Məhkəmə qərarları › İş №2(074)-337/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-337/2024

04.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-337/2024 04.04.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 Cavabdehnə qarşı “aktın əsasında yazılan cərimənin silinməsi” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı1 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz“ X1 regional Qaz İstismarı İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “0355160” saylı aktı əsasında hesablanmış 172,80 manat məbləğində cərimənin silinməsi tələbinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Abonent kodu **********00963-dür. Hər ay təbii qazdan istifadə edir. Həmin qaz sayğacı işlək vəziyyətdə olub, hər ay da bildiriş təqdim olunub. 2022-ci ilin oktyabr ayında onun şəxsi hesabına 172,80 manat cərimə yazılmışdır. Cərimə yazılmasını 2023-cü ilin noyabr ayında bilmişdir. Qaz idarəsinə yaxınlaşmış, işçilərlə görüşmüş, onlara haqlı iradını bildirmişdir ki, sayğacı siz quraşdırmısınız, yenə də siz açmısınız. O, sayğaca heç bir müdaxilə etməmişdir. Plombu da yerindədir. Hər ay da sərfiyyat gəlmişdir. Qaz İdarəsində abonent adı İddiaçı2 kimi qeyd olunmuşdur. Ad dəyişmə etdikdən sonra məhkəməyə müraciət edə biləcəyini demişlər. O də ad dəyişmə etmişdir. Məlum olmuşdur ki, Cavabdeh təbii X2nın pozulması haqqında xx.xx.2022-ci il tarixli “0355160” saylı aktında “G-4” markalı “**********2” saylı sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyinə görə təbii qaz itkisi yaranmış və həmin akta əsasən 172,80 manat məbləğində cərimə edilmişdir. Mövcud qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə görə həmin sayğacda olan hər hansı qüsura görə o, abonəçi olaraq məsuliyyət daşımır. Daha sonra İddiaçı1 ərizə təqdim edərək, onun Cavabdehnə qarşı “aktın əsasında yazılan cərimənin silinməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə onun əsl İddiaçı2 ilə əvəz edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı1 ərizə təqdim edərək, onun Cavabdehnə qarşı “aktın əsasında yazılan cərimənin silinməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə onun əsl İddiaçı2 ilə əvəz edilməsi barədə ərizəsinin nəzərə alınmaması və iddiaya onun tələbi üzrə baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, evi İddiaçı2 almış və 6 ildir ki, evdə o, yaşayır. Həmçinin o, Cavabdeh İB ilə öz adına müqavilə də bağlayıb. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli “0355160” saylı aktın surətindən görünür ki, İddiaçı1 evində olan G-4 markalı, **********2 nömrəli qaz sayğacı dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan Cavabdeh № MSK-29/1710-03976-1 saylı xx.xx.2022-ci il tarixli qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, G-4 markalı, **********2 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilmiş, sayğacın daxilində kənar təsir izləri aşkar edilməmişdir. İş materiallarında olan təbii X2nın pozulması haqqında xx.xx.2022-ci il tarixli “0355160” saylı aktın surətindən görünür ki, Cavabdeh № MSK-29/1710-03976-1 saylı xx.xx.2022-ci il tarixli aktına əsasən aşkarlanmış qüsur zamanı dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli X3 İstismarı İdarəsinin qərarından görünür ki, İddiaçı1 itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən maksimal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddət 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 1440 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi xx.xx.2022-ci il tarixli “0355160” saylı akt göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X2nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən qaz sayğaclarının üzərində xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “X2”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2 və 6.1.7-ci yarımbənləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 172,80 manat məbləğində borc hesablamışdır. Lakin hazırda iddiaçı 172,80 manat məbləğin silinməsini tələb edir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, iddiaçıya qazdan istifadəyə görə hesablanmış 172,80 manat məbləğində borc cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 195-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. “Azəriqaz“ X1 regional Qaz İstismarı İdarəsinin Şamaxı Xidmət Sahəsinin tərtib etdiyi təbii X2nın pozulması haqqında xx.xx.2022-ci il tarixli “0355160” saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 172,80 manat İddiaçı1 abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar