Məhkəmə qərarları › İş №2(074)-605/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-605/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-605/2021 08.07.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.01.2020-ci il tarixli müqavilə üzrə “İndoor Sazz” modem üçün 126 manat ödənilməmiş hissə, 38 manat cərimə, 17.01.2020-ci il tarixli müqavilə üzrə “HP Pavilion” kompüter üçün 1976 manat ödənilməmiş hissə, 436 manat cərimə, ümumilikdə 2576 manat borc və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 2606 manat borcun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC-dən 17.01.2020-ci il tarixli müqavilə üzrə “İndoor Sazz” modem, 17.01.2020-ci il tarixli müqavilə üzrə “HP Pavilion” kompüter almış və nəticədə 2576 manat borcu yaranmışdır. Cavabdeh 17.01.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş, nəticədə iddiaçıya 126 manat əsas, 38 manat cərimə olmaqla, cəmi 164 manat borcu qalmışdır. Cavabdeh 17.01.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş, nəticədə iddiaçıya 1976 manat əsas, 436 manat cərimə olmaqla, cəmi 2412 manat borcu qalmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 221 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “müştərinin” ödədiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə teleqram göndərərək, 08.07.2021ci il tarixdə olan iclasın onların iştirakı olmadan keçirilməsinə etirazlarının olmadığını bildirmiş, həmçinin iddianı müdafiə etdiklərini bildirərək qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin məhkəmə iclasında iştirak etməməsini üzürsüz hesab edərək mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17.01.2020-ci il tarixli № 20042599 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “HP Pavilion” markalı kompüter almışdır. İş materiallarında olan 17.01.2020-ci il tarixli № 20042622 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “İndoor Sazz” markalı modem almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnın "xxxx" MMC-yə 17.01.2020-ci il tarixli müqavilə üzrə “İndoor Sazz” markalı modemə görə 126 manat əsas, 38 manat cərimə olmaqla, cəmi 164 manat, 17.01.2020-ci il tarixli müqavilə üzrə “HP Pavilion” markalı kompüterə görə 1976 manat əsas, 436 manat cərimə olmaqla, cəmi 2412 manat borcu qalmışdır. Cavabdehnın ümumilikdə borcu 2576 manat təşkil edir. İş materiallarında olan 22.10.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 17.01.2020-ci il tarixli müqavilələr üzrə mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 15.04.2021-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq əşyanın nisyə alqı-satqısı barədə müqavilələr bağlanmışdır. İddiaçı (satıcı) müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyanı cavabdehə (alıcı) təhvil vermişdir. Cavabdeh (alıcı) isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı satdığı əşyaların dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddianın hər bir müqavilə üzrə ayrı-ayrılıqda hesablanmış cərimələrin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcun olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin cavabdehin vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 17.01.2020-ci il tarixli № 20042599 saylı müqavilə üzrə 436 manat, 17.01.2020-ci il tarixli № 20042622 saylı müqavilə üzrə 38 manat dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 17.01.2020-ci il tarixli № 20042599 saylı müqavilə üzrə 50 manat, 17.01.2020-ci il tarixli № 20042622 saylı müqavilə üzrə 20 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 17.01.2020-ci il tarixli № 20042599 saylı müqavilə üzrə 1976 manat əsas, 50 manat cərimə olmaqla, cəmi 2026 manat, 17.01.2020-ci il tarixli № 20042622 saylı müqavilə üzrə 126 manat əsas, 20 manat cərimə olmaqla, cəmi 146 manat, ümumilikdə isə 2172 manat borc və 30 manat məbləğində dövlət rüsumu tutulmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 17.01.2020-ci il tarixli № 20042599 saylı müqavilə üzrə 1976 manat əsas, 50 manat cərimə olmaqla, cəmi 2026 manat, 17.01.2020-ci il tarixli № 20042622 saylı müqavilə üzrə 126 manat əsas, 20 manat cərimə olmaqla, cəmi 146 manat, ümumilikdə isə 2172 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kim 30 manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar