. Heç vaxt o xəttdən qazdan istifadə etməmişdir. Bilmir ki, onu kim qoşub. Amma Cavabdeh İB-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktında sayğacdan kənar qeyri-qanuni xətt ilə qazdan istifadə halına görə qanunsuz olaraq şəxsi hesabına 2073,60 manat məbləğində cərimə yazıblar. Əgər kimsə qazdan qeyri-qanuni işlətsə belə 1 aya 2073 manat qaz istifadə edilə bilməzdi. Əlavə bildirib ki, "xxxx" MMC-nin işçiləri xətlərdə sızmanı və ya qeyri-qanuni qoşulmaları yoxlayarkən heç vaxt onların xəttə levi xətt qoşulmayıb. Kirayə qalan qoşub pulsuz qaz işlətmək üçün həmin ay da onu evdən çıxartmışdır. Qeyd edir ki, hər ay qaz pulu yığan bilirdi ki, evdə yaşayış yoxdur. Ona görə xətləri yoxlatdırmırdı. Yaşayış olan kimi yoxlamanı gətirdi. Cərimə də 1 ay üçün yazılmalı idi. Mövcud qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə görə həmin sayğacda olan hər hası qüsura görə o, abunəçi olaraq məsuliyyət daşımır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, evini bir müddət kirayəyə vermiş, ola bilsin ki, kirayəşin sayğacdan kənar xətt vasitəsilə qazdan qeyri qanuni istifadə edib. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 03 noyabr 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent kodu **********00010 olan İddiaçı sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan 03 noyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz sayğacının nominal saatlıq sərfinin 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddət 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 17280 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 03 noyabr 2023-cü il tarixli, ******* saylı akt göstərilmişdir. İş materiallarında olan İddiaçı adına olan abonent saldosundan (abonent kodu **********00010) görünür ki, cavabdehin hesabına ümumilikdə 2073,60 manat məbləğində borc hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1,2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «Qazdan istifadə Qaydaları»nın 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11- 2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 3.1.11-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Qeyd olunan Qaydaların tələblərindən görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməli, həmçinin istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının məhz 360 gün sayğacdan kənar təbii qazdan istifadə etməsi hallarına dair hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya hesablanmış cərimə məbləği 1 (bir) ay müddətinə hesablanmalıdır. Bu isə 03 noyabr 2023-cü il tarixli, ******* saylı akta əsasən (4x12x30=1440 m3 x 0,12 = 172,80 manat), yəni 172,80 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının abunə hesabından 1900,80 (2073,60 manat – 172,80 manat) manat silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 195-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Ağsu X2 İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 03 noyabr 2023-cü il tarixli akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 1900,80 manat İddiaçı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar