Məhkəmə qərarları › İş №2(074)-645/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-645/2021

07.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-645/2021 07.07.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Şamaxı rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinə qarşı “qanunsuz hörgü və tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Şamaxı rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizənin təmin edilməsi, ona məxsus Şamaxı rayon Şəhriyar qəsəbəsində yerləşən 3 mərtəbəli binanın birinci mərtəbəsindəki 16.0 kv. metr sahəyə malik evin pəncərə hissəsinin Cavabdeh1 tərəfindən tikilmiş daş hörgünün cavabdehin özü tərəfindən sökülməsi, mənzilinin həyətində mənzilinə bitişik əlavə tikililərin cavabdehlər tərəfindən sökülməsi, ödədiyi dövlət rüsumunun iddia tələbi təmin edildiyi halda Cavabdeh1 tərəfindən ona qaytarılmasının təmin olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 09 yanvar 1992-ci il tarixli 02 saylı orderin təsdiq edilmiş surətindən göründüyü kimi Şamaxı rayon Şəhriyar qəsəbəsində yerləşən 3 mərtəbəli binanın birinci mərtəbəsindəki 16.0 kv. metr sahəyə malik ev X4 adına verilmişdir. İş materiallarında olan AR-İİ № 091575 saylı, 03 iyul 2020-ci il tarixli etibarnamədən görünür ki, həmin 16 kv. metr sahəyə malik mənzil müvəqqəti yaşamaq üçün ona verilmişdir. Bu etibarnamə 03 iyul 2030-cu ilədək qüvvədədir. İş materiallarına daxil edilmiş Şamaxı rayon məhkəməsinin 2(074)-195/2020 saylı, 17 fevral 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, onun iddia tələbi əsasında gəlini Cavabdeh1 uşaqları ilə birlikdə həmin mənzildən çıxarılmaları qət edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ötən il icra edilmişdir. Məhkəməyə müraciət etməyinin səbəbi ondan ibarətdir ki, o, gəlini Cavabdeh1 uşaqları ilə birlikdə məhkəmənin qərarı ilə mənzildən çıxartdırsa da o, sonradan evinin pəncərə hissəsini sökdürüb qanunsuz hörgü işləri aparmış və həm də evinə bitişik olmaqla həyətdə əlavə tikinti işləri aparmış, evinə gələn yolu kəsməklə özbaşınalığını davam etdirmişdir. Hal-hazırda onun yaratdığı problemi həll edə bilmir. Təqdim etdiyi fotoşəkillərdən aşkar görünür ki, cavabdeh həqiqətən də ona məxsus mənzildə özbaşına hörgü işləri aparmış və mənzili binanın 1-ci mərtəbəsində yerləşdiyindən qanunsuz olaraq mənzilinə bitişik həyət evi tikdirmişdir. Bütün bu qanunsuzluqlara rəvac verən isə Şamaxı rayon İcra Hakimiyyəti və onun yerli strukturlarıdır. Çünki İcra Orqanlarının belə qanunsuz hərəkətə göz yumaraq razılığı olmasa cavabdeh hamının gözü qarşısında bu cürə özbaşınalıq edə bilməz. Elə bu səbəbdəndir ki, bu barədə lazımi ölçü götürülməsi üçün dəfələrlə yerli İcra Orqanlarına müraciətlər etsə də nəticəsiz qalmışdır. Sonuncu dəfə Şamaxı rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Ceyhun Əbilhəsənova rəsmi ərizə ilə müraciət edib problemin həllinə köməklik etməsini ondan xahiş etmiş, daha sonra onun qəbulunda olub üzbəüz şikayət etsə də yenə nəticəsiz qalmışdır. Ceyhun Əbilhəsənovun ona cavabı “ərizənizi oxumuşam, əraziyə yerində baxmağa vaxtım yoxdur”. Ərizəsinə rəsmi cavab tələb edəndə onun cavabı yenə “vaxtım yoxdur” olmuş, “mən başqa işlərlə məşğulam” deyə bildirmişdir. Fakt görünür ki, İcra Strukturları ümumiyyətlə fəaliyyət göstərmirlər, hansı başqa işlərlə məşğul olurlar bilinmir. Halbuki Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin işi və fəaliyyəti onun qaldırdığı tipli problemlərin və özbaşınalıqların aradan qaldırılması olmalıdır. Beləliklə, təqdim etdiyi sənəd, sübut və fotoşəkillərdən göründüyü kimi onun öz mənzilindən qanunla müəyyən edilmiş qaydada istədiyi kimi istifadə etmək və ona sahib olmaq hüquqları ciddi şəkildə pozulmuşdur. Şamaxı rayon İcra Orqanları isə müraciətlərinə əhəmiyyət vermirlər. Hesab edir ki, Cavabdeh1 ona məxsus mənzilin pəncərə hissəsini sökərək orada daşla hörgü aparıb arakəsmə yaratması və həyətdə mənzilinə bitişik fərdi ev tikib yolunu darlaşdırması səbəbindən həm də təhlükəsizlik qaydalarının və binanın konstruksiyasının pozulmasına yol vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 onun xəbəri olmadan tikinti işləri aparmışdır. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Eyni zamanda məhkəməyə ərizə təqdim edərək özünün əsl iddiaçı ilə əvəz edilməsinə etirazının olduğunu bildirərək, iştirak etməsi üçün etibarnaməsinin olduğunu bildirir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək və iddia tələbinə öz etirazını bildirərək izahat verib bildirdi ki, iddiaçının iddia qaldırmaq üçün hüququ yoxdur. Buna görə iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 09 yanvar 1992-ci il tarixli 02 saylı orderin surətindən görünür ki, KXQC–2-də mexanik vəzifəsində işləyən X5 KXQC-2-nin balansından 3 mərtəbəli yaşayış binasının birinci mərtəbəsindən 1 otaqlı sahəsi 16,0 kv.m olan mənzil verilmişdir. İş materiallarında olan AR-İİ № 091575 saylı, 03 iyul 2020-ci il tarixli etibarnamədən görünür ki, X7 KMTQ-3 tərəfindən verilmiş 09.011992-ci il tarixli 02 saylı Orderə əsasən Şamaxı rayonu, Lenin sovxozu (Şəhriyar qəsəbəsi) ünvanında yerləşən ümumi sahəsi 16.0 kv.m olan 1 (bir) otaqlı mənzilin özəlləşdirilməsinə dair onu Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin Ərazi İdarəsində təmsil etməyi, adından lazımi sənədləşmə işləri aparmağı, lazımi sənədləri toplamağı, təqdim etməyi, hazır sənədləri götürməyi, kommunal xərcləri ödəməyi, rüsumları ödəməyi, ona çatası çıxarışı və texniki pasportu almağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün əməliyyatları etməyi İddiaçı etibar etmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(074)- 195/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1, azyaşlı övladları 13.10.2006-cı il təvəllüdlü X11, 16.12.2007-ci il təvəllüdlü X2 rayonu Şəhriyar qəsəbəsində yerləşən 3 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində iddiaçı X5 məxsus olan 16,0 kv.m sahəsi olan mənzildən çıxarılmışdır. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyətinin 24 may 2021-ci il tarixli № Ş-06-1038 saylı məktubunun surətindən görünür ki, İddiaçı müraciətinə əsasən ona gəlini Cavabdeh1 tərəfindən evinə gələn yolun zəbt edilməsi və ortaq divarda tikinti işlərinin aparması barədə rayon icra hakimiyyətinə daxil olmuş müraciətinizə baxıldığı, gəlini Cavabdeh1 ilə aralarında mülki mübahisə yarandığı, mübahisəyə qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmədə baxıldığı və Şamaxı rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(074)-195/2020 saylı qərar qəbul etdiyi, qərarın icrası ilə bağlı Şamaxı rayon icra və Probasiya şöbəsinə müraciət etməsi tövsiyə olunmuş, əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1 maddəsinə uyğun olaraq qonşu evlər arasında ən azı divar hündürlüyünün 0.3. hissəsi qədər ara məsafəsi saxlanılmalıdır. Həmin məcəllənin 71.2 maddəsinə görə ortaq divar qonşular arasında razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən, layihəyə uyğun sökülə və ya hər hansı tikinti işləri aparıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin 08.06.2021-ci il tarixli № 102-2-21/7631-21 saylı məktubundan görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 24 mənzilli xidməti bina “Aztelekom" MMC-nin (Kabel Təsərrüfatına Xidmət Mərkəzinin (əvvəlki X3 Qovşağının) balansındadır. Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 24 mənzilli xidməti binanın 1 nömrəli mənzili 09 yanvar 1992-ci ildə 02 saylı orderlə X6 xidməti istifadə üçün verilmişdir. Qeyd olunan xidməti binanın ətrafında yerləşən torpaq sahəsi heç kimin istifadə və ya icarəsinə verilməmişdir. Qeyd olunan məsələ ilə əlaqədar "xxxx" MMC tərəfindən heç bir fiziki və hüquqi şəxsə səlahiyyət verilməmişdir. Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 24 mənzilli xidməti binada inventarlaşdırma işləri həyata keçirilərkən vaxtilə "xxxx" MMC KTXM-nin (əvvəlki KMTQ-nin) işçilərinə verilmiş xidməti mənzillərlə bağlı bir sıra qanun pozuntuları və əlavə araşdırma tələb olunan nüanslar aşkar edilmişdir. Xidməti mənzillərin şəxsi mülkiyyətə keçməsi və başqa şəxslərə özgəninkiləşdirilməsi ilə bağlı tənzimləmələr istər Azərbaycan SSR-in Mənzil Məcəlləsinin müddəaları, istərsə də 30 iyun 2009-cu il tarixli Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edildi ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən mübahisəli mənzil “Aztelekom" MMC-nin balansındadır. 09 yanvar 1992-ci ildə 02 saylı orderlə X6 xidməti istifadə üçün verilmişdir. Sonradan həmin mənzil X8 tərəfindən iddiaçıya yaşamaq üçün verilmişdir. X1 onu təmsil etmək, müvafiq sənədləşmə işlərini onun adından aparmaq, sənədləri toplamaq üçün iddiaçıya etibarna vermişdir. Hazırda iddiaçı “Aztelekom" MMC-nin balansında olan mənzilin yaxınlığında tikilmiş hörgünün cavabdehin hesabına sökülməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı yaşadığı mənzilin pəncərə hissəsində tikilmiş hörgünün cavabdeh tərəfindən sökülməsini tələb etsə də o, həmin ona məxsus olmasını təsdiq heç bir sübut təqdim etməmişdir. Əksinə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin 08.06.2021-ci il tarixli məktubundan görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 24 mənzilli xidməti bina “Aztelekom" MMC-nin balansındadır. Həmin binanın 1 nömrəli mənzili 09 yanvar 1992-ci ildə 02 saylı orderlə X6 xidməti istifadə üçün verilmişdir. Qeyd olunan xidməti binanın ətrafında yerləşən torpaq sahəsi heç kimin istifadə və ya icarəsinə verilməmiş, həmçinin hazırki iddia ilə bağlı "xxxx" MMC tərəfindən heç bir fiziki və hüquqi şəxsə səlahiyyət verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, iddiaçının Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 3 mərtəbəli, 24 mənzilli xidməti binanın 1 nömrəli mənzilinə dair hər hansı bir hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Şamaxı rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinə qarşı “qanunsuz hörgü və tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Şamaxı rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinə qarşı “qanunsuz hörgü və tikilinin sökülməsi” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar