Məhkəmə qərarları › İş №2(074)-379/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-379/2021

17.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-379/2021 17.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab olunması və hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq tərtib edilmiş ******* saylı aktın etibarsız hesab edilməsinə, akta görə hesablanmış 216 manat məbləğində pulun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 29 yanvar 2021-ci il tarixli № ******* saylı aktının etibarsız hesab olunması və qanunsuz hesablanmış 216 manat məbləğində borcun silinməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzildə ailəsi ilə birlikdə yaşayır. Cavabdeh ASC-nin əməkdaşları qaz sayğaclarının yenisi ilə əvəz olunması zamanı ona qaz sayğacının üst örtüyünda qaynaq izləri olduğunu bildirmiş, onunsa həmin qaynaq izlərindən xəbəri olmamışdır. O, Cavabdeh əməkdaşlarına qaz sayğacının üzlüklə üzlənsəydi belə bir problemlərlə üzləşməyəcəklərini bildirmişdir. O, heç bir qanunsuz hərəkətlərə yol verməmiş. Daim vaxtlı-vaxtında ödənişlərini etmiş, heç bir problemi olmamışdır. O, qaza görə olan borcunu ödəmək istədikdə ona sayğaca müdaxilə etdiyinə görə 216 manat cərimə yazıldığı və bu pulu ödəməli olduğu bildirilmişdir. O, həmin cərimənin səbəbini soruşduqda ona mənzildə quraşdırılan sayğac 29.01.2021-ci ildə əvəz edilərkən çıxarılan sayğac laboratoriyaya göndərilmiş və rəyə əsasən müdaxilə etdiyi müəyyən olunmuşdur. O, mənzilində quraşdırılan qaz sayğacına heç bir müdaxilə etməmiş, sayğac əvəz edilərkən tərtib edilmiş aktda qeyd olunduğu kimi üzərində olan məftil və plomb saz vəziyyətdə olmuş və sayğacın üz örtüyünün olmadığı üçün olunanlardan onun xəbəri olmamışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yaşayan İddiaçı qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanaraq abonent koduna vurulmuş 216 manat borc məbləğinin və iddia ərizəsi üçün ödənilmiş 20,40 manat dövlət rüsumunun, ümumilikdə isə 236 manatın tutularaq Cavabdeh hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(074)-379/2021 qərardadı ilə Cavabdeh İB tərəfindən “qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmiş və qarşılıqlı iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Cavabdeh İB-yə qaytarılması qərara alınmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Lakin iddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın tam şəkildə təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 25 sentyabr 2020-ci il tarixli № ******* saylı aktın surətindən görünür ki, İddiaçı evində olan “Elster” tipli, G-4 markalı ******* nömrəli qaz sayğacı “Elster” G-4 tipli **********4 nömrəli qaz sayğacı ilə əvəz olunmuşdur. “Elster” tipli, G-4 markalı ******* nömrəli qaz sayğacı dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan Cavabdeh 29.01.2021-ci il tarixli № MSK-29/1710-00524-1 saylı qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, “Elster” tipli, G-4 markalı ******* nömrəli qaz sayğacının yoxlanılması zamanı sayğacın hesablama mexanizminin plastmas qapağının üst hissəsinin deşici alətlə deşildiyi və təbii qaz itkisi yarandığı müəyyən edilmişdir. İş materiallarında olan təbii X2nın pozulması haqqında 29.01.2021-ci il tarixli № ******* saylı aktın surətindən görünür ki, Cavabdeh 29/1710-00524-1 saylı aktına əsasən aşkarlanmış qüsur zamanı dəymiş ziyanın hesablanması qərara alınmışdır. Bu zaman həmin mənzildə qaz piltəsi PQ-4 və kombi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarında olan 29.01.2021-ci il tarixli Ağsu X3 İdarəsinin qərarından görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən maksimal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddət 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 2160 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 29.01.2021-ci il tarixli № ******* nömrəli akt göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “X2”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2 və 6.1.7-ci yarımbənləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İş üzrə iddiaçının yaşadığı evin qaz ilə təchizatın hesablaşmasını təmin edən sayğacın evdən kənarda quraşdırılması cavabdeh təşkilat tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Belə ki, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh İB iddiaçının ünvanında quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliliklə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına hər hansı müdaxilə olunması halı təsdiq edilmədiyindən, eləcə də 29.01.2021-ci il tarixli № ******* akt X2nın tələblərinin kobud surətdə pozulması ilə tərtib edildiyindən, akt etibarsız sayılmalı, sərfiyyat üzrə hesablanmış 216 manat borc iddiaçının abunə hesabından silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh Ağsu X3 İdarəsinin tərtib etdiyi təbii X2nın pozulması haqqında 29.01.2021-ci il tarixli № ******* saylı akt və həmin akt əsasında verilmiş 29.01.2021-ci il tarixli borcun hesablanması barədə qərar etibarsız hesab olunsun, 29.01.2021-ci il tarixli № ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 216 manat məbləğində hesablanmış məbləğ İddiaçı abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar