Məhkəmə qərarları › İş №2(074)-48/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-48/2022

06.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-48/2022 06.01.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11088 manat əsas borc, 3326,40 manat cərimə pulunun və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 dekabr 2020-ci il tarixli öhdəlik müqaviləsinə əsasən 2000-ci il buraxılışlı WMAT32ZZZYM295096 şassi nömrəli 99-0M-413 dövlət nömrə nişanlı MAN YÜK markalı avtomobilin 16632 manata satılması barədə tərəflər razılığa gəlmişlər. Həmin məbləği 12 ay müddətinə kimi, hər ayın 02 günü ayda 1386 manat ödənilməsi barədə aralarında razılaşma əldə olunmuş və avtomobil texniki saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh 02.12.2020-ci il tarixli AD 902259 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı məxsus olan 2000-ci il buraxılışlı WMAT32ZZZYM295096 şassi nömrəli **-OM-*** dövlət nömrə nişanlı MAN YÜK markalı avtomobilin 16632 manata alınması barədə razılığa gəlmiş və həmin məbləği 12 ay müddətinə kimi, hər ayın 02 günü ayda 1386 manat ödənilməsi barədə öhdəlik götürmüşdür. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X3 izahat verərək bildirdi ki, nəqliyyat vasitəsi hal-hazırda cavabdehdə deyil, iddiaçıya təhvil verilmişdir. Buna qədər isə iddiaçıya 800 manat ödəniş olunmuşdur. Daha sonra isə iddiaçı tərəfindən həmin avtomobilə dair başqa şəxsin adına etibarnamə verilmişdir. Buna görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, avtomobil onda olanda iddiaçının dediyi şəxsin hesabına 800 manat ödəniş olunmuşdur. Daha sonra avtomobili iddiaçıya qaytarmış sonra isə iddiaçı tərəfindən həmin avtomobilə dair başqa şəxsin adına etibarnamə verilmişdir. Buna görə də iddianın təmin olunmamasını xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, müqavilə bağlanandan məhkəmədə iddia qaldırılanadək cavabdeh tərəfindən heç bir ödəniş edilməyib. Cavabdehin ödəniş etdiyi şəxsi tanımırlar. Yük maşınının iddiaçıya qaytarılması barədə cavabdeh heç bir sübut təqdim etməyib. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin və onun nümayəndəsi və vəkilini izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 dekabr 2020-ci il tarixli öhdəlik müqaviləsinə əsasən 2000-ci il buraxılışlı WMAT32ZZZYM295096 şassi nömrəli 990M413 dövlət nömrə nişanlı MAN YÜK markalı avtomobilin 16632 manata satılması barədə razılığa gəlmişlər. Həmin məbləği 12 ay müddətinə kimi, hər ayın 02 günü ayda 1386 manat ödənilməklə. Tam şəkildə ödənildikdən sonra həmin avtomobili müvafiq QİŞ-də Cavabdeh adına nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında keçirməyi, Cavabdeh isə həmin məbləği 12 ay müddətinə kimi, hər ayın 02 günü ayda 1386 manat ödənilməklə, tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan pretenziya məktubundan görünür ki, Cavabdeh 02 dekabr 2020-ci il tarixli öhdəlik müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi, əks halda barəsində qanunvericiliyə uyğun olaraq tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, X1 hesabına 07.01.2021-ci il tarixdə 600 manat, 15.01.2021-ci il tarixdə isə 150 manat pul ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin məktubundan görünür ki, ** OM *** dövlət nömrə nişanlı MAN yük markalı avtonəqliyyat vasitəsi “Azərkarqo” məhdud məsuliyyətli şirkətin ərazisinə təxminən 2021-ci il fevral ayında təmirə daxil olmuşdur. Təmiri müəssisənin ərazisində icarəyə götürülmüş emalatxanada fiziki şəxs tərəfindən aparılmışdır. Şirkətin ərazisindən avtonəqliyyat vasitəsinin çıxmasından məlumatları yoxdur. İş materiallarında 19.11.2021-ci il tarixli 136218-1221 saylı Daxili işlər Nazirliyi Baş dövlət yol polisi İdarəsinin məktubundan görünür ki, “MAN YÜK” markalı, **-OM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi 02.12.2020-ci il tarixdə İddiaçı adında qeydiyyatdadır. Qeyd olunan nəqliyyat vsitəsinin etibarnamə ilə 16.06.2021-ci il tarixədək X4 istifadəsində olması barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 dekabr 2020-ci il tarixli müqavilənin məzmunundan görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Cavabdeh avtomobili iddiaçıya qaytarmasını bildirsə də bunu təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verilmiş əşyanın ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 11088 manat məbləğində borc, 3326,40 manat cərimə pulu və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 11088 manat əsas borc, 3326,40 manat cərimə pulu və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar