Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-605/2020 25.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış xx xxxxxx 2019-cu il tarixli MAS-1557 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli MAS-1557 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektinin yararsız vəziyyətə düşdüyü xx.xx.2020-ci il tarixə 10728,45 manat əsas məbləğ və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli MAS-1557 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, Khazar LX minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630002 ban nömrəli ağ rəngli avtomobil 10800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 385,05 manat, ümumilikdə isə 13862 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 13862 manatın 10800 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan Khazar LX minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə istifadəyə yararsız vəziyətdə şirkətin müvəqqəti duracağında yerləşdirilmiş və servis mərkəzinin qüsur aktına əsasən avtomobil tam yararsız vəziyyətdədir. Daxili lizinq müqaviləsinin 5.4-cü bəndinə əsasən, lizinq obyekti məhv olduqda, oğurlandıqda həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etməyi dərhal həyata keçirməlidir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxxxx 2019cu il tarixdə 385 manat məbləğində olmuşdur. Cavabdeh lizinq şirkətinə ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olunması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərq xx xxxxxx 2020-ci il tarixə 10728,45 manat olmuşdur. Daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daxili lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Daxili lizinq müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Daxili lizinq müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Daxili lizinq müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. Daxili lizinq müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Odur ki, iddiaçı, İddiaçı MMC ilə bağlanmış xx xxxxxx 2019-cu il tarixli MAS-1557 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli MAS-1557 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektinin yararsız vəziyyətə düşdüyü xx.xx.2020-ci il tarixə 10728,45 manat əsas məbləğ və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı MMC məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № MAS-1557 saylı daxili lizinq müqaviləsindən görünür ki, Cavabdeh lizinq müqaviləsinə 1 saylı əlavədə nəzərdə tutulmuş lizinq obyektini 36 ay müddətinə illik 17 faizlə lizinq yolu ilə əldə etmişdir. Lizinq müqaviləsinin əsas məbləği 10800 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № MAS-1557 saylı daxili lizinq müqaviləsinə xx.xx.2019-cu il tarixli 1 saylı əlavənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli № MAS-1557 saylı daxili lizinq müqaviləsinin obyekti Khazar LX minik markalı, NVABA1HHFLF630002 ban nömrəli, ağ rəngli, 10800 manat məbləğində olan avtomobildir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh Khazar LX minik markalı, NVABA1HHFLF630002 ban nömrəli, ağ rəngli, 10800 manat məbləğində olan avtomobili təhvil almışdır. İş materiallarında olan AD № 666735 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Khazar LX minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630002 ban nömrəli, ağ rəngli avtomobilin sahibi İddiaçı MMC-dir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-nin mülkiyyətində olan Khazar LX minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə manevr qaydalarını pozaraq idarəetməni itirmiş, nəticədə yolun sol hissəsində olan səkinin üzərinə çıxmış, ağaca, işıq dirəyinə və qaz borusunun dirəyinə dəymişdir. Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Khazar markalı, **- PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yerində texniki baxış zamanı avtomobilin tam yararsız vəziyyətdə olduğu aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № 240 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MAS-1557 saylı daxili lizinq müqaviləsinin 7 gün ərzində birtərəfli qaydada ləğv ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № 771 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2019-cu il tarixli № MAS- 1557 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə olan 10728,45 manat məbləğində olan borcu ödəməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olundu ki, aralarındakı xx.xx.2019-cu il tarixli № MAS-1557 saylı daxili lizinq müqaviləsinə iddiaçı mülkiyyətində olan Khazar LX minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh, hər ay 385,05 manat olmaqla lizinq obyektinin dəyəri üzrə 10800 manat, faiz üzrə 3062 manat olmaqla cəmi 13862 manat məbləğində pulu 36 ay müddətində iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüş, ödənişlərin gecikdirildiyi hər təqvim günü üçün lizinq ödənişinin 0.3 % cərimə ödəyəcəyini vəd etmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixdə törətdiyi inzibati xəta nəticəsində lizinq obyekti məhv olmuşdur. Lizinq obyektinin məhv olunması anına cavabdehin iddiaçıya lizinq əmlakının qalıq dəyəri və lizinq muzdu üzrə faizlərin qalığı üzrə 10728,45 manat borcu yaranmışdır. Cavabdeh öhdəliyini icra etməmiş və yaranmış borcunu ödəməmişdir. İddiaçı daxili lizinq müqaviləsinin ləğv edilməsini, eləcə də yaranmış borcu ödəməsini cavabdehə təklif etmiş, lakin cavabdeh bu təklifə münasibət bildirməmişdir. İddiaçı hazırkı iddia üzrə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. MM-in 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. MM-in 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. MM-in 748-1.12-ci maddəsinə əsasən lizinq verənin, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə (748-1.12.3); lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə (748-1.12.4) pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. MM-in 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. MM-in 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, lizinq müqaviləsinə əsasən cavabdehin öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etməsi, təqsirli hərəkəti nəticəsində məhv olmuş lizinq obyektinin qalıq dəyəri və lizinq muzdunun faizlərinin qalığı üzrə ümumilikdə 10728,45 manat borcunun yaranması, bununla da əmlakı məhv olmuş iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması tam təsdiq olunduğundan, eləcə də iddiaçı lizinq obyektinin qalıq dəyərinin və lizinq muzdu üzrə faizlərin özünə ödənilməsini tələb etmək hüququna malik olduğundan, tərəflər arasındakı lizinq müqaviləsi ləğv edilməli, lizinq obyektinin qalıq dəyəri və lizinq muzdunun faizləri üzrə 10728,45 manat, habelə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-ı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli MAS-1557 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektinin yararsız vəziyyətə düşdüyü xx.xx.2020-ci il tarixə 10728,45 manat əsas məbləğ və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli MAS-1557 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-605/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-605/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver