Məhkəmə qərarları › İş №2(074)-46/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-46/2024

01.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-46/2024 01.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi (maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) ərizə ilə məhkəməyə müraciət edərək, 31 oktyabr 2004-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 31 oktyabr 2004-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş oğlu - X4, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ərizəçinin himayəsində yaşayır. Oğlu, çox ağır dərəcəli əqli gerilik (İQ-20), kobud davranış pozuntuları ilə, atipik autizm diaqnozu ilə dispanser qeydiyyatındadır. Ömürlük birinci dərəcəli əlildir. Hazırda 18 yaşı tamam olmuşdur. Sərbəst olaraq öz hüquqlarını həyata keçirə bilmir, bütün fiziki işlərində də ərizəçi yardım edir. Çünki ağır dərəcəli ruhi xəstədir. Buna görə də o, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və bundan sonra da ona qəyyum təyin olunmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Şamaxı rayon İHB-nin Qəyyumluq və Himayəçilik üzrə komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 557593 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2004-cü il tarixdə Şamaxı şəhərində doğulmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 62/445 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının rəyindən görünür ki, X3 tipik autizm F- 84.1, çox ağır dərəcəli əqli gerilik, kobud davranış pozuntuları, kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı qeyd olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 3888/2022 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında aktından görünür ki, 31 oktyabr 2004-cü il təvəllüdlü X4, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 1 nömrəli göndərişi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”nda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək stasionar müayinədə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3309 saylı rəyindən görünür ki, X3 dərin kəmağıllılıq və davranış pozuntuları ilə müəyyən olunur. X4 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Beləliklə, ünvan 1 ünvanında yaşayan 31 oktyabr 2004-cü il təvəllüdlü X2 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X4 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin Respublikasının MPM-nin 321.2 maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, onun oğlu ünvan 1 ünvanında yaşayan 31 oktyabr 2004-cü il təvəllüdlü X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. ünvan 1 ünvanında yaşayan 31 oktyabr 2004-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar