Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-315/2025 08.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşlarının ona tətbiq etdiyi 06 dekabr 2024-cü il tarixli, 006570 saylı akta əsasən, hesabanmış 2265,25 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı şəhəri, Azadlıq küçəsi 18 saylı evdə yaşayır. Elektrik enerjisindən qanuni şəkildə istifadə edir. 06 dekabr 2024-cü il tarixdə X1 işçiləri gəlib ona bildirmişlər ki, istifadəsində olan elektrik sayğacında faza ilə sıfır naqilləri səhv bağlanıbdır və köhnə sayğacı çıxarılıb, yenisi ilə əvəz edilmiş və bildirmişlər ki, 2265,25 manat əlavə sərfiyyat hesablanıbdır. O, hesablanmış borcu əsassız hesab edir. Məhkəmənin hazırlıq iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" ASC-nin 06 dekabr 2024-cü il tarixli, 006570 saylı aktına əsasən, əsassız hesablanmış 2458,38 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, elektrik sayğacı yaşadığı fərdi yaşayış evinin daxilində yox, həyətdən çöldə, hasarda quraşdırılmışdır. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakı təmin edilməmişdir. Eyni zamanda, cavabdehin nümayəndəsi iddia tələbinə etiraz ərizəsini göndərərək göstərmişdir ki, iddiaçının Şamaxı şəhəri, Azadıq küçəsində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla, **********03992 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2024-cü il tarixdə “Azərişıq" ASC-nin əməkdaşları R.Osmanov və B.Manafov tərəfindən Şamaxı şəhəri, Azadlıq küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına elektrik enerjisindən istifadə Qaydalarına uyğun baxış keçirilmişdir. Baxış zamanı, elektrik sayğacının şəbəkəyə qoşulma sxeminin səhv olduğu aşkar edilmişdir. Belə kı, sayğacın giriş faza yuvasına sıfır xətti, sıfır xətti yuvasına isə faza xətti verilmiş, kənar mənbədən verilmiş sıfır vasitəsi ilə sayğac dövrədən kənaşdırılmışdır. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydalarının 8.17.1 bəndinin tələbinə uyğun olaraq, adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2024-cü il tarixli, NİM006570 saylı akt tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli, NİM006570 saylı akta əsasən, "xxxx" ASCnin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 276 gün üçün 0.08 manatla 1821 kvt.s (dəyəri 145.68 manat) 0.09 manatla 910 kvt.s (dəyəri 81.90 manat) və 0.13 manatla 17160 kvt.s (dəyəri 2230.80 manat), toplamda 2458.38 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçının faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən videoçəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan videoçəkilişdə açıq aşkar öz əksini tapır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı istehlakçı kimi Şamaxı şəhəri, Azadlıq küçəsində yerləşən fərdi yaşayış evində "xxxx" ASC-nin enerji satış bazasında **********03992 saylı kod altında qeydiyyatdadır. İş materiallarından görünür ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, NİM 006570 nömrəli akta əsasən, istehlakçı İddiaçı məxsus Şamaxı şəhəri, Azadlıq küçəsində yerləşən fərdi yaşayış evində elektrik enerjisi uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunması yoxlanılmış və elektrik sayğacının şəbəkəyə qoşulma sxeminin səhv olması müəyyən olunmuşdur. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli, NİM 006570 nömrəli akta əsasən, "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itilmiş enerjinin bərpası məqsədilə, abonentə sayğacdan keçən yükə uyğun 276 gün üçün 0,08 manatla 1821 kvt.s (dəyəri 145,68 manat), 0,09 manatla 910 kvt.s (dəyəri 81,90 manat) və 0,13 manatla 17160 kvt.s (dəyəri 2230,80 manat) olmaqla, toplamda 2458,38 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı istehlakçı kimi Şamaxı şəhəri, Azadlıq küçəsində yerləşən fərdi yaşayış evində elektrik enerjisindən istifadə edir. Həmin ünvanda fərdi yaşayış evinin hasarının xarici tərəfində elektrik sayğacı quraşdırılmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus ünvanda elektrik enerjisi uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunması yoxlanılmış və həmin zaman, elektrik sayğacının şəbəkəyə qoşulma sxeminin səhv olması müəyyən olunmuşdur. Tərtib edilmiş akta əsasən, abonentə 2458,38 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Hazırda isə iddiaçı tərtib edilmiş aktı qanunsuz hesab edərək, həmin akt əsasında hesablanmış borcun silinməsini xahiş edir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün, enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin, elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda, təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən, məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən, məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.9-cu bəndinə əsasən, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin, yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə, hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin, mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün, ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 7.10-cu bəndinə əsasən, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Göründüyü kimi, məişət abonentlərinin yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə, enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Məhkəmə qeyd edir ki, elektrik sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, sayğaca müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin, iddiaçı tərəfindən elektrik sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Bu isə mübahisələndirilən aktda təsbit olunan məlumatların doğruluğuna əsaslı şübhələr yaradır və onun inandırıcı sübut kimi qəbul edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxdıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, elektrik sayğacına müdaxilə olunmasında iddiaçının təqsiri sübuta yetirilmədiyindən, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, NİM 006570 nömrəli akt əsasında hesablanmış 2458,38 manat borc məbləği İddiaçı abunə hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da, cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 44,59 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, NİM 006570 nömrəli akt əsasında hesablanmış 2458,38 manat borc İddiaçı abunə hesabından silinsin. Cavabdeh "xxxx" ASC-dən 44,59 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-315/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-315/2025
08.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver