Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-420/2024 29.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş 30 noyabr 2023-cü il tarixli, ******* saylı akt əasında hesablanmış 2799,36 manat borcun onun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təbii qazdan istifadəyə görə abonent kodu **********1110 olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən evində yaşayır. Həmin ünvanda çox az hallarda yaşayır. Məcburi köçkün ailəsidir. 2023-cü il ərzində 374 manat smartkarta pul yükləmiş və təbii qazdan istifadə etmişdir. Cavabdeh İB-nin nümayəndələri ona qaz sayğacından qeyri-qanuni xətt ilə, sayğacsız istifadə etdiyini demiş və xəttlərə baxış keçirmişlər. Sayğazcız olan qaz xəttindən heç bir cihaz vasitəsi istifadə etməmişdir. Cavabdeh İB-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktında sayğacdan kənar qeyri-qanuni xətt ilə qazdan istifadə halına qanunsuz olaraq şəxsi hesabına 2799,36 manat məbləğində cərimə yazıblar. O, bunu tamamilə qanunsuz hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş və məhkəməyə iddia tələbinə etiraz göndərərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, abonent İddiaçı qazdan istifadə qaydalarına zidd olaraq, sayğacdan kənar təbii qazdan rezin boru vasitəsi ilə istifadə etmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilir ki, qaz işlədicilərindən 2 ədəd PQ-3 maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, 1 ədəd kombi tipli su qızdırıcı maksimal saatlıq qaz sərfi 2,6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün, 1 ədəd tutumlu su qızdırıcı maksimal saatlıq qaz sərfi 2,5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yaşayan abonent İddiaçı 2023-cü ilin noyabr ayına təbii qazdan istifadə ilə bağlı 2799,36 manat borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2024-cü il tarixli, 3-16-16/2-3/868 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxiə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş və sayğacdan kənar qaz xətti aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı istehlakçı kimi, yaşadığı Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə etmişdir. İddiaçının yaşadığı Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən ünvanında təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan kənar təbii qazdan istifadə etməsi barədə akt tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında, dəymiş ziyanın əvəzi olaraq iddiaçıya 2799,36 manat borc hesablanmışdır. Eyni zamanda, ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı yaşadığı ünvanda sayğacdan kənar qaz xətti aşkar edilməmiş və qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarının 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxdıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçının sayğacdan kənar təbii qazdan istifadə etməsi faktı öz təsdiqini tapmadığından, iddia təmin edilməli, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən, hesablanmış 2799,36 manat borc məbləği İddiaçı abunə hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da, cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatdan yuxarı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 48 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, ekspertiza tədqiqatının dəyəri olaraq Cavabdehndən 65 manat məbləğində pul tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əasında hesablanmış 2799,36 manat borc məbləği İddiaçı abunə hesabından silinsin. Cavabdehndən 48 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq Cavabdehndən 65 manat məbləğində pul tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-420/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-420/2024
29.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver