Məhkəmə qərarları › İş №2(074)-480/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-480/2024

02.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-480/2024 02.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borc məbləğinin silinməsinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı hesablanmış borc məbləğinin silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş 31 mart 2023cü il tarixli ******* saylı akt əsasında hesablanmış 172,80 manat borc məbləğinin onun abunə hesabından silinməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxı şəhəri, Məlhəm kəndi ev 31də yaşayır. Abonent kodu **********00310. Hər ay təbii qazdan istifadə edir və vaxtlıvaxtında istifadə etdiyi qazın dəyərini ödəyir. Həmişə qaz sayğacı işlək vəziyyətdə olub, hər ay da, bildiriş təqdim olunubdur. 2022-ci ilin sentyabr ayında mənzilinə quraşdırılmış qaz sayğacını dəyişdirilmişdir. 2023-cü ilin mart ayında onun şəxsi hesabına 172.80 manat cərimə yazılmışdır. Cərimə yazılmasını noyabr ayında bilmişdir. Sənədləri tələb etdikdə, məlum olmuşdur ki, Cavabdeh İB-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktında G-4 markalı 10298423 nömrəli sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyinə görə, təbii qaz itkisi yaranmış və həmin akta əsasən 172.80 manat məbləğində cərimə edilmişdir. Mövcud qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə görə, həmin sayğacda olan hər hansı qüsura görə o, abunəçi olaraq məsuliyyət daşımır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, nümayəndə X2 onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini və təqdim etdiyi sənədlərin işə əlavə edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 26 sentyabr 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı evində quraşdırılmış G-4 markalı, 10298423 nömrəli qaz sayğacı dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 mart 2023-cü tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, G-4 markalı, 10298423 nömrəli qaz sayğacının hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi və təbii qaz itkisinin yarandığı müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən 31 mart 2023-cü il tarixdə təsdiq edilmiş hesabatdan görünür ki, İddiaçı məxsus Şamaxı rayonu Məlhəm kəndində yerləşən fərdi yaşayış evinə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin, cəmi 1440 kub metr olmaqla ödənilməsi qərara alınmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, Şamaxı rayonu Məlhəm kəndində yaşayan abonent İddiaçı 2023-cü ilin mart ayında 172,80 manat məbləğində qalıq və aktlar üzrə borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarının 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Göründüyü kimi, fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Məhkəmə qeyd edir ki, qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Bu isə mübahisələndirilən aktda təsbit olunan məlumatların doğruluğuna əsaslı şübhələr yaradır və onun inandırıcı sübut kimi qəbul edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxdıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, qaz sayğacına müdaxilə olunmasında iddiaçının təqsiri sübuta yetirilmədiyindən, iddia təmin edilməli, Cavabdeh tərəfindən tərtib edilmiş 31 mart 2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 172,80 manat borc məbləği İddiaçı abunə hesabından silinməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda, 30 manat həcmində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş 31 mart 2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 172,80 manat borc məbləği İddiaçı abunə hesabından silinsin. Cavabdehndən 30 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar