Məhkəmə qərarları › İş №2(074)-469/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-469/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-469/2021 27.04.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı QSC-nin Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "İddiaçı” QSC-nin xeyrinə 557 manat əsas, 54,45 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 999 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı MMC ilə “xxxx” MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən “xxxx” MMC-nin Cavabdeh qarşı olan 999 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC 18.11.2020-ci il tarixdə təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5 faizi məbləğində dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdeh sonuncu dəfə 28.01.2021-ci il tarixdə ödəniş etmişdir. Cavabdehin bugünə 557 manat əsas borcu, 54,45 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 10.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və 15.03.2021-ci il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, Cavabdeh ünvanına göndərilmiş məhkəmə bildirişi 19.03.2021-ci il tarixdə qəbul edilmişdir. Cavabdeh məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazla məhkəməyə müraciət etməmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, məhkəmə bildirişinin almış cavabdehin iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. MPM-in 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan 22.01.2020-ci il tarixli SHP000034 saylı nisyə alqı-satqı müqaviləsindən və 1 saylı əlavədən görünür ki, “xxxx” MMC 1 ədəd “SAMSUNG” markalı dəyəri 999 manat olan paltaryuyanı Cavabdeh satmağı, Cavabdeh isə həmin 999 manat pulu 18 ay müddətinə hər ay 55,5 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 22.01.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh “xxxx” MMC 1 ədəd “SAMSUNG” markalı dəyəri 999 manat olan paltaryuyanı təhvil almışdır. İş materiallarında olan 28.09.2019-cu il tarixli № R-182/19 saylı tələbin güzəşti barədə faktorinq müqaviləsi və 28.09.2019-cu il tarixli № R-182/19 saylı tələbin güzəşti barədə faktorinq müqaviləsinə əlavə olunan 06.02.2020-ci il tarixli № R-182/19-0008 saylı sazişdən görünür ki, 22.01.2020-ci il tarixli SHP000034 saylı müqavilə üzrə Cavabdeh tələb hüququ İddiaçı MMC-yə keçmişdir. İş materiallarında olan 15.02.2020-ci il tarixli bildirşin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh 22.01.2020-ci il tarixli SHP000034 saylı müqavilə üzrə mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 18.11.2020-ci il tarixli № **********891500 saylı çıxarışın surətindən görünür ki, qurumun əvvəlki adı İddiaçı olmuş, hazırki adı isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətidir. İş materiallarında olan 25.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 22.01.2020-ci il tarixli SHP000034 saylı alqı-satqı müqaviləsi üzrə İddiaçı QSCyə 25.02.2021-ci il tarixə 557 manat əsas, 54,45 manat cərimə olmaqla, cəmi 611,45 manat borcu vardır. İş materiallarında olan 01.03.2021-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh “xxxx” MMC-dən 1 ədəd “SAMSUNG” markalı dəyəri 999 manat olan paltaryuyan almış, aralarında bağlanmış faktorinq müqaviləsinə əsasən “xxxx” MMC-nin cavabdehə olan tələb hüququ İddiaçı MMC-yə keçmiş, İddiaçı QSC tərəfindən cavabdehə borcun qaytarılması barədə xəbərdarlıq edilsə də, cavabdeh müqavilənin şərtlərini pozaraq xəbərdarlıq edilməsinə baxmayaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Daha sonra İddiaçı MMC təşkilati hüquqi formasını dəyişərək İddiaçı QSC olmuşdur. Cavabdeh tərəfindən öhdəliyin yerinə yetirilməməsi nəticəsində İddiaçı QSC-yə 25.02.2021-ci il tarixə 557 manat əsas, 54,45 manat cərimə olmaqla, cəmi 611,45 manat borcu yaranmışdır. İddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 557 manat əsas, 54,45 manat cərimə olmaqla, cəmi 611,45 manat borc, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh İddiaçı QSC-nin xeyrinə 557 manat əsas, 54,45 manat cərimə olmaqla, cəmi 611,45 manat borc, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar