Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-605/2024 29.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı cavabdeh “Azərqaz” İstehsalat Birliyinə qarşı “qanunsuz hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azərqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərqaz” İstehsalat Birliyinin ******* saylı 22 may 2023-cü il tarixli aktına əsasən ona hesablanmış 712,20 manat məbləğinin silinməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı sahibkarlıqla məşğul olur və onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu sexə yazılmış cərimənin silinməsini xahiş edir. İş materiallarından görünür ki, İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydiyyatdan keçmiş, lakin fəaliyyətini xx.xx.2024-cü il tarixdən dayandırmışdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qərarının 24-cü bəndində qeyd edilir ki, nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən Cavabdeh İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyrihökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Həmçinin nəzərə alınmalıdır ki, təbii inhisar subyektləri olan Cavabdeh İB, "xxxx" ASC, "xxxx" ASC-yə qarşı sahibkarlıq subyektlərinin, dövlət, bələdiyyə orqanlarının, eləcə də kommersiya məhkəmələrinə aid olduğu halda qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərin iddialarına, sonuncunun yerləşdiyi yer üzrə müvafiq kommersiya məhkəmələrində baxılması Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Həmçinin həmin Qərarın 28-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeydinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan prosessual normalardan göründüyü kimi, ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Mübahisənin kommersiya xarakterli olması hüquq münasibətinin məzmununu əks etdirir və mübahisə tərəflərinin qarşılıqlı münasibətinin mahiyyətini xarakterizə edir. Bu mübahisə iqtisadi subyektlər arasında yaranır və azad sahibkarlıq fəaliyyətindən irəli gəlir. Məhz ona görə qanunverici tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan mübahisələrə kommersiya məhkəmələrində baxılmasını müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsaəsn əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Azərqaz” İstehsalat Birliyinə qarşı “qanunsuz hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı cavabdeh “Azərqaz” İstehsalat Birliyinə qarşı “qanunsuz hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-605/2024
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-605/2024
29.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver