Məhkəmə qərarları › İş №2(074)-541/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-541/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-541/2021 29.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 560,63 manat və 30 manat dövlət rüsumunun tutularaq ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X5 arasında bağlanmış 16 sentyabr 2016-cı il tarixli AL-984 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Renault Tondar” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil E.Əliyevin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. X7 xahişi əsasında Cavabdeh lizinq obyektinin idarə olunmasına dair etibarnamə verilmişdir. 15 may 2019-cu il tarixdə Cavabdeh idarə etdiyi “Renault Tondar” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “İveco” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. TP2955796 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olması öz əksini tapmışdır. İddiaçı MMC-nin mülkiyyətində olan “Renault Tondar” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil “Avtonəqliyyat vastəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə "xxxx" Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. Buna görə də qeyd edilən sığorta şirkəti “İveco” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 530.23 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh nəqliyyat vastəsini etibarnamə olmadan idarə etdiyi üçün "xxxx" Sığorta Şirkəti ASC İddiaçı MMC və Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi tələbi ilə” Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin 01 oktyabr 2020-ci il tarixli, 2(004)-3703/2020 saylı qətnaməsi ilə "xxxx" Sığorta Şirkəti ASC-nin iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı MMC və X2 müştərək qaydada 530.23 manat məbləğinin və ödənilmiş 30.40 manat dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması qət edilmişdir. İddiaçı MMC qətnamə üzrə 560.63 manat məbləğində pulu 28 dekabr 2020-ci il tarixdə "xxxx" Sığorta Şirkəti ASC-nin hesabına ödəmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Cavabdeh təqsirindən sığorta şirkətinə ödəniş olunmuşdur. Bununla da cavabdehin İddiaçı MMC qarşısında öhdəliyi yaranmışdır. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı isə nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməsə də, iddiaçı ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsi və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 16.09.2016-cı il tarixli № AL-984 saylı daxili lizinq müqaviləsi və ona 1 saylı əlavənin surətindən görünür ki, İddiaçı MMC “Renault Tondar” markalı avtomobili X4 müvəqqəti sahiblik və istifadəsinə vermişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01.10.2020-ci il tarixli 2(004)-3703/2020 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər İddiaçı MMC və X1 birgə (müştərək) qaydada 530,23 manat sığorta ödənişinin "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan 28.12.2020-ci il tarixli № ********** saylı ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən 2(004)-3703/2020 saylı qətnaməyə əsasən 560,63 manat məbləğində pul "xxxx" Sığorta Şirkəti ASC-nin hesabına ödənilmişdir. İş materiallarında olan 22.01.2021-ci il tarixli № 039 saylı xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən 560,30 manat məbləğindəki pulun 5 gün ərzində ödənilməsi ilə bağlı X3 xəbərdarlıq edilmişdir. İş materiallarında olan 06.08.2019-cu il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, lizinq obyekti olan “Renault Tondar” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı ilə X6 arasında qanunvericiliyə uyğun olaraq bağlanmış lizinq müqaviləsi əsasında X4 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh qeyd olunan avtomobillə təqsirli şəkildə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən İddiaçı MMC və Cavabdeh birgə (müştərək) qaydada 530,23 manat sığorta ödənişinin "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçı MMC qeyd olunan məbləği "xxxx" Sığorta Şirkəti ASC-nin hesabına ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.2-ci maddəsinə əsasən birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Göründüyü kimi İddiaçı MMC-nin mülkiyyətində olan “Renault Tondar” markalı, **-PE- *** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh tərəfindən heç bir əsas olmadan idarə edilməsi və həmin avtomobilin İddiaçı MMC-nin sahibliyindən hüquqa zidd götürülməsində MMC-nin təqsiri sübut olduğundan Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə sığorta ödənişi İddiaçı MMC və Cavabdeh birgə (müştərək) qaydada tutulmuşdur. İddiaçı MMC və Cavabdeh təqsirinin dərəcəsini müəyyənləşdirmək mümkün olmadığından məhkəmə hesab edir ki, onların məsuliyyəti bərabər sayılmalı və iddiaçı tərəfindən ödənilmiş pulun yarısı cavabdehdən tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 280.32 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu bərabər olaraq tərəflərə aid edilməli və 15 manat Cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 280.32 manat və ödənilmiş dövlət rüsumu hesabına 15 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar