Məhkəmə qərarları › İş №2(074)-659/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-659/2024

01.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-659/2024 01.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərişıq“ ASC tərəfindən 26 fevral 2024-cü il tarixdə yazılmış NDM № 038961 saylı akta əsasən hesablanmış 1533.87 manat borc məbləğinin qismən, 1508,87 manat hissəsində silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. İşıq sayğacı küçədədir. SMART tiplidir. 20 fevral 2024-cü il tarixdə sayğaca pul yükləyib. Lakin, qəbul etməyib. İşıq İdarəsinə gedib müavin Rauf müəllimin yanında olub. Ona şifahi məlumat verib. Həmin vaxt sağ qolu çıxmışdır, odur ki, ərizəni rəsmi olaraq verə bilməyib. Kartı kampüterə salıb demişlər ki, düzəlib. Evə gəlib kartdakı pulu sayğaca yükləmək istəyib, lakin sayğac pulu qəbul etməyib. Həmin gün yenə Rauf müəllimin yanına gedib. Dedilər, gəlib baxarıq axşama kimi gözləyib, gəlməyiblər. İşıqlar da kəsilib. Bir gecə işıqsız qalmışlar. Səhəri o, yenə İşıq İdarəsinə gedib bildirib ki, daha belə olmaz onların borcu onun evini fasiləsiz işıqla təmin etməkdir. Evdə 90 yaşında xəstə anası var, işıqsız mümkün deyil. Amma 2 gündür ki, o, qoca anası əziyyət çəkirlər. Onlara sonucu dəfə xəbərdarlıq edib ki, bu gün axşama kimi gəlib bu sayğacını dəyişməsələr, elektrik verilişini birbaşa qoşacaqdır, yenə deyiblər ki, getsin gələcəklər. Axşama kimi gözləyib. Heç kəs gəlməyib. O da məcbur olub işığı bir başa sayğacdan kənar qoşmuşdur, 26 fevral 2024-cü il tarixdə işıq idarəsindən işçilər gəlib xətti sayğaca qoşub, 4 gün üçün 1533,87 manat əlavə ziyan yazıblar. Özü də bildirdilər ki, bu ziyan ödənməsə sayğac dəyişilməyəcək, xətt bərpa olunmayacaq. Onun isə bu qədər pulu ödəməyə imkanı yoxdur. Ünvanlı sosial yardım alır. Heç bir yerdə işləmir. Özü də xəstədir. Ürəyindən açıq əməliyyat olunmuşdur. İşləyə bilmir. Başa düşür ki, səhv etmişdir. Buna cavabdehlər onu məcbur edib. Amma insaf yaxşı şeydir. O, qış mövsümündə bir ayda 25-30 manatlıq elektrikdən istifadə edir. 4 gündə bu olsun 4 manat. Hətta olsun bir ayın sərfiyyatı. Amma, bunlar 6 il 3 ayın pulunu ona ziyan kimi yazmışlar. Bu ki, ədalətsizlikdir. 25 manat ziyan saxlanılmaqla qalan məbləğin silinnməsini istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şamaxı şəhəri, N.Hikmət küçəsində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********05761 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2024-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları A.Hüseynov və M.Əliyev tərəfindən Şamaxı şəhəri, N.Hikmət küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu aşkar edilmişdir. Kənar xətt sayğacın çıxış xəttinin qutunun içərisində ayrıcından açılaraq sayğacı qidalandıran SİP xəttinin sayğaca qədər olan hissədə xüsusi sıxaca qoşmaqla çəkilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydalarının 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2024-cü il tarixli, NDM № 038961 saylı akt tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli, NDM № 038961 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 180 gün üçün 0.08 manatla 404 kvt.s (dəyəri 32.32 manat), 0.09 manatla 466 kvt.s (dəyəri 41.94 manat) və 0.13 manatla 11226 kvt.s (dəyəri 1459.38 manat) toplamda 1533.64 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. “EEİQ”-nin 8.17-1 İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24-saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “EElQ”-nın 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1 -ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır, istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 7.11 -ci bəndinin tələbinə görə “...Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlİK daşıyır". Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsus Şamaxı şəhəri, N.Hikmət küçəsində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2024-cü il tarixli NDM № 038961 saylı akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib edilmişdir. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “26 fevral 2024-cü il tarixli NDM № 038961 saylı akt əsasında qanunsuz olaraq hesablanmış 1533.87 manat borc məbləğinin qismən silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğac üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan **********05761 saylı abunə haqqında məlumat sənədindən görünür ki, İddiaçı "xxxx" ASC-yə sayğac oxunması üzrə 2423,22 manat, aktlar üzrə 1731,17 manat borcu vardır. İddiaçı 2617,01 manat ödəniş etmişdir. İş materiallarında olan 26 fevral 2024-cü il tarixli NDM 038961 saylı aktın surətindən görünür ki, "xxxx" ASC-nin Şimal-Qərb RETSl-nin Şamaxı EŞ-nin əməkdaşları A.Hüseynov və M.Əliyev tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış zamanı fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu aşkar edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ünvan 1 ünvanında X2 tərəfindən mülkiyyətində olan mənzilə quraşdırılmış sayğac vasitəsi ilə **********05761 abunə kodu altında elektrik enerjisindən istifadə edir. X1 əməkdaşları tərəfindən sayğaca baxış keçirmiş və fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli, NDM 038961 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 180 gün üçün 0.08 manatla 404 kvt.s (dəyəri 32.32 manat), 0.09 manatla 466 kvt.s (dəyəri 41.94 manat) və 0.13 manatla 11226 kvt.s (dəyəri 1459.38 manat) toplamda 1533.64 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İddiaçı akt üzrə ona qanunsuz hesablanmış 1508,87 manat cərimənin silinməsini tələb etmiş, iddiasını küçədə quraşdırılmış sayğac üçün istehlakçının cavabdehlik daşımaması ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, yaranmış qüsur nəticəsində dəyəri ödənilməmiş enerji sərfiyyatını 1 ay ərzində ödəməsini iddiaçıdan tələb etməli və ödəniş aparılmadığı halda enerjinin verilməsini dayandırmaqla zərərin qarşısını almaq üçün ağlabatan tədbirlər görməli olan cavabdeh müvafiq hərəkətləri etməyərək zərərin miqdarının artmasına kömək göstərdiyindən, o, itirilmiş enerjinin bərpası üzrə iddiaçıya sərfiyyatı 180 gün üçün hesablamışdır. Məhkəmə qeyd edilənlərə əsasən sərfiyyatın 30 gün (bir ay) üçün ((4,0 kvt x 24 saat x 0,7 x 30 gün) = 2016 kvt x 0.13 = 262,08 manat) 262,08 manat məbləğində hesablanmalı olduğu nəzərə alaraq, 1271,56 manat borcun iddiaçıya əsassız hesablandığı nəticəsinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 1271,56 manat pul iddiaçının abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək onun evinə kənar xəttin "xxxx" ASC-nin işçiləri tərəfindən qoşulduğunu bildirsə də bunu təsdiq edən sübutlarını ərizəsinə əlavə etməmiş, həmçinin məhkəmə iclası zamanı da təqdim edə bilməmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 9.13.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə istehlakçıya elektrik enerjisinin verilməsi dayandırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib olunmuş 26 fevral 2024-cü il tarixli, NDM 038961 saylı Akta əsasən itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 1271,56 manat ziyan məbləği İddiaçı abunə hesabından silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar