Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-585/2021 01.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.06.2019-cu il tarixli müqavilə üzrə 1 ədəd “X1 6 PRO” markalı telefon üçün 228 manat ödənilməmiş hissə, 22 manat cərimə, 01.08.2019-cu il tarixli müqavilə üzrə 1 ədəd “Samsung Galaxy A10” markalı telefon üçün 220 manat ödənilməmiş hissə, 22 manat cərimə olmaqla, ümumilikdə 492 manat və 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 512 manat borcun Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC-dən 07.06.2019-cu və 01.08.2019-cu il tarixli müqavilələr üzrə 1 ədəd “X1 6 PRO” markalı telefon, 1 ədəd “Samsung Galaxy A10” markalı telefon almış və nəticədə 492 manat borcu yaranmışdır. Cavabdeh 07.06.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş, nəticədə iddiaçıya 228 manat əsas, 22 manat cərimə olmaqla, cəmi 250 manat borcu qalmışdır. Cavabdeh 01.08.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş, nəticədə iddiaçıya 220 manat əsas, 22 manat cərimə olmaqla, cəmi 242 manat borcu qalmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 599 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 15.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və 19.04.2021-ci il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan poçt xəbərnamədən görünür ki, Cavabdeh qeydiyyatda olduğu ünvanına göndərilmiş məhkəmə bildirişi 22.04.2021-ci il tarixdə qəbul edilmişdir. Cavabdeh məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazla məhkəməyə müraciət etməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, məhkəmə bildirişini almış Cavabdeh iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. MPM-in 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan 07.06.2019-cu il tarixli № 00709487 saylı müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 1 ədəd “X1 6 PRO” markalı telefon almışdır. İş materiallarında olan 01.08.2019-cu il tarixli № 00819000 saylı müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 1 ədəd “Samsung Galaxy A10” markalı telefon almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-yə 07.06.2019-cu il tarixli müqavilə üzrə 228 manat əsas, 22 manat cərimə olmaqla, cəmi 250 manat, 01.08.2019-cu il tarixli müqavilə üzrə 220 manat əsas, 22 manat cərimə olmaqla, cəmi 242 manat borcu vardır. İş materiallarında olan 17.08.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh 07.06.2019-cu və 01.08.2019-cu il tarixli müqavilələr üzrə mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 05.04.2021-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh iddiaçı “xxxx” MMC-dən ilə qanunvericiliyə uyğun olaraq müqavilələr bağlamış, lakin müqavilələrin şərtlərini pozaraq xəbərdarlıq edilməsinə baxmayaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Nəticədə iddiaçı “xxxx” MMC-yə 07.06.2019-cu il tarixli müqavilə üzrə 228 manat əsas, 22 manat cərimə olmaqla, cəmi 250 manat, 01.08.2019-cu il tarixli müqavilə üzrə 220 manat əsas, 22 manat cərimə olmaqla, cəmi 242 manat borcu yaranmışdır. İddiaçı məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 429.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 07.06.2019-cu il tarixli müqavilə üzrə 228 manat əsas, 22 manat cərimə olmaqla, cəmi 250 manat, 01.08.2019-cu il tarixli müqavilə üzrə 220 manat əsas, 22 manat cərimə olmaqla, cəmi 242 manat, ümumilikdə isə 492 manat borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 07.06.2019-cu il tarixli müqavilə üzrə 228 manat əsas, 22 manat cərimə olmaqla, cəmi 250 manat, 01.08.2019-cu il tarixli müqavilə üzrə 220 manat əsas, 22 manat cərimə olmaqla, cəmi 242 manat, ümumilikdə isə 492 manat borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-585/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-585/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver