Məhkəmə qərarları › İş №2(074)-29/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-29/2020

20.07.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-29/2020 20.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin boşalıdılaraq cavabdehin vəsaiti hesabına sökülməsi tələbi barədə” iddia tələbi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin boşalıdılaraq cavabdehin vəsaiti hesabına sökülməsi tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində İddiaçı balansında və istismarında olan, diametri 219 mm-lik qaz kəmərinin mühafizə zonasında inşa olunan tikilinin cavabdehin öz vəsaiti hesabına boşaldılaraq sökülməsi, kəmərin mühafizə zonasının bərpa edilməsi, ödənilmiş 10 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının cavabdehdən alınıb İddiaçı İB-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək izahat verib bildirdi ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq İddiaçı balansında və istismarında olan, diametri 219 mm-lik qaz kəmərinin mühafizə zonasında yaşayış evi inşa etmişdir. Tikili diametri 219 mm-lik qaz kəmərininin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə gətirib çıxara bilər. Tikilinin inşa olunması qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, orada çalışan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən tikili təxirəsalınmadan sökülməlidir. Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2000-ci il tarixli, 356 saylı Fərmanının 10-cu bəndi ilə qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikililərin aparılması hallarının qarşısının qəti şəkildə alınması şəhər (rayon) icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Şamaxı rayonu ərazisində yerləşən qanunsuz tikililərlə bağlı Fövqəladə Hallar Nazirliyi X2 tərəfindən xx xxxx 2018-ci il il tarixli, xx/xx-00248 saylı məktubla Ağsu RQİİ-nə müraciət etmişdir. Həmin müraciətlə əlaqədar İdarənin mütəxəssisləri tərəfindən Şamaxı XS-nin nümayəndələrinin iştirakı ilə baxış keçirərək müvafiq akt tərtib edilmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin baxış aktına əsasən xx.xx.2018-ci il tarixli, xx/xx-03733 saylı məktubunda qaz kəmərlərinin mühafizə zonasında qanunsuz tikililərin sökülməsi tələbi ilə bağlı Şamaxı rayonu İcra Hakimiyyətinə müvafiq tədbirlərin görülməsi tapşırığı verilmişdir. Eyni zamanda qanunsuz tikililərin sökülməsi tələbi ilə müvafiq tədbirlərin görülməsi üçün sənədlərin hazırlanaraq aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məqsədəuyğun olduğu göstərilmişdir. Odur ki, Cavabdeh tərəfindən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində İddiaçı balansında və istismarında olan, diametri 219 mm-lik qaz kəmərinin mühafizə zonasında inşa olunan tikilinin cavabdehin öz vəsaiti hesabına boşaldılaraq sökülməsi, kəmərin mühafizə zonasının bərpa edilməsi, ödənilmiş 10 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının cavabdehdən alınıb İddiaçı İB-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı Ağsu RQİİ-nin Ağsu RQİİ-nin Şamaxı Xidmət sahəsinin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, 215 mmlık, qaz kəməri Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayan Cavabdeh həyətindən keçir. İş materiallarına əlavə edilmiş Ağsu RQİİ-nin baş mühəndisi Elməddin İbrahimov tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2017-ci il tarixli məktubla, diametri 219 mm-lık, orta təzyiqli qaz xəttinin mühafizə zonasında yaşayış evi inşa edildiyindən həmin tikilinin 10 gün müddətində sökülərək qaz xəttinin mühafizə zonasından çıxarılmasının təmin edilməsi bildirilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/618 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evi bir mərtəbəli olub, iki tərəfdən məhəllə daxili yol ilə, digər tərəflərdən isə qonşu sahələrlə əhatə olunmuşdur. Yaşayış evinin həyətyanı torpaq sahəsinin sərhədləri mişarlanmış əhəng daşları ilə hörülərək hasara alınmışdır. Tədqiq olunan ünvanda “Azəriqäz” İstehsalat Birliyinin balansında və istismarında olan 219 mm-lik, aşağı təzyiqli yeraltı kəmərinin çəkildiyini nəzərə aldıqda, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin həmin qaz kəmərinin mühafizə zonasından kənarda yerləşdiyi, həyətyanı sahənin sol tərəfindəki sərhəd hasarının 8 metr uzunluqda hissəsinin isə 219 mm-lik, aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edildiyi müəyyən olunur. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı balansında və istismarında olan diametri 219 mm-lik qaz kəmərinin mühafizə zonasında cavabdehin yaşayış evi inşa etdiyini iddia etmişdir. Yanaşı yoxlanılmış ekspert rəyi ilə cavabdehə məxsus Şamaxı rayonu Şəhriyar qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin deyil, evin həyətyanı sahəsinin sol tərəfindəki sərhəd hasarının 8 metr uzunluqda hissəsinin iddiaçının balansında və istismarında olan 219 mm-lik aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edildiyi müəyyən edilmişdir. Məhkəmə rəyi vermiş şəxsin mühəndislik sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşır və cavabdehə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinin sol tərəfindəki sərhəd hasarının 8 metr uzunluqda hissəsinin iddiaçının balansında və istismarında olan 219 mm-lik aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edildiyi nəticəsinə gəlir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehə məxsus Şamaxı rayonu Şəhriyar qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin sol tərəfindəki sərhəd hasarının 8 metr uzunluqda hissəsi iddiaçının balansında və istismarında olan 219 mm-lik aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən Dövlət mülkiyyətində olan torpaqlara dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları daxildir. Həmin Məcəllənin 46-cı maddəsinin 2-ci hissəsinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinə əsasən qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin Qanunun 22-ci maddəsinə əsasən bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çoxsaylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; boru kəmərlərinin sualtı keçidləri xətti boyunca su səthindən onun dibinə qədər olan məkanda, paralel müstəvilər arasında, kənar xəttin orta oxundan hər tərəfə 100 m mühafizə zonası ayrılır; kondensatın saxlanması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır; baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır. Həmin Qaydaların 2 saylı əlavəsinə əsasən, orta təzyiqli (qazın təzyiqi 0,05 kqq.sm2-dən 3,0 kqq/sm2-ə qədər) yeraltı qaz kəmərlərindən binalara və tikintilərə qədər olan məsafə (mühafizə zolağı) 4,0 m təyin olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən Şamaxı rayonu Şəhriyar qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin sol tərəfində tikilmiş sərhəd hasarının 8 metr uzunluqda hissəsi iddiaçının balansında və istismarında olan 219 mm-lik yeraltı qaz kəmərinin mühafizə zonasında yerləşməklə özbaşına tikinti sayıldığından və kəmərin istismarında iddiaçı üçün maneə yaratmaqla iddiaçının maraqlarına toxunduğundan, həmin tikili boşaldılmalı, cavabdehin hesabına sökülərək, mühafizə zonası bərpa edilməli, ödənilmiş dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə bununla yanaşı hesab edir ki, cavabdehə məxsus Şamaxı rayonu Şəhriyar qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin yeraltı qaz kəmərininmühafizə zonasında tikilməsi halı təsdiq edilmədiyindən, iddia tələbi həmin tikilinin sökülməsinə dair hissədə rədd edilməlidir. Buna görə də qismən təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, keçirilmiş ekspertiza üzrə xərc cavabdeh tərəfindən ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Şamaxı rayou Şəhriyar qəsəbəsində yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikili 8 metr uzunluğunda sərhəd hasarı boşaldılsın. Şamaxı rayou Şəhriyar qəsəbəsində yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikili 8 metr uzunluğunda sərhəd hasarı Cavabdeh öz hesabına (əvəzi ödənilmədən) sökülərək, mühafizə zonası bərpa edilsin. 10 (on) manat məbləğində ödənilmiş dövlət rüsumu dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı Cavabdeh alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh keçirilmiş ekspertizanın dəyəri 100 manat alınıb Dövlət Xəzinadarlığı Agentliyi kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesaba köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN:ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar