Məhkəmə qərarları › İş №2(074)-58/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-58/2025

13.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-58/2025 13.03.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bacısı 25 dekabr 1987-ci il təvəllüdlü X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı X4 anadan gəlmə xəstə olduğu üçün, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək müddətli 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Bacısı Lalə əqli cəhətdən xəstədir, 08 oktyabr 2007-ci il tarixdən hal-hazıradək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. Həkim komissiyasının məsləhətinə görə, mütəmadi başqasının yardımına ehtiyacı vardır. Lalənin xəstəxanaya getməsi və digər məsələlərdə müstəqil şəkildə hərətək etməsi qeyri- mümkündür. Lalənin hər hansı bir təşkilatda və yaxud sənədləşmə işlərində sərbəst şəkildə deyilənləri qavramaq və dərk etmək qabiliyyəti yoxdur. Bacısı sərbəst olaraq özünü idarə edə bilmir, ona qəyyum təyin edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Ərizəçi və iş üzrə maraqlı şəxs Şamaxı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda, ərizəçi məhkəməyə müraciət edərək, işə iştirakı olmadan baxılmasını və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən, işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X4 25 dekabr 1987-ci ildə Şamaxı şəhərində anadan olmuş, Şamaxı şəhəri, Səməd Vurğun küçəsi 10 saylı evdə qeydiyyatda olmaqla, yaşayır. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair 26 aprel 2024-cü il tarixli məlumatından görünür ki, 25 dekabr 1987-ci il təvəllüdlü X3 “M.S.S-nin üzvi xəstəliyi” diaqnozu qoyulmuş və ona ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının arayışında göstərilir ki, 1987-ci ildə anadan olmuş, Şamaxı şəhəri, Səməd Vurğun küçəsi ev 10-da yaşayan X4 həqiqətən xx.xx.2007-ci il tarixdən hal-hazıra kimi xəstəxanada stasionar müalicədədir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 13 dekabr 2024-cü il tarixli, 3673 saylı rəyindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X2 m.s.s-nin üzvi xəstəliyi nəticəsində yaranan psixi pozuntular (f06.8) müəyyən edilir. Yoxlanılan şəxs X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, L.Ərizəçi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Beləliklə, ünvan 1 ünvanında yaşayan xx.xx.1987-ci il təvəllüdlü X1 əqli cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, xx.xx.1987-ci il təvəlüldlü X4 psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2 maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Şamaxı şəhəri, Səməd Vurğun küçəsi 10 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1987-ci il təvəllüdlü X4 öz psixi vəziyyətinə görə, hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Şamaxı şəhəri, Səməd Vurğun küçəsi 10 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1987-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar