Məhkəmə qərarları › İş №2(074)-550/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-550/2023

10.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-550/2023 10.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsasız borcun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin 12 yanvar 2023-cü il tarixli 285667 saylı aktına əsasən qanunsuz olaraq hesablanmış 580 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayon, Quşçu kəndində yaşayır. Elektrik enerjisindən qanuni şəkildə istifadə edir. Bu yaxınlarda nəzarətçi Zabit Məmmədov ona yaxınlaşıb bildirib ki, 580 manat əlavə borc yazılıb. Nəyə görə soruşduqda bildirdi ki, o olmamışdır, amma tərtib olunmuş akta görə guya 12 yanvar 2023-cü il tarixdə, onda sayğacdankənar xətt tutulmuşdur. Deyib axı sən də bilirsən ki, həmin vaxt o ailəlikcə Bakı şəhərində olmuşdır. Evdə heç kim olmayıb. Atası 04 yanvar 2023-cü il tarixdə açıq ürək əməliyyatı olunmuşdur. 11 yanvarda xəstəxanadan çıxmışdır. Həkim nəzarətində olmaq üçün ailəsi ilə birlikdə Bakıdakı evlərində qalmışlar. Quşçu kəndinə fevral ayının axırlarında gəlmişlər. O evdə olmaya-olmaya bu xətti niyə, nə məqsədlə istifadə etməli idi ki, məntiqə uyğun deyil. O işıq idarəsində olub. Vəziyyəti öyrənib. Ona şəkil göstəriblər. Həmin qıra atılmış yer üç qonşunun evinə yaxın olan bir yer idi. Başa düşmür ki, nəyə görə aktı onun barədə yazmışlar. Onun xəbəri yoxdur. Odur ki, 12 yanvar 2023-cü il tarixli 285667 saylı əsassız hesab olunmaqla 580 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. İddiaçının Şamaxı rayon, Quşçu kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00463 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2023-cü il tarixdə "xxxx" ASCnin əməkdaşları R.Nəbiyev, S.Əhmədov və R.Şahməmmədov tərəfindən Şamaxı rayon, Quşçu kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına Elektrik enerjisindən istifadə Qaydalarının 8.17.1 bəndinin tələbinə uyğun olaraq adlar qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2023-cü il tarixli R285667 saylı akt tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, R285667 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədi ilə abonentə sayğacdan kənar xəttdən keçən yükə uyğun 300 gün üçün 0,03 manatla 2000 kvt.s 0,09 manatla 1000 kvt.s və 0,13 manatla 2544 kvt.s(dəyəri 330.72 manat) toplamda 580.72 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfü olmamış iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçını yaşadığı evə hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıqaşkar öz əksini tapır. Odur ki, İddiaçı "xxxx" ASC-yə qarşı 12 yanvar 2023-cü il tarixli, 285667 saylı aktına əsasən əsassız olaraq hesablanmış 580 manat borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Şamaxı rayon, Quşçu yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğac üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan **********00463 saylı abunə haqqında məlumat sənədindən görünür ki, İddiaçı "xxxx" ASC-yə sayğac oxunması üzrə 196,97 manat, aktlar üzrə 585,13 manat borcu vardır. İddiaçı 133 manat ödəniş etmiş, 649,10 manat borcu mövcuddur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 285667 saylı aktın surətindən görünür ki, "xxxx" ASC-nin Şimal-Qərb RETSl-nin Şamaxı EŞ-nin əməkdaşları R.Nəbiyev, S.Əhmədov və R.Şahməmmədov tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış zamanı abonentin fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu aşkar edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Şamaxı rayonu, Quşçu kəndində və X2 tərəfindən mülkiyyətində olan mənzilə quraşdırılmış sayğac vasitəsi ilə **********00463 abunə kodu altında elektrik enerjisindən istifadə edir. X1 əməkdaşları tərəfindən hər ay sərfiyyatın müəyyən edilməsi üçün sayğaca baxış keçirmiş və onun fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu aşkar edilmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 300 gün üçün 0.08 manatla 2000 kvt.s (dəyəri 160 manat), 0.09 manatla 1000 kvt.s (dəyəri 90 manat) və 0.13 manatla 2544 kvt.s (dəyəri 330,72 manat) toplamda 580,72 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İddiaçı akt üzrə ona qanunsuz hesablanmış 580 manat cərimənin silinməsini tələb etmiş, iddiasını onun tərəfindən sayğaca kənar xətt qoşulmaması ilə əsaslandırmış, lakin evində elektrik enerjisinin istehlak olunduğu dövrdə sayğacın sərfiyyatı hesablamamasına dair halı mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, yaranmış qüsur nəticəsində dəyəri ödənilməmiş enerji sərfiyyatını 1 ay ərzində ödəməsini iddiaçıdan tələb etməli və ödəniş aparılmadığı halda enerjinin verilməsini dayandırmaqla zərərin qarşısını almaq üçün ağlabatan tədbirlər görməli olan cavabdeh müvafiq hərəkətləri etməyərək zərərin miqdarının artmasına kömək göstərdiyindən, o, itirilmiş enerjinin bərpası üzrə iddiaçıya sərfiyyatı 300 gün üçün hesablamışdır. Məhkəmə qeyd edilənlərə əsasən sərfiyyatın 30 gün (bir ay) üçün ((5A x 0,22 kvt x 0,7 x 24 saat x 30) = 554,4 kvt x 0.13 = 72,072 manat) 72,072 manat məbləğində hesablanmalı olduğu nəzərə alaraq, 508,648 manat borcun iddiaçıya əsassız hesablandığı nəticəsinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 508,648 manat pul iddiaçının abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 9.13.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə istehlakçıya elektrik enerjisinin verilməsi dayandırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli R285667 saylı Akta əsasən itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 508,648 manat ziyan məbləği İddiaçı abunə hesabından silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) vaxtdan bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar