Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-634/2025 03.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşlarının ona tətbiq etdiyi 31 yanvar 2025-ci il tarixli, R 371370 nömrəli akta əsasən, hesabanmış 650 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 31 yanvar 2025-ci il tarixli, 371370 saylı aktın surətindən görünür ki, istifadəsində olan PAUD-MP 106 tipli, **********6 nömrəli elektrik sayğacına (abonent kodu **********00247) baxış keçirilən zaman, “sayğacın ekranı işləmir, göstərici çıxarmaq mümkün deyil, lakin sayğacdan yük keçir, abonent xüsusi üsul ilə sayğacın ekranını yandırıb” əsası ilə ona ümumilikdə 650 manat cərimə tətbiq edilmişdir. Lakin, həmin cərimə borcu barədə hər hansı sənəd verməmişdirlər. Həmin aktda yazılanlardan görünür ki, əməkdaşlar tərəfindən sayğacdan keçən yük ampermetrlə ölçülmüş və həmin sayğacın dəyişdirilərək, yeni sayğacla əvəz edilməsi qərara alınmışdır. Həmin vaxt "xxxx" ASC-nin əməkdaşlarının törətdiyi qanunsuz əməl odur ki, onlar cərimə yazmaq üçün heç bir bəhanə tapmamış və sonradan isə yazıblar ki, guya sayğacın ekranı işləmir, göstərici çıxarmaq mümkün deyil, guya abonent xüsusi üsul ilə sayğacın ekranını yandırıbdır. Sonda da yazıblar ki, guya bütün sənədləşdirmələr videoçəkilişlə aparılmış, lakin texniki səbəbdən həmin video silinibdir. Ümumiyyətlə, elektrik şəbəkəsindəki sayğaca qətiyyən heç vaxt o, müdaxilə etməmişdir. "xxxx" ASC-nin əməkdaşlarının özləri də gördülər ki, sayğaca müdaxilə etməyərək, heç bir qeyri-qanuni əməllər törətməmişdir. Lakin sonradan onlar xəbər göndərdilər ki, 650 manat cərimə borcunu ödəməlidir, əgər ödəməsə, istifadə etdiyi elektrik enerjisi xəttini ümumi şəbəkədən ayıra bilərlər. Ona verilmiş aktın surətində yazılanlar və həmçinin ona 650 manat cərimə yazılması tam əsassızdır. Belə ki, əgər elektrik sayğacının istismar müddəti çatdığına görə işləmirsə və yaxud bu sayğac əvvəldən texniki qüsurlu olubsa, bu onun təqsiri deyildir. Digər tərəfdən, əvvəldən texniki qüsurlu olması ilə əlaqədar işləmirdisə, belə halda bu fakt əvvəldən tez bilinərdi. Deməli sözügedən sayğacın əgər ekranı yanıbsa və göstərici çıxartmaq mümkün deyilsə, deməli onun istismar müddəti bitdiyinə görə, belə hal baş veribdir. Bunlar isə onun təqsirli olmağı anlamına gəlmədiyinə görə, heç bir halda cərimə edilməməli, ona yazılmış 650 manat cərimə borcu ləğv edilməlidir. Məhkəmənin hazırlıq iclasında İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşlarının ona tətbiq etdiyi 31 yanvar 2025-ci il tarixli, R 371370 nömrəli akta əsasən, hesabanmış 230,65 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, elektrik sayğacı yaşadığı fərdi yaşayış evinin daxilində yox, həyətdən çöldə, hasarda quraşdırılmışdır. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakı təmin edilməmişdir. Eyni zamanda, cavabdehin nümayəndəsi iddia tələbinə etiraz ərizəsini göndərərək göstərmişdir ki, iddiaçının Şamaxı rayonu, Quşçu kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla, **********00247 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları E.Əhmədov və R.Nəbiyev tərəfindən Şamaxı rayonu, Quşçu kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına Elektrik enerjisindən istifadə Qaydalarına uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının ekranının işləmədiyi, göstəricini çıxarmaq mümkün olmadığı, elektrik sayğacından yük keçdiyi və abonentin xüsusi üsul ilə sayğacın ekranını yandırdığı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar, “Elektrik enerjisindən istifadə Qaydalarının 8.17 bəndinin tələbinə uyğun olaraq, adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2025-ci il tarixli, R371370 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən xx.xx.2025-ci il tarixində Şamaxı EŞ-nim əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yenisi ilə əvəz edilərək, möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli, R371370 saylı akta əsasən, "xxxx" ASC-nin Şimal- Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə, abonentə sayğacdan keçən yükə uyğun 90 gün üçün 0.08 manatla 600 kvt.s (dəyəri 48.00 manat), 0.09 manatla 300 kvt.s (dəyəri 27.00 manat) və 0.13 manatla 4422 kvt.s (dəyəri 574.86 manat) toplamaqla, 649,86 manat dəyərində itirilmiş enerji hesabat) aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüf olmamış, iddiaçının faydalandırmaq niyyəti ilə, məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakın dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Bundan sonra, İddiaçı tərtib edilmiş qüsur aktı ilə razılaşmayaraq, Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinə (Ombudsman) ərizə ilə müraciət etmişdir. İddiaçının ərizəsi nəzərə alınmış və xx.xx.2025ci il tarixində MXİ0158 saylı protokola əsasən, aparılmış 649.86 manat enerji hesabatından 419.21 manatı silinərək, 230.65 manat saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Şamaxı rayonu, Quşçu kəndində yaşadığı fərdi yaşayış evi “Azərişıq" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla, **********00247 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarından görünür ki, Şamaxı rayonu, Quşçu kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına baxış zamanı, elektrik sayğacının ekranının işləmədiyi, göstəricinin çıxarmaq mümkün olmadığı, elektrik sayğacından yükün keçdiyi və abonentin xüsusi üsul ilə sayğacın ekranının yandırdığı aşkar edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixli, R371370 saylı akta əsasən, xx.xx.2025-ci il tarixdə Şamaxı EŞ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yenisi ilə əvəz edilərək, möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib olunmuşdur. "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 90 gün üçün 649,86 manat dəyərində itirilmiş enerji hesabat aparılmışdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı müraciəti əsasında xx.xx.2025-ci il tarixdə MXİ0158 saylı protokola əsasən, aparılmış 649.86 manat enerji hesabatından 419.21 manatı silinərək, 230.65 manat saxlanılmışdır. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı istehlakçı kimi Şamaxı rayonu Quşçu kəndində yerləşən fərdi yaşayış evində elektrik enerjisindən istifadə edir. Həmin ünvanda fərdi yaşayış evinin hasarının xarici tərəfində elektrik sayğacı quraşdırılmışdır. Şamaxı rayonu, Quşçu kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına baxış zamanı elektrik sayğacının ekranının işləmədiyi, göstəricinin çıxarmaq mümkün olmadığı, elektrik sayğacından yükün keçdiyi və abonentin xüsusi üsul ilə sayğacın ekranının yandırdığı aşkar edilmişdir. Tərtib edilmiş akta əsasən, abonentə 649,86 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Sonradan, iddiaçının müraciəti əsasında, aparılmış 649.86 manat enerji hesabatından 419.21 manatı silinərək, 230.65 manat saxlanılmışdır. Hazırda isə iddiaçı tərtib edilmiş aktı qanunsuz hesab edərək, həmin akt əsasında hesablanmış borcun silinməsini xahiş edir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün, enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin, elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda, təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən, məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən, məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.9-cu bəndinə əsasən, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin, yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə, hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin, mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün, ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 7.10-cu bəndinə əsasən, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Göründüyü kimi, məişət abonentlərinin yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə, enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Məhkəmə qeyd edir ki, elektrik sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, sayğaca müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin, iddiaçı tərəfindən elektrik sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Bu isə mübahisələndirilən aktda təsbit olunan məlumatların doğruluğuna əsaslı şübhələr yaradır və onun inandırıcı sübut kimi qəbul edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxdıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, elektrik sayğacına müdaxilə olunmasında iddiaçının təqsiri sübuta yetirilmədiyindən, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş R 371370 nömrəli, xx.xx.2025-ci il tarixli akt əsasında hesablanmış 230,65 manat borc İddiaçı abunə hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da, cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30,0 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş R 371370 nömrəli, xx.xx.2025-ci il tarixli akt əsasında hesablanmış 230,65 manat borc İddiaçı abunə hesabından silinsin. Cavabdeh "xxxx" ASC-dən 30,0 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-634/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-634/2025
03.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver