Məhkəmə qərarları › İş №2(074)-243/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-243/2023

28.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-243/2023 28.03.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən, hesablanmış 162 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayonu, Mərzəndiyə kəndində yaşayır. İstifadə etdiyi qaz sayğacı yaşadığı ünvanda küçədə quraşdırılmışdır. Bu yaxınlarda ona bildiriş göndərilmiş və məlum olmuşdur ki, 2018-ci ildə qaz sayğacına müdaxiləyə görə, ona 162 manat borc hesablanmışdır. O, bununla razı deyil. Belə ki, 2018-ci ilin dekabr ayında köhnə qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Hazırda isə ona əvvəlki sayğaca müdaxilə etdiyi bildirilir. Lakin, sayğac onun həyətində quraşdırılmamış və bu səbəbdən sayğacın sazlığına o, cavabdeh deyildir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Eyni zamanda, Cavabdeh nümayəndəsi X3 məhkəməyə müraciət edərək, istehsalat zərurəti ilə əlaqədar, təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, mülki işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Həmçinin, Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh Ağsu RQİİ-nin Şamaxı XS-nin əməkdaşları Şamaxı rayonu, Mərzəndiyə kəndində yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə götürmüşlər. Bununla bağlı xx.xx.2018-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G4 markalı ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 29/1710-02839-37 saylı xx.xx.2018-ci il tarixli akta əsasən, sayğacın hesablama mexanizminin qoruyucu örtüyü alt hissədən deşilmiş və təbii qaz itkisi yaranmışdır. Həmin akta əsasən, İddiaçı yaşadığı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrinə dair xx.xx.2018ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək, itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən, Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində xx.xx.2018-ci il tarixdə İtirilmiş qazın bərpası üzrə akt tərtib edilərək, İddiaçı adına olan Şamaxı XS-nin abonent bazasındakı **********00063 nömrəli abonent koduna 1620 kub/m - 162 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçı abonent koduna hesablanaraq, vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh xx.xx.2015-ci il tarixli 191-63 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Cavabdeh istehlakçı İddiaçı məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. İş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Elster-G4 markalı 11421822 nömrəli qaz sayğacı çıxarılaraq, dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan Cavabdeh 29/1710-02839-37 saylı xx.xx.2018-ci il tarixli qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün alt hissədən deşildiyi və təbii qaz itkisinin yarandığı müəyyən edilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, baxış zamanı Cavabdeh Qaz sayğaclarına nəzarət komissiyasının rəyinə əsasən, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün alt hissədən deşildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması, hesablanmış məbləğin abonent tərəfindən ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Cavabdeh Ağsu X4 İdarəsinin Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə sayğacın hesablayıcı mexanizminin qoruyucu örtüyü alt hissədən deşilməsinə görə, 1 ədəd PQ-2 tipli qaz plitəsi maksimal saatlıq qaz sərfi 0,6 m3/saat, orta günlük iş rejimi 6 saat, 1 ədəd radiator sobası maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 18 saat hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış 1620 m3 məbləğin ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarının 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Göründüyü kimi, fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Məhkəmə qeyd edir ki, qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Bu isə mübahisələndirilən aktda təsbit olunan məlumatların doğruluğuna əsaslı şübhələr yaradır və onun inandırıcı sübut kimi qəbul edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxdıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, qaz sayğacına müdaxilə olunmasında iddiaçının təqsiri sübuta yetirilmədiyindən, iddia təmin edilməli, xx.xx.2018-ci il tarixli, ******* nömrəli akta əsasən, hesablanmış 162 manat borc iddiaçının abunə hesabından silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 195-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktına əsasən, hesablanmış 162 (bir yüz altmış iki) manat borc məbləği İddiaçı abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar