Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-237/2020 02.06.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı ABC Telecom MMCnin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.05.2018-ci il tarixli müqavilə üzrə imei kodu **********42522 olan Samsung Galaxy J5 markalı telefon və LG markalı paltaryuyan üçün 165 manat ödənilməmiş hissə, 0 manat cərimə, 05.06.2018-ci il tarixli müqavilə üzrə Samsung markalı led üçün 1071 manat ödənilməmiş hissə, 107 manat cərimə, ümumilikdə 1343 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1373 manat borcun Cavabdeh alınaraq ABC Telecom MMC ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ABC Telecom MMC ilə bağladığı 11.05.2018-ci il və 05.06.2018-ci il tarixli müqavilələrə əsasən imei kodu **********42522 olan Samsung Galaxy J5 markalı telefon, LG markalı paltaryuyan, Samsung markalı led almış və nəticədə 1343 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.05.2018-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 2136 manat olan imei kodu **********42522 olan Samsung Galaxy J5 markalı telefon və LG markalı paltaryuyan üçün ümumilikdə 165 manat borc, 05.06.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1234 manat olan Samsung markalı led üçün ümumilikdə 1178 manat olmaqla, 1071 manat ödənilməmiş hissə, 107 manat cərimə borcu qalmışdır. Cavabdeh cəmi 2134 manat ödəniş etmişdir. Odur ki, iddiaçı, 11.05.2018ci il tarixli müqavilə üzrə imei kodu **********42522 olan Samsung Galaxy J5 markalı telefon və LG markalı paltaryuyan üçün 165 manat ödənilməmiş hissə, 0 manat cərimə, 05.06.2018-ci il tarixli müqavilə üzrə Samsung markalı led üçün 1071 manat ödənilməmiş hissə, 107 manat cərimə, ümumilikdə 1343 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1373 manat borcun Cavabdeh alınaraq ABC Telecom MMC ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ABC Telecom MMC məhkəməyə teleqram göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, o, ABC Telecom MMC-dən 11.05.2018-ci il tarixli və 05.06.2018-ci il tarixli müqavilələrə əsasən Samsunq Galaxy J5 markalı telefon, LG markalı paltaryuyan və Samsung markalı led televizoru kreditlə almış, bir neçə gün sonra televizor qusurlu olduğundan ABC Telecom MMC-yə zəng edərək televizoru ya yenisi ilə əvəz etmələrini, ya da etdiyi ödənişin ona geri qaytarılmasını tələb etmiş, televizor geri alınmış, ödədiyi pul isə geri qaytarılmamışdır. Daha sonra ona nə başqa televizor, nə də pul qaytarılmışdır. O, 168 manat televizora görə ödəniş etmiş, hazırda isə ümumilikdə 165 manat borcu qalmışdır. Həmçinin o, Samsung markalı led televizoru təhvil-təslim aktı tərtib edilməklə iddiaçı ABC Telecom MMC-yə qaytarmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan 11.05.2018-ci il tarixli 137675 saylı müqavilədən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən LG F2J6NNP8S markalı paltaryuyan, Samsung Galaxy J5 markalı telefon və iki illik qızıl zəmanət almışdır. İş materiallarında olan 05.06.2018-ci il tarixli k00164930 saylı müqavilədən görünür ki, Cavabdeh ABC Telecom MMC Samsung led 43M5500AUXRU markalı televizoru iki illik qızıl zəmanətlə almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlində, Cavabdeh ABC Telecom MMC-yə 11.05.2018-ci il tarixli müqavilə üzrə 165 manat əsas, 0 manat cərimə olmaqla, cəmi 165 manat, 05.06.2018-ci il tarixli müqavilə üzrə 1071 manat əsas, 107 manat cərimə olmaqla, cəmi 1178 manat borcunun olduğu göstərilir. İş materiallarında olan 2823 saylı təhvil-təslim aktından görünür ki, Cavabdeh Samsung markalı led televizoru 10.12.2018-ci il tarixdə təhvil vermişdir. İş materiallarında olan 14.01.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı ABC Telecom MMC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəflər arasında bağlanmış 11.05.2018-ci il tarixli 137675 saylı müqaviləyə əsasən LG markalı paltaryuyanı və Samsung Galaxy J5 markalı telefonu hər ay üçün 89 manat olmaqla, bərabər hissələrlə ödəməsi şərti ilə 09.05.2020-ci il tarixədək 2136 manata, 05.06.2018-ci il tarixli k00164930 saylı müqaviləyə əsasən Samsung markalı led televizoru hər ay üçün 63 manat olmaqla, bərabər hissələrlə ödəməsi şərti ilə 16.12.2019-cu il tarixədək 1234 manata cavabdehə nisyə satmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədikdə cərimə ödəcəyini vəd etmişdir. Cavabdeh dəyəri üzrə 168 manat ödəniş etdiyi Samsung markalı led televizoru 10.12.2018-ci il tarixdə iddiaçıya təhvil vermişdir. İddiaçı 11.05.2018-ci il tarixli müqavilə üzrə 165 manat, 05.06.2018-ci il tarixli müqavilə üzrə 1071 manat ödənilməmiş hissə, 107 manat cərimə olmaqla, ümumilikdə 1178 manat borcun tutulmasını tələb etmiş, iddiasını cavabdehin həmin məbləğdə borcunun yaranması və öhdəliklərini lazımi qaydada icra etmədikdə cərimə ödəcəyini vəd etməsi ilə əsaslandırmışdır. Məhkəmə, yanaşı yoxlanılmış maliyyə və ödəniş cədvəli ilə cavabdehin iddiaçıya 11.05.2018-ci il tarixli müqavilə üzrə 165 manat borcunun olmasının təsdiq edildiyini nəzərə alaraq, iddiaçının həmin vəsaitin özünə ödənilməsini tələb etməkdə haqlı olduğu nəticəsinə gəlir. Məhkəmə, onu da qeyd etməyi zəruri sayır ki, digər müqavilə ilə satılmış əşyada qüsurların olması cavabdehin 11.05.2018-ci il tarixli müqavilə üzrə öhdəliyinin icrasından imtina etməsi üçün əsas olmamış və o, 11.05.2018-ci il tarixli müqavilə üzrə öhdəliyini icra etməyə borclu olmuşdur. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı Samsung markalı led televizoru geri aldığından, onun dəyərinin özünə ödənilməsini tələb etmək, eləcə də dəyəri ödəməyən cavabdehə cərimə hesablamaq hüququnu itirmişdir. İndiki halda əksinə iddiaçının televizoru yenisi ilə əvəz etmək və ya cavabdehin ödədiyi pul məbləğini qaytarmaq öhdəliyi yaranmışdır və cavabdeh iddiaçının geri aldığı əşyanın dəyərini ödəmək vəzifəsindən imtina etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin (587.2.1); lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin (587.2.2). Həmin Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, 11.05.2018-ci il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən cavabdehin öhdəliyini icra etməməsi, nəticədə iddiaçının nisyə satılmış əşyaların dəyərinin ödənilməsini tələb etmək hüququ yarandığı tam təsdiq olunduğundan, həmin müqavilə üzrə 165 manat ödənilməmiş hissə və ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı 05.06.2018-ci il tarixli müqavilə üzrə öhdəliyini icra etməsini cavabdehdən tələb etmək hüququnu itirdiyindən iddia tələbi həmin müqavilə üzrə əşyanın dəyərinin və hesablanmış cərimənin tutulmasına dair hissədə rədd edilməli, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh ABC Telecom MMC-nin xeyrinə 11.05.2018-ci il tarixli müqavilə üzrə 165 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-237/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-237/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver