Məhkəmə qərarları › İş №2(074)-339/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-339/2022

19.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-339/2022 19.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab olunması və hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 mart 2021-ci il tarixli ******* saylı aktının etibarsız hesab olunması və qanunsuz hesablanmış 216 manat borcun silinməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Qaz sayğacı küçədə yerləşir. 2021ci ilin mart ayının 30-da qaz idarəsinin işçiləri gəlib onun iştirakı ilə qaz sayğacını dəyişiblər ki, bu sayğac köhnəlib. Həmin vaxt heç bir qüsur aşkarlanmayıb. 2022-ci ilin yanvar ayında ona 216 manat məbləğində borcu olduğunu demişlə, səbəbini soruşanda qaz işçisi bildirmişdir ki, sayğaca müdaxiləyə görə cərimədir. O və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. Sayğacın çıxarılıb müayinə olunduğu deyilib. Plasmas borunun çıxışında deşik var. Qaz sayğacı küçədə qoyulub o yaşlı insandı səhərdən axşama kimi burada uşaqlar oynayır, məktəbə gedib gəlirlər o hardan bilsin ki, kim eləyib. Sayğac köhnəlib həmçinin 10 ilə yaxındır qoyulub, yəqin ki, buna görə öz-özünə deşik açılıb. Hər halda onun bunan heç bir məlumatı olmamışdır və heç bir günahı yoxdur. Hər ayda qaz nəzarətçiləri iki dəfə sayğaclara baxıb üstünü yazırlar buna onlar nəzarət etməlidirlər, məsuliyyəti də onlar daşımalıdırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya qarşı etirazla məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yaşayan İddiaçı hesablanmış 216.00 manat məbləğin silinməsi tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. 29.03.2021-ci il tarixində ’’Azəriqaz” X1 RQİİ-nin ünvan 2 ünvanda yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı 29.03.2021-ci il tarixdə saylı akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G4 markalı ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 29/1710-01253-1 saylı 31.03.2021 -ci il tarixli akta əsasən sayğacın çıxış plasmast borusu deşilib və təbii qaz itgisi yaranmışdır. Həmin akta əsasən İddiaçı yaşadığı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 30.03.2021-ci il tarixli, ******* nömrəli “Təbii X2nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 31 mart 2021-ci il tarixdə İtirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı adına olan Şamaxı XS-nin abonent bazasındakı **********20000 nömrəli abonent koduna 2160 m3- 216 (iki yüz on altı) manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh 09.04.2021-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”-nin surətindən görünür ki, Cavabdeh İB-yi İddiaçı məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 25.02.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı evində olan G-6 markalı ******* nömrəli qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan Cavabdeh 18.03.2021-ci il tarixli № MSK-29/1710-01253-1 saylı qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, G-6 markalı ******* nömrəli qaz sayğacının yoxlanılması zamanı sayğacın çıxış plasmas borusunun deşildiyi müəyyən olunmuşdur. İş materiallarında olan təbii X2nın pozulması haqqında 30.03.2021-ci il tarixli № ******* saylı aktın surətindən görünür ki, Cavabdeh 18.03.2021-ci il tarixli № MSK-29/1710- 01253-1 saylı aktına əsasən aşkarlanmış qüsur zamanı dəymiş ziyanın hesablanması qərara alınmışdır. Bu zaman həmin mənzildə qaz piltəsi PQ-4, kombi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarında olan 31.03.2021-ci il tarixli Ağsu X3 İdarəsinin qərarından görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən maksimal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddət 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 2160 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 30.03.2021-ci il tarixli № ******* saylı akt göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “X2”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2 və 6.1.7-ci yarımbənləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İş üzrə iddiaçının yaşadığı evin qaz ilə təchizatın hesablaşmasını təmin edən sayğacın evdən kənarda quraşdırılması cavabdeh təşkilat tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Belə ki, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh İB iddiaçının ünvanında quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliliklə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına hər hansı müdaxilə olunması halı təsdiq edilmədiyindən, eləcə də 30.03.2021-ci il tarixli № ******* saylı akt X2nın tələblərinin kobud surətdə pozulması ilə tərtib edildiyindən həmin akt üzrə hesablanmış 216 manat borc iddiaçının abunə hesabından silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 339-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh Ağsu X3 İdarəsinin tərtib etdiyi təbii X2nın pozulması haqqında 30.03.2021-ci il tarixli ******* nömrəli akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 216 manat İddiaçı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar