Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-30/2020 20.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi X9, Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin boşalıdılaraq cavabdehin vəsaiti hesabına sökülməsi tələbi barədə” iddia tələbi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB-yi Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin boşalıdılaraq cavabdehin vəsaiti hesabına sökülməsi tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mədəmmədəli oğlu tərəfindən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində İddiaçı balansında və istismarında olan, diametri 219 mm-lik qaz kəmərinin mühafizə zonasında inşa olunan tikilinin cavabdehin öz vəsaiti hesabına boşaldılaraq sökülməsi, kəmərin mühafizə zonasının bərpa edilməsi, ödənilmiş 10 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının cavabdehdən alınıb İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi X9 iddia ərizəsini müdafiə edərək izahat verib bildirdi ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının tələbləri pozularaq İddiaçı balansında və istismarında olan, diametri 219 mm-lik qaz kəmərinin üzərində yaşayış evi inşa etmişdir. Tikili diametri 219 mm-lik qaz kəmərininin üzərində yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə gətirib çıxara bilər. Tikilinin inşa olunması qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, orada çalışan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən tikili təxirəsalınmadan sökülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarına yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özüllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Odur ki, Cavabdeh tərəfindən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində İddiaçı balansında və istismarında olan, diametri 219 mm-lik qaz kəmərinin üzərində inşa olunan tikilinin cavabdehin öz vəsaiti hesabına boşaldılaraq sökülməsi, kəmərin mühafizə zonasının bərpa edilməsi, ödənilmiş 10 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının cavabdehdən alınıb İddiaçı İB-in hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, həmin mübahisəli tikilinin yerləşdiyi torpağı 10 il bundan əvvəl Bələdiyyədən almışdır. 2014-cü ildə mülkiyyət sənədi almış, bu torpağı əldə edən zaman və hal-hazıradək Bələdiyyə tərəfindən ona bildirilməmişdir ki, həmin ərazidən qaz kəməri keçir. Odur iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılkarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Şamaxı rayonu Şəhriyar qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 37 saylı qərarının surətindən görünür ki, X4fərdi yaşayış evi tikmək üçün Şamaxı rayonu Şəhriyar bələdiyyəsi ərazisindən 0,06 ha torpaq sahəsi ayrılması, DTXK-nin Şamaxı rayon Şöbəsinin hazırladığı sənədlərin nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin Rəyinin surətindən görünür ki, Şamaxı rayonu Şəhriyar Bələdiyyəsinin mülkiyyəti kimi qeydə alınmış 0,06 ha torpaq sahəsinin X1 etiraz edilməmişdir. İş materiallarında olan DTXK-nin Şamaxı rayon Şöbəsinin rəyinin surətindən görünür ki, Şamaxı rayonu Şəhriyar Bələdiyyəsinin mülkiyyəti kimi qeydə alınmış 0,06 ha torpaq sahəsinin X2 qanuna müvafiqdir. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan görünür ki, Şamaxı rayonu Şəhriyar Bələdiyyəsinin mülkiyyəti kimi qeydə alınmış 0,06 ha torpaq sahəsi X4 287000 manata satılmışdır. İş materiallarına əlavə edilmiş A № 505656 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Şamaxı rayonu Şəhriyar qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 37 saylı qərarına əsasən X5 fərdi yaşayı evi tikmək üçün Şamaxı rayonu Şəhriyar bələdiyyəsi ərazisindən 595 kv.m torpaq sahəsi satılmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 rayonu Şəhriyar qəsəbəsində 0,595 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 81,6 kv.m, yaşayış sahəsi 33,9 kv.m, yardımçı sahə 47,7 kv.m olan fərdi yaşayış evini 10000 manat məbləği ilə Cavabdeh satmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən Seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən ümumi sahəsi 81,6 kv.m yaşayış sahəsi 33,9 kv.m, yardımçı sahə 47,7 kv.m, torpaq sahəsi 0,0595 ha olan fərdi yaşayış evi Cavabdeh Mədəmmədəli oğluna məxsusudur. İş materiallarına əlavə edilmiş İddiaçı Ağsu RQİİ-nin Şamaxı Xidmət sahəsinin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən Cavabdeh məxsus olan bir mərtəbəli fərdi yaşayış evi 219 mm-lik, orta təzyiqli qaz kəmərinin üzərində inşa olunmuşdur. İş materiallarına əlavə edilmiş Ağsu RQİİ-nin baş mühəndisi Elməddin İbrahimov tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2017-ci il tarixli məktubla, diametri 219 mm-lik, orta təzyiqli qaz xəttinin mühafizə zonasında bir mərtəbəli fərdi yaşayış evi inşa edildiyindən həmin tikilinin 10 gün müddətində sökülərək qaz xəttinin mühafizə zonasından çıxarılmasının təmin edilməsi bildirilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 10/617 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evi bir mərtəbəli olub, bir tərəfdən məhəllə daxili yol ilə, digər tərəflərdən isə qonşu sahələrlə əhatə olunmuşdur. Yaşayış evinin həyətyanı torpaq sahəsinin sərhədləri mişarlanmış əhəng daşları ilə hörülərək hasara alınmışdır. Tədqiq olunan ünvanda İddiaçı balansında və istismarında olan 219 mm-lik, aşağı təzyiqli yeraltı kəmərinin çəkildiyini nəzərə aldıqda, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin arxa divarının bir hissəsinin, arxa tərəfdəki sərhəd hasarının 4,0 metr hissəsinin və yardımçı tikilinin 1,4 metrə qədər hissəsinin 219 mm-lik, aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edildiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı, tikintinin sökülməsini tələb etmiş, iddiasını tikintinin qaz kəmərinin mühafizə zonasında aparması ilə əsaslandırmışdır. İddiaçının həmin dəlili yanaşı yoxlanılmış ekspert rəyi ilə qismən tamamlanmışdır. Məhkəmə ekspertin mühəndislik sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq, cavabdehə məxsus fərdi yaşayış evinin arxa divarının bir hissəsinin, arxa tərəfdəki sərhəd hasarının 4,0 metr hissəsinin və yardımçı tikilinin 1,4 metrə qədər hissəsinin qaz kəmərinin mühafizə zonasına düşdüyünü müəyyən etmiş 10/617 saylı xx.xx.2020-ci il tarixli rəylə razılaşır. Bununla yanaşı həmin halın iddianın təmin edilməsinə əsas olmadığı nəticəsinə gəlir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, sökülməsi tələb olunan tikintilər və onun yerləşdiyi torpaq sahəsi cavabdehin mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Qanunvericiliyin qeyd edilən normalarının tələblərindən göründüyü kimi, cavabdehin sökülməsi tələb olunan tikintinyə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə Dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququ var. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə iş üzrə sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, cavabdeh sökülməsi tələb olunan tikintiyə və onun yerləşdiyi torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə Dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququnu itirmədiyindən iddia tələbi təmin edilə bilməz. Buna görə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə eyni zamanda hesab edir ki, iddia rədd edildiyindən keçirilmiş ekspertiza üzrə xərc iddiaçı tərəfindən ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin boşalıdılaraq cavabdehin vəsaiti hesabına sökülməsi tələbi barədə” ilkin iddiası rədd edilsin. İddiaçındən ekspert xərci üzrə 100 manat alınıb Dövlət Xəzinadarlığı Agentliyi kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesaba köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-30/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-30/2020
20.07.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver