Məhkəmə qərarları › İş №2(074)-574/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-574/2021

01.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-574/2021 01.07.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat məbləğində pul kompensasiyası verməklə cavabdehin ona məxsus ünvan 1 ünvanda yerləşən 1 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X9 “iddia tələbinin dəqiqləşməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin xahiş etdi hissəsində qeyd edilmiş “ev 54” ünvanının “ev 62” kimi qeyd edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X9 “iddia tələbinin dəqiqləşməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin xahiş etdi hissəsində qeyd edilmiş “1000 manat” kompensasiya məbləğinin “1500 manat” kimi qeyd edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən 1 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzili ona anası X21 31 mart 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında bağışlamışdır. Cavabdeh onun qardaşının yoldaşıdır. Cavabdeh 2008-ci ildə həyat yoldaşı X2 oğlu ilə Sumqayıt şəhərinə gəlmiş və 2009-cu ilədək yaşamışlar. 2010-cu ildə cavabdeh əri ilə birlikdə yenidən Şamaxıya qayıtmış və anası Şükufənin evində əri Zərbi-Müqəddim İbrahim oğlu ilə birlikdə yaşamışlar. 2010-cu ilin sentyabr ayında cavabdehin əri onları atıb İran İslam Respublikasına getmişdir və hal-hazırda orda yaşayır. Cavabdeh 2011-ci ilin sonuna qədər öz anasının yanında yaşamışdır. 2011-ci ilin sonunda cavabdehin anasının evini yeznesi Keyhan satdığından cavabdeh evsiz qalmış, müxtəlif şəxslərin evində yaşamalı olmuşdur. 2012-ci ilin yanvar ayında cavabdehin yaşamağa evi olmadığına görə hal-hazırda mülkiyyətçisi olduğu mənzilə müvəqqəti yaşamağa gəlmişdir. Onun qohumluq xatirinə köçüb həmin evdə yaşamasına razılıq verilmişdir. Cavabdeh həmin mənzildən könüllülük əsasında çıxmadığından onun mülkiyyət hüququna əsassız maneə yaradır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X9 iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, qeyd olunan ev iddiaçının mülkiyyətindədir. Cavabdehi kompensasiya verilməklə çıxarmaq istəyirlər. Buna görə də iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək və iddia tələbinə öz etirazını bildirərək izahat verib bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı ona qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin olunmamışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmişdir. Mübahisəli mənzil daha əvvəllər orderə əsasən iddiaçının anası Kazımi Fatmaya məxsus olmuş, mənzil məhkəmə qərarına əsasən onun adına özəlləşdirilmiş və həmin mənzilə dair hüquqları dövlət qeydiyyatına alınaraq ona 11 mart 2019-cu il tarixli reyestrdən çıxarış verilmişdir. 31 mart 2019-cu il tarixli müqavilə əsasında F.Kazımi mübahisəli mənzili övladı İddiaçı bağışlamış və iddiaçının mülkiyyət hüququ 17 mart 2020-ci il tarixli çıxarışla dövlət qeydiyyatına alınmışdır. Elə həmin tarixdə İddiaçı ona qarşı məhkəmədə iddia qaldıraraq, mülkiyyətçisi olduğu Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 62 saylı evin 1 saylı mənzilindən onun əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti olan mənzillə bağlı onun hüquqları onun mənzilin əvvəlki sahibi X10-Müqəddəm İbrahimlə nikaha girməsindən sonra yaranmışdır. Mübahisəli mənzilə gəlin köçmüş və 13 ildir ki, həmin ünvanda yaşayır və orada da, qeydiyyatdadır. Həyat yoldaşım İbrahimdir və o, da, həmin evdə qeydiyyatdadır. Həyat yoldaşı ilə nikahı var. Bir övladları var onun və 13 yaşı var. O, da mübahisəli evdə onunla yaşayır. Onların həmin mənzilə bərabər hüquqları vardır. Həmçinin İddiaçı 2020-ci ildə onun mənzildən çıxarılmağı ilə bağlı iddia qaldırmış və iddia Şamaxı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(074)-417/2020 saylı qətnaməsi ilə təmin olunmamışdır, iddiaçı hazırda eyni məzmunlu ərizəni verərək, iddiasına sadəcə kompensasiya sözünü əlavə edərək iddia qaldırmışdır. Həmçinin iddiaçının təklif etdiyi 1500 manat kompensasiya məbləği ilə razı deyil. 35000 manat kompensasiya verildiyi təqdirdə həmin evdən çıxa bilər. Buna görə də hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İ № 326124 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 oğlu ilə XX Yeganə Məmi qızı arasındakı nikah 11.09.2007-ci il tarixdə Şamaxı rayon İHB-nin Şəhriyar qəsəbə nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11.09.2007-ci il tarixdə 62 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Zərbi-Müqəddim”, arvada “Zərbi- Müqəddim” soyadı verilmişdir. İş materiallarında olan AZE № 11550603 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 oğlu 30.12.2008-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında ümumi sahəsi 60.5 kv.m olan mənzil İddiaçı qıznın tam pay üzrə mülkiyyətindədir. İş materiallarında olan Şamaxı rayon İHB-nin Şəhriyar qəsəbə nümayəndəliyinin 10 mart 2021-ci il tarixli 164 saylı arayışından görünür ki, X1 bir azyaşlı övladı ilə birlikdə ünvan 2 ünvanda yerləşən 1 saylı mənzildə yaşayır. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 29.01.2021-ci il tarixli 2(105)-401/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(074)-417/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10,40 manat dövlət rüsumu İddiaçı özünə aid edilmişdir. İş materiallarında olan fıziki şəxs X12 tərəfındən verilmiş 27.06.2021-ci il tarixli arayışdan görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində hal-hazırda 1 otaqlı kirayə evin qiymətinin 50-60 manat civarındadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5.-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli Qərarında eyni zamanda qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəmə istinad edilən normalar baxımından hesab edir ki, bu cür mübahisələrdə kompensasiyanın miqdarını müəyyən edərkən ilk növbədə yaşayış binasının tərkib hissəsindən istifadə hüququ sahibinin bu hüququna xitam verilməzdən əvvəl, "yükdən" azad olacaq mənzildə qaldığı şəraitə diqqət yetirilməsi zəruridir. Belə ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ sahibinin, mülkiyyətçinin evində qaldığı şərtlər daxilində özünə başqa bir yaşayış yerini təmin edə bilməsi üçün nə qədər bir məsrəfə qatlanmalı olduğu nəzərə alınmalıdır. İşdən mübahisəsiz qaydada görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən mübahisəli mənzilə köçürüldükdən sonra o, həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir. Mübahisəli mənzil 1 yaşayış otağından, mətbəx və sanitar qovşaqdan ibarət olmaqla orta təmirlidir və bütün kommunal şəraiti vardır. Bundan əlavə kompensasiyanın miqdarını müəyyən edərkən diqqət yetirilməli məqamlardan biri də mənzilin yerləşdiyi çoğrafı ərazinin əhəmiyyətidir. Bu mənada məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ sahibi olan cavabdehin mübahisəli mənzildəki şərait və şərtləri, mənzilin yerləşdiyi ərazi nəzərə alındıqda mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi müqabilində 1500 manat təşkil edən kompensasiya məbləği mövcud ərazidə oxşar şəraitli ayrıca yaşayış sahəsi əldə etmək üçün ağlabatan məbləğ deyildir. Digər tərəfdən Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən Qərarında qeyd edildiyi kimi kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini nəzərdə tutmasa da, ona veriləcək kompensasiyanın məbləği elə müddət üçün hesablanmalıdır ki, bu müddətin bitməsinədək cavabdeh öz mənzil ehtiyaclarını sərbəst ödəmək imkanına malik olsun. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla isə müəyyən edilir ki, cavabdeh 2007ci ildən həmin mənzildə yaşayır və onun 30.12.2008-ci il təvəllüdlü bir övladı vardır. Onun maddi vəziyyəti müstəqil şəkildə özünün mənzil təminatını həyata keçirməyə imkan vermir. Bu baxımdan məhkəmə hesab edir ki, mülkiyyətçi tərəfindən cavabdehə təklif olunan kompensasiyanın məbləği (1500 manat) cavabdehin himayəsində olan azyaşlı uşağı ilə birlikdə mülkiyyətçinin hesabına davamlı surətdə müəyyən müddət ərzində başqa mənzildə yaşamalarını təmin edə biləcək məbləğ hesab edilə bilməz. Yəni, bu məbləğ onun öz maddi vəziyyətini normallaşdıranadək və mənzil tələbatlarını normal ödəmək imkanı əldə edənə qədər mənzil ehtiyaclarını alternativ yollarla təmin etməsi üçün yetərli deyildir. Məhkəmə həmçinin hesab edir ki, bu qənaət azyaşlı uşağın mənafeyinin mütləq surətdə nəzərə alınması ilə bağlı qanunvericiliyin tələblərinə də uyğundur. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə evdən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar