Məhkəmə qərarları › İş №2(074)-71/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-71/2025

24.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-71/2025 24.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borc məbləğinin silinməsinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış borcun onun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh İB tərəfindən onun abonent hesabına akt əsasında hesablanmış 2073,60 manat cərimə və 2017-ci ildə qanunsuz hesablanmış 1853,16 manat borc olmaqla, cəmi 3926,76 manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şamaxı şəhəri Çuxuryurd kəndi ev 127 də yaşayır. Abonent kodu **********01270. Qeyd olunan ünvanda çox az hallarda yaşayır. Onlar məcburi köçkün ailəsidir. Kəlbəcər rayon qaçqınıdır, oğlunun evində yaşayır. xx.xx.2022-ci ildə Cavabdeh İB-nin nümayəndələri gəlib demişdirlər ki, onlar qazdan qeyri-qanuni xətt ilə sayğacsız istifadə edirlər. O da, icazə vermişdir ki, xətlərə baxış keçirsinlər. Sayğacsız olan qaz xəttindən heç bir cihaz vasitəsi ilə istifadə etməmişdir. Cavabdeh İB-nin Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktında sayğacdan kənar qeyri-qanuni xətt ilə qazdan istifadə halına görə qanunsuz olaraq şəxsi hesabına 2073.60 manat məbləğində cərimə yazıblar. Tamamilə qanunsuz iş görüblər. Digər məcburi köçkünlər kimi, ona da, 2017-ci ilin mart ayında 1853 manat borc yazılmışdır. Smart kart sayğac qoyublar yüklədiyi pulun yarısı əvvəlki borca çıxılır. Mövcud qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə görə, həmin sayğacda olan hər hası qüsura görə abunəçi olaraq məsuliyyət daşımır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi əlavə olaraq bildirdi ki, 2010-cu ildə 7 ailə üçün ümumi sayğac quraşdırılıbdır. 2016-cı ildə isə hər ailəyə ayrıca sayğac quraşdırılıb və 2017-ci ildə Smart sayğac quraşdırılanadək, təbii qazdan istifadəyə görə onlara bildiriş təqdim olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmişdir. Cavadbehin nümayəndəsi Xəyyam Əlizadə iddia tələbinə dair etiraz ərizəsində göstərmişdir ki, Cavabdeh Ağsu X4 İdarəsinin Şamaxı XS-də abonent kimi qeydiyyatda olan İddiaçı mənzilinə 2010-cu ilin oktyabr ayında sayğac quraşdırımış, abonentin qaçqın statusu olduğundan, abonentə 2016-cı il tarixə kimi qaçqın limiti ayrılmışdır. Lakin, cavabdeh 2010-cu ildən 2016-cı ilin oktyabr ayına kimi dövlət tərəfindən nəzərdə tutulmuş limitdən artıq təbii qaz istifadə etmişdir. Belə ki, İddiaçı 2011-ci il üçün 98 manat, 2012-ci ili üçün 150 manat, 2013-cü il üçün 168 manat, 2014-cü ili üçün 168 manat 2015-ci ili üçün 168 manat və 2016-cı il üçün 103 manat, ayrılmışdır. Lakin, abonent İddiaçı ayrılmış limitdən artıq istifadə edərək, 2016cı ilin oktyabr ayına kimi 1853.13 manat manat borcu yaranmış və yaranmış borc abonent bazasında öz əksini tapır. Ağsu RQİİ-nin Şamaxı XS tərəfindən cavabdehə hər ay təbii qazdan istifadə ilə bağlı borcunun olması ilə bağlı bildiriş təqdim edilmişdir. Cavabdehə sayğac quraşdırıldığı tarixdən etibarən istifadə etdiyi təbii qaza görə bir dəfə olsun belə könüllü ödəniş aparmamışdır. İddiaçı mənzilinə 2016-cı ilin noyabr ayında SMART-kart tipli qaz sayğacı quraşdırılmışdır. 2017-cı il tarixdən hazırki vaxta kimi abonent tərəfindən hər dəfə kartla ödəniş edildiyi zaman, həmin məbləğin 20%-i həcmində ümumilkdə 242.9 manat tutularaq, abonent bazasında olan borcdan silinmişdir. Cavabdeh 2016-cı il tarixdən aparmış olduğu ödənişlərdən tutulmaların aparılmasınından məlumatlı olmuş və borcun həmin formada tutulmasına razı olmuşdur. Belə ki, cavabdeh tərəfindən 2016-cı ilin sentyabr ayından başlayaraq, keçən 7 il ərzində borcundan aparılan tutulmalarla bağlı hər hansı bir narazılıq olmamışdır. Bundan əlavə, Şamaxı XS-nin əməkdaşları xx.xx.2022-ci il tarixdə Cavabdeh İB-nin Ağsu RQİİ-nin Şamaxı XS-nin əməkdaşları tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən, qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq, aktlaşdırılmış və bu halı təsbitləyən fotoçəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar tərtib edilmişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 17280 m3 - 2073.60 (iki min yeddi yüz üç manat altmış qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır. Eyni zamanda, cavabdeh İddiaçı ilə Cavabdeh İB arasında qazdan istifadə ilə bağlı 2022-ci il tarixdə müvafiq qaydada müqavilə bağlanmışdır. Cavabdehə Birliyin işçiləri tərəfindən 3460.06 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında “356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanında deyilir ki, işlədilən hər kub metr qazın dəyəri ödənməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qazdan istifadə qaydaları haqqında Qərarın 6.5 bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə, qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Odur ki, Şamaxı rayonu Çuxuryurd kəndində yaşayan İddiaçı Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 2073.60 manat borcun və 2017-ci ildə əsassız hesablanmış 1853 manat borc məbləğinin, ümumilkdə 3926 manat borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.1956-cı il təvəllüdlü Mamedova X3 rayonundan məcburi köçkün kimi, Şamaxı rayonunun Çuxuryurd kəndində məskunlaşmışdır. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 06 iyul 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvanda yerləşən evinə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, abonentin qazdan istifadə qaydalarına zidd olaraq, sayğacdan kənar, qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməsi aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən 29 iyul 2022-ci il tarixdə təsdiq edilmiş hesabatdan görünür ki, İddiaçı məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin, cəmi 17280 kub metr olmaqla, ödənilməsi qərara alınmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonent İddiaçı 2022-ci ilin iyul ayına 2073,60 manat məbləğində qalıq və aktlar üzrə borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2025-ci il tarixli, 3/97 saylı rəydə göstərilir ki, tədqiqata təqdim edilmiş Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar olunmamışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yaşayan abonent İddiaçı 2017-ci ilin mart ayına təbii qazdan istifadə ilə bağlı 1853,13 manat borc hesablanmışdır. Göründüyü kimi, abonentin qazdan istifadə qaydalarına zidd olaraq, sayğacdan kənar, qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməsi barədə cavabdehin dəlilləri ekspert rəyi ilə təkzib olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxdıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Mamedova X3 rayonundan məcburi köçkün kimi, Şamaxı rayonunda məskunlaşmışdır. İddiaçı istehlakçı kimi yaşadığı Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə etmişdir. Abonent saldosuna əsasən, ondan tələb edilən borc məbləği 2010-cu ildən başlayaraq, 2016-cı ilədək hesablanmışdır. 2010-cu ildən iddiaçının yaşadığı Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən ünvanında Smart-kart tipli sayğac quraşdırılan tarixə, yəni 2017-ci ilin mart ayına kimi təbii qazdan istifadə ilə bağlı hesabat aparılmamışdır. İddiaçı bildirir ki, istifadə etdiyi təbii qazın dəyərini həmişə ödəmişdir. Göründüyü kimi, iddiaçıya 2010-2016-cı illər ərzində istifadə olunmuş təbii qaz borcuna dair bildiriş təqdim olunmamışdır. Halbuki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən, tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə, qaz paylayıcısı istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda, qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi, qanunvericilikdə istehlakçıya verilmiş qazın dəyərinin qaz sayğacının göstəricilərinə əsasən, qaz paylayıcısı tərəfindən hər ay üzrə hesablanması, növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim edilməsi, qazın sayğacla müəyyənləşdirilən hesabının istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətində tam ödənilməsi və müvafiq hesabın istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətində tam ödənilmədiyi halda, qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildirişin göndərilməsi nəzərdə tutulmuşdur. Lakin, qanunla nəzərdə tutulmuş qeyd olunan tələblərin yerinə yetirilməsi iş materialları ilə müəyyən olunmur və bununla bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçının sayğacdan kənar, qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməsində təqsiri sübuta yetirilmədiyindən, həmçinin, iddiaçının 2010-2016-cı illər ərzində təbii qazdan istifadəyə görə borcunun olması təsdiq olunmadığından, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən tərtib edilmiş 06 iyul 2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 2073,60 manat və hesablanmış 1853,13 manat borc İddiaçı **********01270 nömrəli abonent kodundan silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da, cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatdan yuxarı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 59,27 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 manat pul cavabdehdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən açıq məhkəmə iclasında baxaraq, və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş 06 iyul 2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 2073,60 manat və hesablanmış 1853,13 manat borc İddiaçı **********01270 nömrəli abonent kodundan silinsin. Cavabdehndən 59,27 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Cavabdehndən 110 manat məbləğində ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar