Məhkəmə qərarları › İş №2(074)-447/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-447/2023

22.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-447/2023 22.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Natiq İsmayılov Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qanunsuz hesablanmış borc məbləğinin silinməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* saylı aktına əsasən qanunsuz hesablanmış 4730,40 manat borc məbləğinin, 2017-ci ilin mart ayından yaranmış 4535,82 manat borc məbləğinin və həmin tarixdə mərhum X2nın adına olan sayğaca əsassız olaraq daxil olunmuş 2924,30 manat borc məbləğinin silinməsinə dair qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayonu, Çuxuryurd kəndində yaşayır. Məcburi köçkündürlər. Çuxuryurd kəndində məskunlaşıblar. 2016-cı ilə kimi qazdan istifadə ilə bağlı xərclər dövlət tərəfindən ödənilmişdir. 2016-cı ilin oktyabr ayında sayğaclarını dəyişiblər. SMART tipli sayğac quraşdırılıb. Həyətdə iki ev var idi. Birində anası yaşayırdı, digərində isə o, ailəsi ilə yaşamışdır. X2 da 16 mart 2020-ci il tarixdə vəfat edib. Hər iki ev hazırda onun istifadəsindədir. 2017-ci ilin mart ayında onların məlumatları olmadan onun adına olan sayğaca 4535,80 manat, anasının adına olan sayğaca isə 2924,30 manat borc yazılmışdır. Bu necə ola bilər ki, köhnə sayğac çıxarılan zaman onun üzərində ki, ödənilməmiş sərfiyyat aktlaşdırılmalı idi və yeni sayğaca daxil edilməli idi. Onların isə həmin vaxtlara kimi qaz pulunu dövlət ödədiyindən bu borcla bağlı onları heç narahat edən də olmayıb. Hesab edir ki, hər iki məbləğ silinməlidir. Bundan əlavə 22 dekabr 2022-ci il tarixdə onların həyətə gələn sayğacdan kənar qaz xətti aşkar olunub. Bundan onun xəbəri olmayıb, uşaqlar 15 gün əvvəl çəkiblərmiş. Bunu nəzarətçi də təsdiq edə bilər ki, hər ayda o, iki dəfə gəlib həm sayğaclara, həm də xətlərə baxır ki, kənar qoşulmalar olmasın. 15 günə isə o, maksimum 20 manatlıq qaz işlədə bilər. Amma cavabdeh ona 39420 kub metrlik əlavə sərfiyyat hesablayıb. Bu isə 4730,40 manat borc deməkdir. Bu həddən artıq şişirdilmiş bir məbləğdir. 20 manatın saxlanılmaqla qalan hissənin silinməsini xahiş edir. Hesab edir ki, Cavabdeh bu aktı əsassızdır, ona görə də qanunsuz hesablanmış borc silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh tərtib etdiyi aktı əsassızdır. Ona görə də iddia təmin edilməli, qanunsuz hesablanmış borc silinməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi X6 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək İddiaçı qarşı Cavabdeh İB tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 4730,40 manat borc məbləğinin, 2017-ci ilin mart ayında adında olan sayğaca hesablanmış 4535,82 manat borc məbləğinin və həmin tarixdə mərhum X2nın adına olan sayğaca hesablanmış 2924,30 manat pulun silinməsi tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 17 fevral 2023-cü il tarixli Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Çuxuryurd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı 1993-cü il tarixdən Şamaxı rayonu, Çuxuryurd kəndində müvəqqəti yaşayır. İş materiallarında olan 22 dekabr 2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, İddiaçı məxsus yaşayış sahəsində təbii qazın uçotu və istifadə qaydalarına riayət olunması yoxlanılarkən sayğacdan kənar xətt ilə təbii qazdan qanunsuz istifadə halı aşkar olunmuşdur. İş materiallarında olan 28 dekabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən 1 ədəd PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün, 1 ədəd radiator sobası maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün, 1 ədəd dəmir sobası maksimal saatlıq qaz sərfi 1,4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün, 1 ədəd həcmli su qızdırıcısı maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan cəmi 39420 m3 hesablanmışdır. İş materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixli, № XS-56-00748/23 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”-nin surətindən görünür ki, Cavabdeh İddiaçı məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı təbii qazın istifadə limiti 2011-ci il üçün 88.50 manat, 2012-ci ili üçün 126 manat, 2013-cü il üçün 126 manat, 2014-cü ili üçün 126 manat, 2015-ci ili üçün 126 manat və 2016-cı il üçün 147 manat ayrılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, X5 təbii qazın istifadə limiti 2011-ci il üçün 117 manat, 2012-ci ili üçün 84 manat, 2013-cü il üçün 84 manat, 2014-cü ili üçün 75 manat, 2015-ci ili üçün 84 manat və 2016-cı il üçün 62 manat ayrılmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, İddiaçı təbii qazdan istifadəyə görə hesabında yaranmış 4517 manat debitor borcun 3E bazasına keçirilməsinə və kartdan hissə-hissə tutulmasına etiraz etmir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, X7 təbii qazdan istifadəyə görə hesabında yaranmış 2923 manat debitor borcun 3E bazasına keçirilməsinə və kartdan hissə-hissə tutulmasına etiraz etmir. İş materiallarında olan AZ-İİ № 050942 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 19 mart 2020-ci il tarixdə, 05 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 02 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-4/1448 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməxətşünaslıq ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 76-cı vərəqəsində olan xx.xx.2016-cı il tarixli istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşdırma protokolunda “İstehlakçı” qrafasındakı imzanın və xx.xx.2016-cı il tarixli ərizədə (i.v.78) “İmza” qrafasındakı imzanın – İddiaçı tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. Ekspertiza xərci 104,00 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Çuxuryurd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışdan görünür ki, X7 xx.xx.2020-ci ildə vəfat etdiyi günə kimi Şamaxı rayon Çuxuryurd kəndində oğlu İddiaçı ilə bir yerdə yaşamışdır. Həmin Evdə hal hazırda İddiaçı və ailə üzvləri yaşayırlar. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli, 356 saylı “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında" fərmanının 9-cu bəndinə əsasən "Azərenerji" və "Azəriqaz" səhmdar cəmiyyətləri elektrik enerjisi və təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alsınlar, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verməsinlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Krea torun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkə və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının yaşadığı ev Cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş, daha sonra iddiaçının yaşadığı evə Smart-kart tipli sayğac quraşdırılımışdır. İddiaçı təbii qazdan istifadə etsə də, təbii qazdan istifadəyə görə ödənişləri yerinə yetirməmişdir. Abonent saldosundan görünür ki, iddiaçı ayrılımış qaçqın limitindən istifadə etmiş və yaranmış borcunu ödəməmişdir. Onun bu əsasla təbii qazdan istifadəyə görə 4538,82 manat məbləğdə ödənilməmiş borcu qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 6.5-3-cü bəndində əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının yaşadığı evdə quraşdırılmış sayğaca xx.xx.2022-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilərkən sayğacdan kənar xətt ilə qazdan qanunsuz istifadə halı aşkar edilmiş və barəsində müvafiq akt tərtib edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 4730,40 manat borcun silinməsinə dair hissəsi təmin edilməmlidir. İddia tələbinin X3 adına olan sayğaca əsasız olaraq daxil edilmiş 2924,30 manat borcun silinməsinə dair hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, **********01050 abunə kodu X5 məxsusdur. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi iddiaçı anasına aid mənzilə yazılmış akt əsasında borcun silinməsini mübahisələndirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən silinməsini arzuladığı pulla bağlı subyektiv hüququ olmadığından iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə xərclərinin ödənilməsi məsələsi də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrində göstərilmişdir ki, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 104,00 manat pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 195-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdehnə qarşı “qanunsuz hesablanmış borc məbləğinin silinməsi” tələbi barədə iddiası təmin edilməsin. İddiaçı 104,00 manat məbləğində ekspert xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürlsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar