Məhkəmə qərarları › İş №2(074)-496/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-496/2021

01.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-496/2021 01.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Şamaxı Regional İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət X25 tərəfindən verilmiş işə qəbul və işdən çıxmaya dair əmrləri özündə əks etdirən 22 sentyabr 2020-ci il tarixli 145 saylı, 1980-1996-cı illər üzrə aldığı əmək haqqlarını əks etdirən 22 sentyabr 2020-ci il tarixli 145 saylı arayışların ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, güzəştli şərtlərlə əmək pensiyası almaq üçün DSMF-nin 7 saylı Şamaxı Regional İdarəsinə müraciət etmiş və sənədlərini təqdim etmişdir. Ona təqdim edilmiş arxiv arayışlarında adının həm Gülbəniz, həm də Əsli kimi qeyd olunduğu bildirilmişdir. Həmin sənədlərin ona məxsus olmasını müəyyən edən məhkəmə qərarı tələb olunur. O, xx.xx.1963-cü il tarixdə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş, sənəd üzrə adı Gülbənizdir. Lakin el arasında hamı onu Əsli kimi tanıyır. Kəndlərində də ondan başqa bu adı daşıyan 2-ci bir şəxs yoxdur. Onu tanıyanlar da təsdiq edə bilərlər ki, həqiqətən də hamı onu Əsli kimi tanıyır. Hətta çox adam adının sənəd üzrə Gülbəniz olmasını bilmir. Ərizəçi ilə X8 eyni şəxslərdir. Azərbaycan Respublikası Dövlət X25 tərəfindən verilmiş işə qəbul və işdən çıxmaya dair əmrləri özündə əks etdirən 22 sentyabr 2020-ci il tarixli 145 saylı, 1980-1996-cı illər üzrə aldığı əmək haqqlarını əks etdirən 22 sentyabr 2020-ci il tarixli 145 saylı arayışların ona, yəni Ərizəçi məxsus olmasını təsdiq edən şahidləri vardır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək ona uyğun izahat verib bildirdi ki, onun tələbi tamamilə əsaslıdır. Bunu şahidlər və təqdim etdiyi sənədlər də təsdiq edir. Keçmiş illərdə onlarda əmək kitabçası olmamışdır. Buna görə də iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəməyə iddia tələbinə olan etirazla müraciət edərək bildirmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Bundan əlavə, Ali Məhkəmənin Plenum qərarının 6-cı bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın, yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya sovadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir) ikincisi, həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü, məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. İş materiallarına əsasən, ərizəçinin mövcud sənədlərdə olan səhvlərin aradan qaldırılması bağlı müvafiq orqana hər hansı bir müraciəti mövcud deyil. Həmin Qərarın 6.1 -ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinirj, nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Buna görə də maraqlı şəxsin nümayəndəsi Ərizəçi Əiişirin qızının ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki baxış iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə ifadə verib bildirmişdir ki, Ərizəçi onun bacısıdır. Lakin el arasında onu hanı Əsli adı ilə tanıyır. 70-ci illərdə əmək kitabçası olmamışdır. Məhkəmənin əvvəlki baxış iclasında şahid qismində dindirilmiş X14 məhkəməyə ifadə verib bildirmişdir ki, o, 2014-cü ildən bəri Ərizəçi ilə məktəbdə işləyir. Onun adı “Gülbəniz” olmasına baxmayaraq hamı “Əsli” kimi tanıyır. Məhkəmənin əvvəlki baxış iclasında şahid qismində dindirilmiş X3 məhkəməyə ifadə verib bildirmişdir ki, o, Ərizəçi tanıyır. Onu hamı el arasında “Əsli” kimi tanıyır. Lakin kənddə Əsli adında başqa şəxs yoxdur. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşıdraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan X28 Filialının 22.09.2020-ci il tarixli № 145 saylı çıxarışından görünür ki, X2 adına sovxozun direktorunun 19.09.1979-cu il tarixli № 97 saylı əmri ilə fəhlə kimi işə qəbul edilmiş, 02.01.1997-ci il tarixli № 01 saylı əmrlə işdən azad edilmişdir. İş materiallarında olan X28 Filialının 22.09.2020-ci il tarixli № 145 saylı arxiv arayışından görünür ki, Əhmədova (Osmanova) Əsli (Gülbəniz) Əlişirin qızı 1980-1989-cu illərdə Xəqani adına sovxozda işləmişdir. İş materiallarında olan X28 Filialının 22.09.2020-ci il tarixli № 145 saylı arxiv arayışından görünür ki, Əhmədova (Osmanova) Əsli (Gülbəniz) Əlişirin qızı 1990-1996-cı illərdə Xəqani adına sovxozda işləmişdir. İş materiallarında olan X28 Filialının 22.09.2020-ci il tarixli № 145 saylı arxiv arayışından görünür ki, Ərizəçi 2002-2012-ci illərdə Şamaxı rayon Quşçu kənd nümayəndəliyində işləmişdir. İş materiallarında olan X28 Filialının 22.09.2020-ci il tarixli № 145 saylı arxiv arayışından görünür ki, Ərizəçi 2013-cü ilin yanvar, fevral, mart və aprel aylarında Şamaxı rayon Quşçu kənd nümayəndəliyində işləmişdir. İş materiallarında olan № 393523 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X4 arasındakı nikah 04.09.1990-cı il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Əhmədov”, arvada “Əhmədova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 22.01.2021-ci il tarixli № **********1 saylı məktubundan görünür ki, Ərizəçi X18 rayon filialının arxiv arayışlarında qeyd olunmuş 19.09.1979-cu ildən 02.01.1997-ci il tarixinədək, 1980-ci ildən 1989-cu ilədək, 1990-cı ildən 1997-ci ilədək və 2002-ci ildən 02.10.2006-cı il tarixinədək olan dövrlərin əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsinin mümkün hesab olunmadığı bildirilmişdir. İş materiallarında olan Şamaxı rayon İHB-nin Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05.02.2021-ci il tarixli № 130 saylı arayışından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi 1990-cı il təvəllüdlü X16, 1992-ci il təvəllüdlü X11, 1994-cü il təvəllüdlü X17, 1997-ci il təvəllüdlü X20 və 1999-cu il təvəllüdlü X6 özü doğub 8 yaşadək tərbiyə etmişdir. İş materiallarında olan Şamaxı rayon İHB-nin Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09.02.2021-ci il tarixli № 141 saylı arayışından görünür ki, Ərizəçi Şamaxı rayon Quşçu kəndində qeydiyyatdadır və X8 ilə eyni şəxsdir. İş materiallarında olan 18.03.2021-ci il tarixdə Şamaxı rayon Quşçu kəndində tərtib edilmiş aktın surətindən görünür ki, həmin akta imza edən X3 və X1 Gülbəniz Əlişirin qızının el arasında “Əsli” adı ilə tanındığını, kəndlərində “Əsli” adında başqa şəxsin olmadığını öz imzaları təsdiq etmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qeyd edir ki, Ərizəçi adının “Əsli” kimi çağırılması səbəbindən onun 1990cı il tarixdə işə qəbul edilməsi zamanı əsl adının “Gülbəniz” olmasına baxmayaraq adı “Əsli” kimi qeyd edilmiş, bu səbəbdən də onun 1980-1996-cı illərdə Xəqani adına sovxozda işləməsini təsdiq edən X28 Filialının 22.09.2020-ci il tarixli № 145 saylı arxiv çıxarışında və arayışlarında adı Əsli kimi yazılmışdır. Ərizəçi əslində X28 Filialının 22.09.2020-ci il tarixli № 145 saylı arxiv çıxarışında və arayışlarında adı qeyd edilmiş “Əsli” adlı şəxslə eyni şəxs olması ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirilmişdir. Beləliklə də məhkəmə hesab edir ki, X28 Filialının 22.09.2020-ci il tarixli № 145 saylı arxiv çıxarışının və arayışlarının Ərizəçi məxsus olması faktı öz təsdiqini tapdığından ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X28 Filialının 22.09.2020-ci il tarixli № 145 saylı arxiv çıxarışının və arayışlarının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar