Məhkəmə qərarları › İş №2(074)-793/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-793/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-793/2021 02.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında 270 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumu ilə birlikdə, ümumilikdə 300 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 23 may 2020-ci il tarixli, 000590 №-li alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC-dən 120 manat dəyərində “Zln 3703” növlü, 130 manat dəyərində “Sin pro 9700” növlü və 130 manat dəyərində “Fen ütü makst 5517” növlü əşya almışdır. Eyni zamanda alqı-satqı müqaviləsi bağlanarkən müqaviləyə uyğun olaraq hər bir mal üçün ayrılıqda 10 azn həcmində ilkin ödəniş etmişdir. Müqaviləyə əsasən 380 manat ümumi məbləğdən 30 manat ilkin ödəniş etdikdən sonra qalıq məbləğ 350 manat etmişdir. Bu isə 9 aylıq ödəmə şərti ilə ilk 5 ayda hər aya 40 manat, növbəti 3 ayda hər aya 45 manat, son ay isə 15 manat ödəniş edir. Daha əvvəllər borcluya bir neçə dəfə şifahi xəbərdarlıq edilməsinə, onunla söhbət aparılmasına baxmayaraq borclu heç bir ödəniş etməmişdir. Sonuncu dəfə isə Cavabdeh ödənişlə əlaqədar 07.06.2021-ci il tarixində pretenziya məktubu göndərilmiş və ödəmə üçün 3 günlük müddət təyin edilmişdir. Lakin borclu yenə də ödəniş etməmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 23.05.2020-ci il tarixli № 000590 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 120 manat dəyərində “Zln 3703” növlü, 130 manat dəyərində “Sin pro 9700” növlü və 130 manat dəyərində “Fen ütü makst 5517” növlü əşya almışdır. İş materiallarında olan 07.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 23.05.2020-ci il tarixli № 000590 saylı alqı-satqı müqaviləsi üzrə 270 manat borcu vardır. İş materiallarında olan 07.06.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 23.05.2020-ci il tarixli № 000590 saylı alqı-satqı müqaviləsi üzrə mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 11.06.2021-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, məhkəmə bildirişini almış Cavabdeh iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Cavabdeh isə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda 20 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə xərclərlə bağlı məsələni araşdıraraq hesab edir ki, iddiaçının tələbi 500 manatdan az olduğundan və iddiaçı məhkəməyə müraciət edərkən 20 manat məbləğində dövlət rüsumu ödəməli olduğundan, məhkəmə xərclərinə daxil olan dövlət rüsumunun 20 manatı cavabdehə aid edilərək ondan tutulmalı və qalan 10 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 23.05.2020-ci il tarixli № 000590 saylı alqı-satqı müqaviləsi üzrə 270 manat məbləğində əsas borc tutularaq İddiaçı MMC-nin hesabına ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 23.05.2020-ci il tarixli № 000590 saylı alqı-satqı müqaviləsi üzrə 270 manat məbləğində əsas borc və 20 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar